“Qarabağ münaqişəsi mürəkkəb münaqişədir” Siyasət

“Qarabağ münaqişəsi mürəkkəb münaqişədir”

Sergey Lavrov girov götürülmüş azərbaycanlıları azad etməyə çağırıb

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin dinc həllinin tərəfdarıdır". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bazeldə APA-nın İsveçrəyə ezam olunmuş müxbirinin sualına cavabında deyib. S. Lavrov bildirib ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrlə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində fəaliyyətini davam etmək niyyətindədir: "Bizim dünən birgə bəyanatımız oldu. Bu bəyanatda da vurğuladıq ki, münaqişənin ərazi bütövlüyünə hörmət, güc tətbiq edilməməsi və xalqların öz müqəddəratını təyin etmə hüququ çərçivəsində həllinin tərəfindəyik. Bu münaqişə çoxdan başlayan və mürəkkəb münaqişədir. Ona görə də həlli asan olmayacaq. Lakin biz sülh prosesini davam etdirmək və tərəflər arasında dialoqu inkişaf etdirmək arzusundayıq. İnanırıq ki, tərəflər də münaqişənin həlli üçün gərəkli addımlar atacaqlar. Biz həmsədr ölkə olaraq buna dəstək verməyə hazırıq".
Rusiya XİN başçısı Dağlıq Qarabağda Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevi tezliklə azad etməyə çağırıb. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bazeldə keçirdiyi mətbuat konfransında bildirib. Dilqəm Əsgərovun Rusiya vətəndaşı olması və Rusiyanın bu məsələdəki mövqeyi barədə suala cavabında S. Lavrov bildirib ki, Moskva girovların qaytarılmasını və ya dəyişdirilməsini istəyir. "Azərbaycan və Ermənistan prezidentləri 2010-cu ildə Həştərxan görüşündə imzaladıqları sənədlə əsirlərin mübadiləsində mexanizm yaratmaq barədə öhdəlik götürüblər. Biz prezidentləri bu öhdəlikləri yerinə yetirməyə çağırırıq", - deyə S. Lavrov vurğulayıb.