Müsavat rəhbərliyindən növbəti hədə... Siyasət

Müsavat rəhbərliyindən növbəti hədə...

Gülağa Aslanlı: "...Cəzalandırılacaqlar"

Vurğun Əyyub: "Bu qurumların işini legitim hesab etmirəm"

Ellada Məmmədli: "Mən bunlardan hər şey gözləyirəm"

Arif Hacılı Müsavat başqanı oladan sonra partiya içərisindəki çalxalanma ictimai müzakirələrə çıxarıldı. Qubad İbadoğlunun öz tərəfdarları ilə birgə Azərbaycan Demokratiya və Rifah Hərəkatı yaratması, onun Arif Hacılıya qarşı barışmaz mövqeyi, nəhayətdə Müsavatın liberal qanadının başında duran Qubad İbadoğlunun partiyadan kənarlaşdırılması isə problemləri həll etmək əvəzinə, yaranan gərginliyi bir az da alovlandırdı. Partiya içərisindəki qruplaşmaların toqquşan maraqlarının açıq müstəvidə müzakirəsi isə Müsavatın illərdən bəri əzab- əziyyətlə əldə etdiyi və son zamanlar onsuz da zəifləyən nüfuzuna daha çox xələl gətirir. Belə bir məqamda isə təşkilat daxilində düşünənlər var ki, İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı olarsa, itirilmiş nüfuzu müəyyən mənada kompensasiya etmək olar. Müsavat Partiyasındakı mənbələrdən Modern.az-a daxil olan məlumata görə qurum yenidən qurultay keçirib, İsa Qəmbəri başqan seçmək istəyir. Əldə etdiyimiz məlumatda qeyd olunur ki, İsa Qəmbərin yenidən Müsavat Partiyasının rəhbərliyinə gəlişini gözləyənlər də az deyil və bu istiqamətdə səy göstərilir. Partiyadan daxil olan məlumatda o da bildirilir ki, Müsavatın indiki rəhbərliyi perspektivdə problemlərin öhdəsindən gələ bilməyəcək və qalmaqallar daha da böyüyəcək. Buna görə də düşünürlər ki, İsa Qəmbər Müsavat başqanı olarsa, partiya əvvəlki nüfuzuna qayıda bilər.
Məsələ ilə bağlı İsa Qəmbərin isə dəqiq və aydın mövqeyi yoxdur. Görünən isə odur ki, İsa Qəmbər həqiqətən də Arif Hacılıya etibar edir və bəlkə də bu səbəbdəndir ki, onun alovlu tərəfdarıdır. Lakin eks-başqanın növbəti dəfə Müsavat Partiyasının rəhbərliyinə gəlişi sözsüz ki, onun özünün iradəsindən və istəyindən asılı olacaq.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib ki, Müsavat başqanlığına sabiq namizəd, partiyadan kənarlaşdırılan Qubad İbadoğlunun rəhbərliyi ilə yaradılan Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatında təmsil olunan Müsavat Partiyasının üzvləri Nizamnaməni pozduqları halda cəzalandırılacaqlar. G. Aslanlı bildirib ki, Azərbaycan Demokratiya və Rifah Hərəkatında təmsil olunanMüsavat Partiyasının üzvləri hər hansı Nizamnamə pozuntusuna yol verəcəklərsə, bunlar partiya rəhbərliyi tərəfindən araşdırılacaq və Nizamnaməyə uyğun tədbir görüləcək: "Orada təmsil olunanların əksəriyyəti Müsavat Partiyasından çıxarılmış və ya istefa vermiş şəxslərdir. Ancaq hazırda partiya üzvü olan şəxslər də var ki, onlar Nizamnamə pozuntusuna yol verəcəklərsə, cəzalandırılacaqlar".
