Millət vəkili: “Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində ölkə vətəndaşları dayanır” Siyasət

Millət vəkili: “Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində ölkə vətəndaşları dayanır”

“Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Dövlət başçısı Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat nazirlərinin iştirakı ilə videobağlantı formatında keçirilən iclasda bu istiqamətdə mühüm tapşırıqlar verdi”.
Bunu APA-ya açıqlamasında millət vəkili Cavid Osmanov bildirib.
C. Osmanov deyib ki, işsiz kimi qeydiyyata alınmış şəxslərə birdəfəlik ödəmələrin verilməsi və bu prosesin tamamilə elektron qaydada həyata keçirilməsi pandemiya dövründə insanların sosial rifah halını yaxşılaşdırılması ilə yanaşı onların sağlamlığının da qorunmasını təmin etmiş olur: “Prezident İlham Əliyevin qərarı ilə birdəfəlik ödəmə aprel-may aylarını əhatə etməklə 600 min şəxsə ödəniləcək. Növbəti mərhələdə bu şəxslərin rəsmi məşğulluğunu təmin etmək üçün zəruri məlumatlar toplanacaq və uçot yaradılacaq. Bundan əlavə, 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsi maliyyələşdirilir və təqribən 300 min fərdi sahibkara dəstək veriləcək. DOST İş Mərkəzləri vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanılmış, bunun üçün 30 milyon manat vəsait ayrılıb. İşsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi də bu sahədə görülən əsas tədbirlərdən olacaq. Əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişi şamil ediləcək və 2020-ci il üçün bu növ ödənişin 20 min nəfəri əhatə etməsi nəzərdə tutulur. Pandemiya dövründə işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti də uzadılmış, ümumilikdə 2 min nəfəri əhatə edən bu sosial tədbirə 600 min manat ayrılıb”.
Millət vəkili qeyd edib kt, post-pandemiya dövründə özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsi dövlətimizin əsas prioritetlərindəndir. Bu məqsədlə 2020-ci ildə 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi üçün işlər aparılır və bunun üçün İşsizlikdən Sığorta Fondundan 70 milyon manat ayrılıb: “Özünüməşğulluq Proqramın genişləndirilməsi ilə bağlı Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq edilir. Proqramın həyata keçirilməsi üçün banklarla da əməkdaşlıq edilir və artıq aprelin 8-dən etibarən banklar tərəfindən proqram iştirakçılarına aktivlərin verilməsinə başlanılıb. Dünya Bankı ilə birgə həyata keçiriləcək layihə nəticəsində isə hər il 5 min ailənin özünüməşğulluğun təmin edilməsi nəzərdə tutulur. BMT-nin İnkişaf Proqramı ilə birgə 500 əlilliyi olan şəxsin biznesə çıxışına dəstəyin verilməsini də qeyd etmək yerinə düşər. Eyni hamanda pandemiya dövründə dünya iqtisadiyyatında dalğalanmaların yaşandığı bir zamanda ölkəmizdə insanların evdə qalaraq işdən uzaq qalmalarına rəğmən bütün işləyən şəxslərin maaşları hər ay olduğu kimi karantin müddətində də tam formada ödəniləcək. Təkcə işləyən şəxslərin maaşları deyil, bütün növ ödənişlər, pensiya, təqaüd və müavinətlərin ödənilməsi həyata keçiriləcək. Onu da qeyd edim ki, Prezident İlham Əliyevin xüsusi tapşırığına əsasən ünvanlı dövlət sosial yardımının verilməsinin müddəti uzadılıb və təyinatı sadələşdirilib. Bunun üçün əlavə 3 milyon manat vəsait ayrılmışdır. Prezidentin rəhbərliyi ilə dövlətimizin əhalinin sosial rifah halının yaxşılaşdırılması üçün gördüyü işlər hər bir təbəqəni əhatə edir. Dövlət tərəfindən həyata keçirilən tədbirlərin siyahısına nəzər saldıqda görmək mümkündür ki, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri ödəniləcək. Bu proqram 17 mindən çox tələbə əhatə edəcək və bu məqsədlə 40 milyon manat vəsait ayrılıb. Azərbaycan dövlətinin pandemiya dövründə həyata keçirdiyi qabaqlayıcı tədbirlər və eləcə də post pandemiya dövrü üçün nəzərdə tutulmuş proqramlar dünya mətbuatında təqdir olunur, bütün bu tədbirlər, xüsusilə pandemiya ilə mübarizə tədbirləri Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlikləri ilə dövlətimizin həyata keçirdiyi tədbirlər bir daha sübut edir ki, Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində isə məhz ölkə vətəndaşları dayanır”.