Müsavatda qarşıdurmalar səngimir Siyasət

Müsavatda qarşıdurmalar səngimir

Mustafa Hacıbəyli: "Müsavatdakı istefalara görə Qubad İbadoğlu məsuliyyət daşıyır"

Səxavət Əlisoy: "Arif Hacılı və komandası "İntiqam" komissiyası yaratsa daha yaxşı olardı"

Müsavat Partiyasının sentyabrın 27-də keçirilən qurultayından bəri bu partiyada qalmaqallar və qarşıdurmalar səngimək bilmir. Partiyanın yeni başqanı seçilən Arif Hacılının əsas rəqibi olmuş Qubad İbadoğlu və tərəfdarları həm başqan seçkisinin, həm də Məclisə seçkinin saxtakarlıqla müşayiət olunduğunu bildirir, nəticələri qəbul etmir, şikayətlərinin araşdırılmasını istəyirlər. Arif Hacılının və Müsavat Məclisinin legitimliyini tanımayanların bir qismi artıq partiyadan istefa verib.
Müsavat Partiyası Məclisinin üzvü Mustafa Hacıbəyli açıqlamasında başqanlığa sabiq namizəd Qubad İbadoğluna qarşı ciddi ittihamlar səsləndirərək partiyadakı istefalara görə bütün məsuliyyət Q.İbadoğlunun üzərinə düşür:
"Müsavatdakı istefalara görə Q. İbadoğlu məsuliyyət daşıyır. O, əsassız saxtakarlıq iddiaları ilə öz qruplaşmasının üzvlərini Müsavata qarşı "mübarizəyə" körüklədi: Müsavat üzvləri arasında gərginliyi elə bir həddə gətirdi ki, indi heç özü tərəfdarlarının davranışına nəzarət edə bilmir. Ya nəzarətdədirsə, bu istefalara görə məsuliyyət daşıyır".
Başqanlığa keçmiş namizəd Səxavət Əlisoy isə yeni başqan Arif Hacılıya və onun qardaşlarına ironik təklif irəli sürüb.
S. Əlisoyun təklifinə görə, Arif Hacılı və komandası "İntiqam" komissiyası yaratsın: "Arif Hacılı Məclisi yeni bir komissiya yaratsa, yerinə düşər. Ortaya ciddi faktlar qoyulur, cavab vermək əvəzinə təhqir kampaniyası başlayır. Arif Hacılının dəstəsinin durması mümkün deyil. Gənclərlə işi "uğurla" bitirə bildilər. Sırada, deyəsən, Ellada xanım və Vurğun Əyyub dayanır.
Talışxanlı demişkən, növbədə çox ziyalı var hələ. Qırmızı xətt-filan tanımadan ömrünün 20-25 ilini mücadiləyə sərf etmiş insanların üstünə gedirlər. Bu zatlardan biri ilə təsadüfən görüşdük, söhbət əsnasında "yazdıqlarını bir dəfə valideynlərinə göstər, sonra davam et, dedim". Qayıtdı ki, "qalibləri mühakimə etmirlər, bəy". Zatən, bu cavabdan savayı bir şey də gözləmirdim. Artıq ox yaydan çıxıb və belə bir durumda Arif Hacılının məclisi dəstənin ən bərk gedən təhqirçilərindən və qoluzorlulardan ibarət bir "İntiqam" komissiyası yaratsa, yaxşı olar. Kim bir tənqidi fikir söyləsə, bu komissiya dərhal onu cəzalandırmalıdır".
Müsavat Məclisinin üzvü Alya Yaqublu isə bildirib ki, bu cür situasiyalarda ən optimal çıxış yolu narazı tərəfin şikayətlərini araşdırmaqdır: "Yəni ortada seçki saxtakarlığı iddiası varsa, problemi ancaq bu iddiaların doğru, yoxsa yalan olduğunu müəyyən etməklə aradan qaldırmaq olar. Yox, yenə razı qalmayıb israr siyasəti yürütməyə davam eləsə, deməli, əsas məqsəd problemin həlli deyil, böyüməsidir".
İstefalara gəlincə, Alya Yaqublu deyib ki, bunlar birbaşa saxtakarlıq iddiaları ilə bağlı deyil, daha çox Qubad İbadoğlunun tərəfdarlarının qurultaydan əvvəlki pozisiyasının, "Arif Hacılı mənim başqanım ola bilməz!" bəyanatlarının nəticəsidir: "Heç cür anlaya bilmirəm ki, Qubad İbadoğlu niyə onlara mane olmadı?"

CƏMİL