Ermənilərin II Qarabağ müharibəsi qorxusu Siyasət

Ermənilərin II Qarabağ müharibəsi qorxusu

Cəbhədə ermənilərin itkisi artır

Cavid

Erməni silahlı bölmələri ötən gün də cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan (RPQ) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini pozublar.
Müdafiə Nazirliyindən verilən məlumata əsasən, düşmən cavab atəşi ilə susdurulub.
Qeyd edək ki, erməni kəşfiyyat-təxribat qrupu bu il başlayandan Azərbaycan Ordusunun mövqelərinə dəfələrlə hücuma keçməyə cəhd ediblər. Lakin düşmən xeyli itki verərək geri çəkilib. Azərbaycan Müdafiə Nazirliyi açıqlama verib ki, ermənilər daha çox itki veriblər. Rəsmi açıqlamadan iki dəfə çox hərbçilərini itiriblər. Əgər Azərbaycan Ordusunun mövqelərinə hücumlarını davam etdirsələr bundan da çox itki verəcəklər. Azərbaycan Ordusu cəbhədə bütün istiqamətlərdə vəziyyətə tam nəzarət edir.
Ermənistan tərəfi etiraf edib ki, 2015-ci il başlayandan 10 erməni hərbçisi öldürülüb. Bu fakt Ermənistan cəmiyyətində kifayət qədər xof yaradıb.
Dünən isə Ermənistan ordusu daha iki hərbçisini itirib.
Belə ki, növbəti dəfə Ermənistanın kəşfiyyat-təxribat qrupları qoşunların təmas xəttini keçməyə cəhd göstəriblər. Bu barədə məlumatı Azərbaycan Müdafiə Nazirliyi yayıb. Məlumatda bildirilir ki, Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı, düşmənin yaxınlaşmasının əvvəlcədən aşkar edilməsi və görülən qabaqlayıcı tədbirlər nəticəsində şiddətli atışma zamanı itki verən ermənilər geri çəkilməyə məcbur edilib.
Qarşı tərəfin ilkin rəsmi məlumatına görə işğalçılardan leytenant Karen Qalstyan və sıravi Artak Sarkisyan məhv edilib.
Müdafiə Nazirliyi bildirir ki, Silahlı Qüvvələrimizin bölmələri heç bir itki verməyib. Azərbaycan əsgəri cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən təxribatının qarşısını almağa hər an hazırdır.
Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyi də iki əsgər itirməsi ilə bağlı rəsmi məlumat yayıb.
Yeni il başlayandan cəbhədə yaralanan və öldürülən ermənilərin statistikası belədir:
Yanvarın 3-də sıravi Vardan Mkrtçyan və zabit Karen Qriqoryan ölüb, Volodya Arutyunyan, 12-də 1992-ci il təvəllüdlü Misak Armenoviç Akopyan yaralanıb. Yanvarın 17-də Ermənistan ordusunun muzdlu hərbçisi, 21 yaşlı Arman Alikoviç ölüb. Eyni gündə daha bir ölüm isə minanın işə düşməsi nəticəsində baş verib. Artur Vardevaryan Kəlbəcərdə minanın partlaması nəticəsində ölüb, Mayor Karen Simonyan və baş leytenant Lavrent Akopyan isə yaralanıb. Ayın 19-da isə Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin 1995-ci il təvəllüdlü hərbi qulluqçusu Suren Pilosyan ölüb. Bir gün sonra isə 1982-ci il təvəllüdlü Napet Artakoviç Asatryan ölüb, 1973-cü il təvəllüdlü Ovannes Qasparyan isə yaralanıb. Yanvarın 21-də isə 1980-ci il təvəllüdlü Arman Rəşidoviç Udumyan ölüb.
Xatırladaq ki, erməni postlarında xidmət edən əsgərlərin bir-birini öldürməsi faktını gizlətmək uçun Ermənistan Müdafiə Nazirliyi rəsmi açıqlamasında güllə yarasından olan bütün bu ölümləri döyüşlə əlaqələndirib. Azərbaycan Müdafiə Nazirliyi isə bu ölümlərin bəzilərinin atəşkəsin pozulması nəticəsində baş verdiyini təkzib edib.
Ermənistan mətbuatı xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi itirdiyi hərbi qulluqçuların sayını gizlətməyə çaışsa da, daha bir neçə fakt üzə çıxıb. Belə ki, Qarabağda həlak olan əsgərlərin valideynləri Ermənistan hökümətini ölən əsgərlərin sayını gizlətməsinə etiraz edir.
