“Prinsiplərimiz dəyişməz qalır” Siyasət

“Prinsiplərimiz dəyişməz qalır”

Macarıstanın xarici işlər naziri: "Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təmin edilməlidir"
"Macarıstanın prinsipləri dəyişməz olaraq qalır: Azərbaycanın suverenliyi və ərazi bütövlüyü təmin edilməlidir". Bunu "Trend"ə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Bakıya səfəri ərəfəsində deyib.
Onun sözlərinə görə, milli azlıq və etnik qrupların hüquqlarının müdafiəsini təmin etmək də vacibdir.
P.Siyarto Azərbaycan torpaqlarının işğalı nəticəsində azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulmasının davam etməsi ilə bağlı Macarıstanın mövqeyi haqqında sualı cavablandırarkən qeyd edib ki, Macarıstan ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir.
Nazir əlavə edib ki, bütün münaqişələr danışıqlar yolu ilə həll olunmalıdır.
O, Macarıstanla Azərbaycan arasında əlaqələrdən də danışaraq qeyd edib ki, rəsmi Budapeşt ikitərəfli münasibətlərin inkişafına son dərəcə maraq göstərir. Peter Siyarto qeyd edib ki, Azərbaycan "Şərqə açılma" siyasəti çərçivəsində əsas strateji tərəfdaşdır: "Bakıya səfərimdə əsas məqsəd səmərəli iqtisadi əməkdaşlığımızın gələcək inkişafı və əməkdaşlığımızın digər sahələrdə effektivliyinin artırılmasıdır".
Onun sözlərinə görə, Macarıstan Azərbaycanla qarşılıqlı faydalı əsasda əlaqələrin dərinləşməsi üçün yeni imkan və sahələri öyrənməyə çalışır.
P.Siyarto bildirib ki, Macarıstan və Azərbaycan uzunmüddətli perspektivdə strateji tərəfdaş ola bilərlər: "İqtisadi, ticari və investisiya əlaqələrimiz dinamik inkişaf edir ki, bu da, ilk növbədə, yüksək səviyyədə səfərlərin mütəmadi həyata keçirilməsində öz əksini tapır".
Nazirin sözlərinə görə, Macarıstan və Azərbaycan arasında müqavilə bazası yaxşı hazırlanıb, lakin sazişlərlə əhatə olunacaq müxtəlif sahələrin genişləndirilməsi üçün həmişə yer var: "Artıq dediyim kimi, ölkələrimiz arasında strateji əməkdaşlığın qurulması mühüm vəzifədir. İkitərəfli əməkdaşlığın hüquqi bazasını genişləndirəcək istənilən saziş tərəfimizdən alqışlanır".
O, ölkələr arasında əmtəə dövriyyəsinin genişləndirilməsi üçün görülən tədbirlər haqqında suala cavab verərkən qeyd edib ki, Macarıstan, xüsusilə, "Şərqə açılma" siyasətinə istiqamətlənən ölkələrin bazarlarına daha çox çıxışa nail olmaq istərdi: "Azərbaycanda işimizi Bakıdakı səfirlik, ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiya və Macarıstan Ticarət Evi vasitəsilə fəallaşdırırıq. 2011-ci ilin iyunundan ölkələrimiz arasında həyata keçirilən birbaşa aviareys buna yardım edən amildir".
P.Siyarto qeyd edib ki, Macarıstan Aİ-yə üzv ölkə kimi hesab edir ki, Azərbaycan təkcə ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də Aİ çərçivəsində mühüm tərəfdaşdır. Bu yanaşma Aİ-nin müxtəlif forumlarında Azərbaycanla münasibətlər müzakirə olunarkən də Macarıstanın mövqeyində əks olunub: "Qeyd etmək istəyirəm ki, "Şərq tərəfdaşlığı" çərçivəsində əməkdaşlıq mühümdür. Вununla əlaqədar Macarıstan müxtəlif tərəfdaş ölkələr arasında diferensiasiya anlayışının tərəfdarıdır".
Məlumat üçün bildirək ki, Macarıstanın XİN rəhbəri noyabrın 3-4-də Azərbaycanda səfərdə olacaq.