“Bu taktiki xarakter daşıyır” Siyasət

“Bu taktiki xarakter daşıyır”

Elxan Şahinoğlu: "Ermənistan parlamenti və əksər partiyalar Paşinyanın gəlişindən sonra küçədən qorxur"

"Ermənistanın baş naziri Nikol Paşinyanın istefa verməsi ilə, inqilabın birinci mərhələsi sona çatdı. Onun sözlərinə görə, ikinci mərhələdə Nikol Paşinyan kütləyə verdiyi vədləri həyata keçirməli və islahatlara başlamalıdır: "Əgər, Paşinyan yenidən fəaliyyətini populist çıxışlara və Robert Köçəryana qarşı mübarizəyə həsr edəcəksə, onda əhali yenidən meydanlara çıxacaq. Bu da Köçəryanın yenidən toparlanıb, Paşinyana qarşı hücuma keçməsinə əsas olacaq. Məhz Robert Köçəryan çalışacaq ki, Paşinyana qarşı dirəniş göstərsin, islahatlar davam etməsin". Ermənistanda seçki öncəsi cərəyan edən prosesləri dəyərləndirən Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə deyib ki, Paşinyan 6 ay müddətində yalnız fəaliyyətini Qarabağ klanını zərərləşdirməyə, dövlət institutlarında köhnə hakimiyyətin mənsublarını vəzifədən azad etməyə həsr etdi: "Paşinyan bu müddət ərzində inqilabı ölkədə davam etdirməklə, Serj Sərkisyanın parlament hakimiyyətinə son qoymaq üçün seçkilərin keçirilməsinə nail oldu. Həmçinin İrəvanda mer seçkilərində qalib gələrək, Respublika Partiyasını pat vəziyyətə saldı və reallıqla barışmasına nail oldu. Qeyd edim ki, baş nazir nə daxili, nə də xarici siyasətdə mühüm addımlar ata bilmədi. İqtisadi və sosial vəziyyət barədə verdiyi sözlər, söz olaraq qaldı".
Məhəmməd Əsədullazadə qeyd edib ki, bu müddət ərzində Nikol Paşinyan yalnız iki mühüm məsələdə irəliləyişə nail oldu: "Birincisi, növbədənkənar parlament seçkilərinin keçirilməsinə . İkincisi, Qarabağ münaqişəsi üzrə prezident İlham Əliyevlə bir neçə məsələdə razılığa gəlməyə. Hər iki faktor Paşinyana imkan verəcək ki, inqilabın ikinci mərhələsində islahatlara getsin. Təbii ki, bu islahatlar birbaşa Qarabağ konfliktinin həlli prosesi ilə aparılacaqsa, müsbət irəlləyişə nail olacaq. Əgər, Nikol Paşinyan hökuməti substantiv danışıqlara getməsə, Azərbaycan hərbi gücə üstünlük verəcək, bu da Paşinyanın reytinqinə və islahatlarına zərbə vuracaq.
Dekabrın 10-da keçiriləcək növbədənkənar parlament seçkilərinə kimi, Nikol Paşinyan baş nazir səlahiyyətlərini davam etdirəcək. Respublika Partiyasının və digər siyasi qüvvələrin hər hansı bir dirənişi gözlənilmir".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın istefası taktiki xarakter daşıyır. Onun sözlərinə görə, Nikol Paşinyan erkən parlament seçkisini dekabrın əvvəlində keçirmək istəyir: "Ancaq bunun üçün Konstitusiyaya görə birincisi baş nazir iztefa verməlidir, ikincisi parlament 14 gün ərzində yeni baş nazir seçməməlidir. Bu zaman seçki qanununa görə parlament avtomatik yeni parlament seçkisi təyin etməlidir". Politoloq hesab edir ki, Nikol Paşinyanın 14 günlə bağlı qəti təminatı olmasaydı istefa verməzdi: "Parlamentdəki partiyalar Paşinyanın yerinə başqasını baş nazir seçməyə risq etməyəcəklər. Çünki əks halda Paşinyan tərəfdarlarını küçəyə tökəcək. Ermənistan parlamenti və əksər partiyalar Paşinyanın gəlişindən sonra küçədən qorxur. Beləliklə, Paşinyanın 5 aylıq hakimiyyətinə ara verildi. Paşinyan küçədən qazandığı reytinqi hələ itirməyib, elə ona görə parlament seçkilərini tez keçirməyə çalışır. Korrupsiya ilə mübarizə ona xal qazandırdı. İqtisadi islahat və xarici siyasətdə isə öyünüləsi uğuru yoxdur. Tam əksinə, Rusiya ilə münasibətlərdə inamsızlıq yaranıb, Qərbdən gözlədiyi siyasi və maliyyə dəstəyini isə əldə edə bilmədi. Ermənistanda ay yarım maraqlı proseslər cərəyan edəcək. Yenilər köhnələri, o cümlədən "Qarabağ klanını" həm hakimiyyətdən, həm də müxalifətdən uzaqlaşdırmağa çalışacaq. Paşinyan birincini həll edib, indi ikincini reallaşdırmalıdır. Bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi təsiri olacağı sualına isə gələn ilin əvvəlindən aydınlıq gəlməyə başlayacaq".