Cəbhədə öldürülən erməni əsgərlərin valideynlərinin isə Sarkisyan hakimiyyətinə qəzəbi səngimək bilmir. Hər erməninin ölümündən sonra əsgər valideynləri president iqamətgahına yürüş edirlər. Bu yürüşlər, etirazlar təkcə cəbhə xəttində ermənilərin Azərbaycan tərəfindən öldürülməsi yox, erməni ordusunda ermənilərin bir-birlərini öldürmələrinə, ordunun nəzarətdən çıxmasına hesablanıb. Bundan başqa Gümrüdə rus hərbçisinin erməni ailəsinin 6 üzvünü qətlə yetirdiyi də əsgər analarının qəzəbini şiddətləndirib.
Ermənistan mətbuatınnı yazdığına görə, əsgərlikdə qətlə yetirilmiş Ermənistan ordusunun əsgəri Artur Qazaryanın anası İrina Qazaryan İrəvanda prezidentin iqamətgahı qarşısında bəyan edib ki, Qarabağda bir əsgər yox, beş əsgər həlak olub. O, dediklərinin dəqiq olduğunu qonşusundan eşidib, həmin qonşusu "Qarabağda yerləşən hərbi hissələrdən birində" işlədiyini bildirir.
İrina qeyd edib ki, hakimiyyət həlak olan əsgərlərin sayını xalqa düzgün açıqlamır. Ölənləri bir-bir üzə çıxarırlar ki, əsl həqiqəti gizlətsinlər.
İrina Qazaryan deyir ki, Qarabağda həyatını itirən əsgərlərlə bağlı xəbəri verən qonşusu Gümrüdəki qətl zamanı hadisə yerində olub, lakin Qarabağdakı itirilən hərbi qulluqçuların sayı artdığınıdan, onu təcili Qarabağa hərbi hissəyə çağırıblar.
Əsgərlərin anaları Serj Sarkisyanla görüş tələb ediblər. Əsgər anaları axırıncı dəfə baş nazir Hoviq Abrahamyanın qəbulunda olarkən, Abrahamyan həmin valideynləri Serj Sarkisyanın yanına göndərib.
Baş nazir əsgər analarına qeyd edib ki, tələblərinizi ölkə prezidentindən istəyin, bu barədə ancaq prezident qərar verə bilər.
İrina Qazaryan bildirib ki, ölən əsgərləri morqda saxlayıb, daha sonra bir-bir üzə çıxaracaqlar ki, guya biri özünü güllələdi, biri isə xəstəlikdən öldü.
Bu hadisələr demək olar ki, hər gün baş verir. Hökümət itkiləri bütün vəchlə gizlədir.
Digər həlak olan əsgərin anası isə fikirlərini bu cür izah edib : "Biz artıq bilirik ki, ölkənin rəhbəri Sarksyan yox Putindir. Putin ölkəni öz barmağında fırladır, belə getsə dərdimizi Putinə deyəsi olacağıq.
Yaxşı, neçə müddətdir ki, biz burada etirazımızı bildiririk. Prezidentin bunlardan xəbəri yoxdur mu? Niyə çıxıb demir ki, dərdiniz nədir? Heç olmasa qoy çıxıb bəyan etsin ki, mənim ətrafımdakı komandirlər sizin övladlarınızın ölümündə və məhkəmədə bu halların gizlədilməsində əsas səbəbkardırlar və düz edirlər. Biz də bunu onun dilindən eşidək".
Yeri gəlmişkən, Helsinki Vətəndaş AssambleyasınınVanadzor ofisinin bəyanatında bildirilir ki, Ermənistan Müdafiə Nazirliyi orduya yararsız vətəndaşlarını hərbi xidmətə çağırır.
Təşkilatın rəsmi saytında deyilir ki, 2014-2015-ci il qış çağırışı dövründə təşkilata müraciət etmiş şəxslərin tibbi sənədlərindən aydın olur ki, həmin şəxslər orduya yararsızdır.
Lakin Ermənistan Müdafiə Nazirliyi onları hərbi xidmətə cəlb edib. Təşkilatın bəyanatında bildirilir ki, əsəb xəstliyi, skleroz, görmə qabliyyəti zəif olanlar, bədəni yara tökən şəxslər orduya aparılır.
Təşkilat bildirir ki, Ermənistan Müdafiə Nazirliyi artıq bir neçə ildir ki, belə bir addım atır və bu qərarından imtina etmək niyyətində deyil. Nazirlik orduda xəstə əsgərlərə bel bağlayır.