Məmmədyarov Avropa İttifaqının ticarət üzrə komissarı ilə görüşüb Siyasət

Məmmədyarov Avropa İttifaqının ticarət üzrə komissarı ilə görüşüb

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Brüsselə işçi səfəri çərçivəsində Avropa İttifaqının (Aİ) ticarət üzrə komissarı Fil Hoqan ilə görüşüb.
XİN-dən verilən məlumata görə, konstruktiv və qarşılıqlı faydalı tərəfdaşlıq mühitində keçən görüşdə Azərbaycan ilə Aİ arasındakı əməkdaşlıq məsələləri, habelə ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni sazişlə bağlı danışıqların gedişatı müzakirə edildi.
Nazir Elmar Məmmədyarovu səmimiyyətlə salamlayan Fil Hoqan Aİ ilə Azərbaycan arasında əməkdaşlığa dair sazişin ikitərəfli münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə təkan verəcəyindən əminliyini ifadə etdi.
Öz növbəsində, nazir Elmar Məmmədyarov Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş layihəsi üzrə aparılan danışıqların cari vəziyyəti və müzakirəsi davam edən məsələlər barədə qarşı tərəfə məlumat verdi.
Komissar Fil Hoqan Azərbaycan Respublikası ilə sazişi layihəsinin ticarət bloku üzrə danışıqların intensivləşdirilməsinin əhəmiyyətini qeyd etdi və sənədin bu ilin iyun ayında keçiriləcək Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrinin Zirvə toplantısına qədər yekunlaşdırılaraq tədbir zamanı paraflanmasını təklif etdi.
Nazir Elmar Məmmədyarov Azərbaycan tərəfinin danışıqları konstruktiv, bərabər hüquqlu və hər iki tərəfin maraqlarına cavab verəcək şəkildə davam etdirilməsinin tərəfdarı olduğunu vurğuladı.
Tərəflər, həmçinin Cənub Qaz Dəhlizinin Avropanın enerji təhlükəsizliyinin təminatına verdiyi töhvəsini yüksək qiymətləndirərək Cənubi Qaz Dəhlizinin yekunlaşması və onun gələcəkdə digər layihələr vasitəsilə inkişafına dair məsələlər ətrafında fikir mübadiləsi apardılar.