“Davos Azərbaycana aid hissəsində özünün regional ofisini açır” Siyasət

“Davos Azərbaycana aid hissəsində özünün regional ofisini açır”

“Azərbaycan Respublikası Prezidentinin Davos iqtisadi forumundakı iştirakı onun idarəçiliyinin və idarəetmə stilinin çox vacib bir strateji komponentidir. Azərbaycan Prezidentinin Davosdakı fəaliyyətinə, buradakı görüşlərinə təkcə bu il ilə qiymət vermək düzgün deyil”. Bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib. O bildirib ki, bu Prezidentin Davosa 14-cü səfəridir və 14 illik iştirakın nəticəsidir ki, Davos Azərbaycana aid hissəsində özünün regional ofisini açır: "Bu addıma Prezident İlham Əliyevin Davosdakı fəaliyyətinə və iştirakına Davos iqtisadi forumu tərəfindən verilən qiymət kimi yanaşıram. Prezident İlham Əliyev özü də bildirdi ki, Davosda heç kəslə görüşmək üçün müraciət etməmişəm. Bütün görüşlər qarşı tərəfin xahişi ilə edilib. Bu isə o deməkdir ki, dünyada bu qədər problemin olduğu bir dövrdə hələ də Azərbaycan özünün iqtisadi investisiya cəlb ediciliyini itirmir. Bir çox dövlətlər və nəhəng şirkətlər üçün Azərbaycan bir ümid yeri, investisiya qoyulacaq bir ölkə kimi diqqətdə saxlanılır".
Mübariz Əhmədoğlu vurğulayıb ki, Davosun regional ofisinə həm Cənubi Qafqaz regionu, həm də Mərkəzi Asiya regionu daxildir. O qeyd edib ki, çox vacib məsələlərdən biri də Azərbaycan Prezidentinin ölkəmizin siyasəti, regionla bağlı verdiyi bəyanatlardır:
"Prezident İlham Əliyev Davos forumunda regionun lideri kimi qəbul olundu. Regionla əlaqədar sualların böyük əksəriyyəti Prezident İlham Əliyevə ünvanlanmışdı. Orda həmçinin yaxşı münasibətdə olduğumuz dövlətlərdən də liderlər var idi. Lakin Azərbaycan Prezidenti və Azərbaycan Prezidentinə olan münasibət hamısından qat-qat üstdə idi. Bununla bağlı olaraq regional təhlükəsizliklə bağlı suallar Azərbaycan Prezidentinə yönəlmişdi. Azərbaycan Prezidenti Davos forumunda regiounun lider dövlətinin rəhbəri kimi qəbul edildi".