ADR-in Təşkilat Komitəsinin üzvü, Müsavat Partiyası Qadınlar Birliyinin sədri Ellada Məmmədli isə APA-ya açıqlamasında bildirib ki, ADR ictimai hərəkat olduğu üçün həm orada, həm də Müsavatda fəaliyyətini davam etdirəcək. Xatırladaq ki, fevralın 21-də ADR-in təsis yığıncağı keçiriləcək. Onu da əlavə edək ki, Qubad İbadoğlu "Müsavat Partiyasında azadlıqlara dəyər verilmədiyinə görə, təşəbbüslər sistemli şəkildə boğulur. Son zamanlar partiya üzvlərinin hüquqlarına və Nizamnaməyə zidd addımlar daha da genişləndiyindən yaxın dövrdə əsas mübarizə müsavatçıların hüquqlarının müdafiəsinə yönəlib. Bu mərhələni bitirdikdən, partiyadaxili repressiyaları dayandırdıqdan sonra növbədənkənar qurultay çağırışları yenidən gündəmə gələcək",-deyə bildirib.
Müsavat funksioneri Vurğun Əyyub isə partiyanın yeni rəhbərliyinin sabiq başqan İsa Qəmbər tərəfindən idarə olunması iddilarına münasibətini sərgiləyərkən
"Partiya rəhbərliyinin hansı mövqedən çıxış etməsi, hansı addım atması məni şəxsən maraqlandırmır",-deyə vurğulayıb. Vurğun Əyyub Qubad İbadoğlunun barəsində də fikir irəli sürərək deyib ki, Qubad İbadaoğlunu Müsavat Partiyasının Nizamnaməsinə zidd olaraq uzaqlaşdırdılar və bu barədə kifayət qədər mövqeyini açıqlayıb: "Mən də buna qarşı mövqeyimi bildirərək, qərarın doğru olmadığını dilə gətirmişəm". Müsavat funksioneri Divanın növbəti toplantısında onun partiya sıralarından uzaqlaşdırılması ehtimalına da münasibət açıqlayaraq deyib ki, əgər bu barədə qərar qəbul ediləcəksə, yolları açıq olsun: "Onların nə qərar verməsi mənim üçün əhəmiyyətli deyil. Çünki bu qurumların işini legitim hesab etmirəm". O, bildirib ki, Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatında olan müsavatçıların heç biri partiyanın nizamnaməsini pozmayıb.
Vurğun Əyyubun sözlərinə görə, bu günə kimi Azərbaycan Demokratiya və Rifah hərəkatında təmsil olunan Müsavat üzvlərinin nizamnamə pozuntusu ilə bağlı fakt ona bəlli deyil. Onun fikrincə, əksinə ADR-də olan partiya üzvlərini Nizamnaməni əsas götürüb partiyadan uzaqlaşdıranların özləri nizamnamə pozuntusuna yol verib.
Əlavə edək ki, Müsavat Qadınlar Birliyinin buraxılması məsələsi də gündəmdədir.
"Müsavat Partiyası Qadınlar Birliyinin buraxılmasını "Facebook"un qapalı qruplarında yazırlarsa, deməli, bunun üçün zəmin hazırlayırlar",-deyən Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli bildirib ki, hazırda partiyanın Qadınlar Birliyinin buraxılması ilə bağlı fikirlər sosial şəbəkələrdə yazışmalar formasındadır: "Qubad İbadoğlunun partiyadan xaric edilməsi Nizamnamə pozuntusu idi. Bundan sonra mən bunlardan hər şey gözləyirəm. Birliyin buraxılıb-buraxılmaması ilə bağlı konkret fikir söyləyə bilmərəm. Hazırda fəaliyyətimiz davam edir. Partiya rəhbərliyi məni hara dəvət edirsə, ora da gedirəm. Partiyanın sonuncu toplantısına məni dəvət etməmişdilər. O toplantını "Sədrlər Şurasının toplantısı" adlandırmaq doğru deyil. Sadəcə, adı "Sədrlər Şurası" idi. Toplantıya bölgələrdən müsavatçılar gətirilmişdi, müsavatçı olmayanlar da orada iştirak edirdi. Görüntü yaratmaq üçün belə bir şeyi təşkil ediblər".

Əli