Türkiyə mediası Xocali soyqırımından yazıb Siyasət

Türkiyə mediası Xocali soyqırımından yazıb

Türkiyənin "Sözcü" qəzetində Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı məqalə yayımlanıb. "Xocalı soyqırımının 27-ci ili... Acı hadisə Xocalı Soyqırımında nələr baş verdi?" başlığı ilə yazılan məqalədə Xocalı qətliamının Qarabağ müharibəsi zamanında Xocalı qəsəbəsində baş verməsindən və azərbaycanlıların ermənilər tərəfindən kütləvi şəkildə öldürülməsindən yazılıb.
Məqalədə qeyd olunur ki, 1992-ci ilin 25 fevralından 26-na keçən gecə ermənilər bölgədəki 366-cı Alayın dəstəyi ilə giriş və çıxışı bağladılan Xocalı qəsəbəsində 83 uşaq, 106 qadın və 70-dən çox qoca daxil olmaqla, 613 nəfər öldürülüb, ümumilikdə isə 487 nəfər ağır yaralanıb. 1275 nəfər isə əsir götürülüb, 150 nəfər isə itkin düşüb. Cəsədlər üzərində aparılan araşdırmalarda bir çoxunun yandırıldığı, gözlərinin çıxarıldığı, başlarının kəsildiyi qeyd olunub. Eyni zamanda, hamilə qadınlar və uşaqlar da bu vəhşiliyə məruz qalıb.
Bundan başqa, digər Türk mediası olan "CNN Türk" də xəbərlər bölməsində Xocalı həqiqətlərinə yer ayırıb. "Xocalı Soyqırımının 27-ci ili" adlanan məqalədə bildirilir ki, 27 il əvvəl bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsində, Xocalı qəsəbəsində qorxunc bir qətliam baş verib: "Qadın və uşaqların da olduğu 613 nəfər Ermənistan qüvvələri tərəfindən öldürülüb. Dünyanın səssiz izlədiyi hadisələri o vaxt "Hürriyet" müxbiri olan İrfan Sapmaz hər kəsə çatdırıb. Faciədən əvvəl Xocalı qəsəbəsində 3 min Azərbaycan ailəsi yaşayırdı. Bəzi ailələrin bütün üzvü öldürülüb, 700-dən çox uşaq isə yetim qalıb. Cəsədlər üzərində aparılan araşdırmalarda işgəncənin və vəhşi qətliamın izləri aşkarlanıb".