“İsrail Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir” Siyasət

“İsrail Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir”

Səfir: “Ölkəmiz Azərbaycanla təhlükəsizlik sahəsində və terrorla mübarizədə yaxından əməkdaşlıq edir”

“Dost ölkə və strateji tərəfdaşımız olan Azərbaycanda səfir olmaqdan qürur duyuram. Bütün dinlərin nümayəndələri təhlükəsiz şəraitdə Azərbaycanda yaşayırlar”.
Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik dünən keçirdiyi mətbuat konfransında deyib.
“Azərbaycanda olduğum üçün xoşbəxtəm. Martın 2-də İsraildə keçiriləcək seçkilərin nəticəsindən asılı olmayaraq, ölkələrimiz arasında münasibətlər daha da güclənəcək. Milli Məclisin sədri bu günlərdə İsraildə səfərdə olub və o, Dünya Holokost Forumunda iştirak edib. Bu forumda 100-ə yaxın ölkədən nümayəndə iştirak edib. Azərbaycan bu forumda təmsil olunan azsaylı müsəlman ölkələrindən biridir. Bu, sübut edir ki, Azərbaycan yəhudi xalqının dostudur. Bizim münasibətlərimiz strateji xarakter daşıyır”, - deyə C. Dik vurğulayıb.
“İsraillə Azərbaycanla təhlükəsizlik sahəsində və terrorla mübarizədə yaxından əməkdaşlıq edir”-deyən
səfir bildirib ki, 2016-cı ildə İsraildən Azərbaycana 10 minə yaxın turist səfər edibsə, 2019-cu ildə ölkəsindən Azərbaycana gələn turistlərin sayı 60 min nəfər olub: “Azərbaycan səfər İsrail vətəndaşlarını heyran qalır. Biz turizm sahəsində bir sıra uğurlar qazanmışıq”.
C. Dik qeyd edib ki, Azərbaycan gələn ay İsraildə keçiriləcək beynəlxalq turizm sərgisində pavilyonla təmsil olunacaq: “Azərbaycandan olan nümayəndə heyəti gələn həftə kiber texnologiyalarla bağlı İsraildə keçirilən keçiriləcək tədbirə də qatılacaq. Azərbaycanda kənd təsərrüfatı sahəsində İsrailin innovasiyaları və texnologiyaları istifadə olunur. Mən əlimdən gələni edəcəyəm ki, iki ölkə arasında münasibətlər güclənsin”.
“İsrail Xarici İşlər Nazirliyi tərəfindən ölkə vətəndaşlarına Azərbaycana səfər etməməklə bağlı xəbərdarlıq edilməyib. Əksinə XİN onları Azərbaycana səfər etməyə çağırır”,-deyə vurğulayan diplomatın sözlərinə görə, İsrail XİN bəzi hallarda bir sıra ölkələrdə yaşayan vətəndaşlarına xəbərdarlıq edir ki, bu, daha çox təhlükəsizliklə bağlı olur.
“Azərbaycan cənubda İranla sərhəddir. İran İsraili məhv etməyə dair çağırışlar edir. İsrail XİN isə bu barədə vətəndaşlarımızı məlumatlandırır”, - deyə səfir qeyd edib.
C. Dik qeyd edib ki, İsrail Azərbaycanın İkinci Dünya müharibəsində nasizmə qarşı mübarizədə verdiyi töhfəni yüksək dəyərləndirir: “İsrail və Azərbaycan dünyanın şiddətdən, terrorizmdən azad bir yer olması ilə bağlı fikirdə həmrəydir”.
“İran on illiklərdir ki, İsraili dünya xəritəsində silməyə çalışır. İranda “İsrailə ölüm” çağırışları edir”-deyə səfir bildirib ki, İran regionda terrorçu qruplara yardım edir və onların vasitəsilə regionda qeyri-sabitlik yaratmağa çalışır.
“Biz İran xalqına hörmət edirik, onların rejimə qarşı mübarizəsini dəstəkləyirik. İran rejimi Tehran küçələrində tapdalanması üçün ABŞ və İsrail bayraqlarını yerə həkk etmişdilər. Lakin insanlar bunu etmədilər. Biz həmin insanlara hörmətimizi ifadə edirik. Əhalidən tutulan vergi məktəblər və xəstəxanaların inşa edilməsi yerinə, terrorçuluğa, Qasım Süleymaninin fəaliyyətinə sərf olunur. Bu, utandırıcı haldır”, - deyə səfir vurğulayıb.
Diplomat deyib ki, “bu gün İsrail dünyada böyüyən və inkişaf edən bir gücdür”.
Səfir ölkəsində Azərbaycanın səfirliyinin açılması məsələsinə də münasibət bildirib.
“Müxtəlif ölkələr İsraildə diplomatik nümayəndəliklərini açmaq istəyir və biz buna müsbət yanaşırıq. Azərbaycanın da İsraildə səfirliyinin açılmasına şad olarıq. Bu addım Azərbaycan tərəfindən atılmalıdır. Azərbaycan hökumətini bu addımı atmağa çağırırıq”, - deyə C. Dik qeyd edib.
“İsrail Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyir”-deyən Corc Dik vurğulayıb:”Biz münaqişənin nə olduğunu və nəticələrini yaxşı bilirik. İsrail ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir. Dağlıq Qarabağ münaqişəsi sülh və dialoq yolu ilə həll olunmalıdır. Tərəflər arasında əldə olunan razılaşmaya İsrail tərəfi də hörmət edəcək”.
“Bildiyiniz kimi, dünən ABŞ Prezidenti Donald Tramp İsrailin Baş Naziri Benyamin Netanyahu və ölkə müxalifətinin liderini gələn həftə Vaşinqtona dəvət edib. Onların Vaşinqtonda İsrail-Fələstin münaqişəsinin həlli ilə bağlı razılaşmanı müzakirə edəcəyi gözlənilir”-deyən diplomatın sözlərinə görə, ABŞ yeganə tərəfdir ki, həqiqi sülh səylərinə rəhbərlik edə bilər.
“Necə ki, ABŞ bunu daha əvvəl Misirdə, İordaniyada edib. Biz amerikalı dostlarımıza inanırıq. Onlar həqiqətən də regionda davamlı və həqiqi sülhün əldə olunmasında maraqlıdırlar. Biz hamımız Tramp administrasiyasının addımını diqqətlə izləyirik. Əgər deyilənlər doğrudursa, mən inanıram ki, Trampın irəli sürəcəyi hər hansı təşəbbüs İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllinə töhfə verəcək”, - deyə C. Dik vurğulayıb.