“907-ci düzəlişin aradan qaldırılması üzərində xüsusi dayanılmalıdır” Siyasət

“907-ci düzəlişin aradan qaldırılması üzərində xüsusi dayanılmalıdır”

Elxan Şahinoğlu: "Bununla yanaşı, hələ də Dağlıq Qarabağ separatçılarına edilən maliyyə yardımlarına son qoyulmalıdır"

"Nulandın səfərindən öncə ABŞ-Azərbaycan münasibətlərində bir gərginlik ab-havası vardı. Çünki rəsmi Vaşinqton keçmiş sovetlər məkanında "rəngli inqilablar" həyata keçirirdi. Biz bunu Gürcüstanda, Ukraynada, Qırğızıstanda müşahidə etmişdik. ABŞ tərəfindən belə bir inqilabın Azərbaycanda da keçirilməsi ehtimalı vardı". Bunu ABŞ-Azərbaycan münasibətlərindən danışan politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, bu, 2005-ci ilin parlament seçkilərində daha çox özünü göstərdi:"Bununla da ölkələr arasındakı münasibətlərdə soyuqluq yaranmağa başladı. ABŞ-ın Azərbaycandakı yeni səfiri Robert Sekuta əvvəllər Dövlət Departamentində enerji məsələləri ilə məşğul olub. Belə bir adamın təyinatı da sübut edir ki, gələcəkdə hər iki dövlət arasında enerji çərçivəsində əməkdaşlıq prioritet olacaq".
Palitoloq bildirib ki, Nuland Bakıda olarkən 3 önəmli mesaj verdi: "Viktoriya Nuland ABŞ-la Azərbaycan arasında enerji əməkdaşlığının yüksək səviyyədə olduğunu bəyan etdi. Bu, o deməkdir ki, rəsmi Vaşinqton Azərbaycanın enerji resurslarını Avropaya çatdırmasını yüksək qiymətləndirir. Heç kimə sirr deyil ki, "Nabukko" qaz kəməri layihəsi işləmədi. Bunu dövlət başçısı İlham Əliyev də dəfələrlə qeyd edib. Rusiya-Ukrayna münasibətlərindən irəli gələrək yaranmış ağır vəziyyətdə Azərbaycan prezidenti təşəbbüsü ələ alaraq, Avropaya yardım əlini uzatdı. O, TAP və TANAP layihələri vasitəsilə Azərbaycanın Avropaya qaz verməyə hazır olduğunu bildirdi. Bu, Avropaya çatdırılması mümkün olan alternativsiz, ən real qaz mənbəyidir. Düzdür, Türkmənistan, İran və İraq qazı barədə də çox danışılır. Lakin bunlar hamısı mülahizələrdir. Reallıqda Avropa üçün Rusiya qazına alternativ olan layihə ortadadır. Bu isə Cənub qaz dəhlizidir. Bunu Avropa İttifaqı rəsmiləri də yüksək qiymətləndirirlər. Bu səbəbdən hesab edirəm ki, yaxın perspektivdə ABŞ-la Azərbaycan arasında münasibətlərin əsasını enerji əməkdaşlığı təşkil edəcək. Nulandın ikinci mesajı Amerikanın Azərbaycanda "rəngli inqilab" həyata keçirmək istəməməsi ilə bağlıdır. Bu da çox ciddi açıqlamadır. Çünki ABŞ-ın belə bir niyyətinin olması barədə ortada müəyyən mülahizələr, ehtimallar, şübhələr var idi. Bu şübhələri artıran başqa bir məqam ABŞ-ın Azərbaycandakı sabiq səfiri Riçard Morninqstarın "Azadlıq" radiosuna müsahibəsində "Maydan hadisələri Bakıda təkrarlana bilər" kimi fikirlər səsləndirməsi idi. Amma Nuland vasitəsilə Amerika ilk dəfə rəsmi şəkildə bəyan etdi ki, Vaşinqtonun "rəngli inqilab"la Azərbaycanda hakimiyyəti dəyişmək kimi planı yoxdur.
Nulanda şübhəli yanaşma var. Çünki o, Ukrayna hadisələrində əsas simalardan biri idi. Hətta Rusiya mətbuatı iddia edirdi ki, Nuland Maydan hadisələrinin hazırlanmasında birbaşa iştirak edib. Amma Azərbaycana münasibətdə, bayaq qeyd etdiyim kimi, artıq ABŞ-ın konkret siyasəti var. Nulandın Bakı səfəri, burada səsləndirdiyi fikirlər də onu ifadə edir ki, Ukrayna hadisələrini heç vaxt Azərbaycanda təkrarlamaq olmaz. Azərbaycanda hakimiyyət, prezident çox güclüdür. Güclü tərəf ilə, ancaq münasibətlər qurmaq mümkündür. Digər tərəfdən, güclü tərəf sayılan Azərbaycan, prezident İlham Əliyev Avropa üçün çox önəmli layihələr həyata keçirir. Belə bir ərəfədə Azərbaycanla münasibətləri korlamaq, hakimiyyəti zəiflətmək həm də ABŞ-ın öz maraqlarına zərbə vurması deməkdir. Yeni formata gəlincə, əslində buna o qədər də ehtiyac yoxdur. İki dövlət arasında hökumətlərarası komissiya var. Yeni format axtarmaqdansa, bu komissiyanın işini intensivləşdirmək lazımdır. Amma mən o fikirlə razıyam ki, ümumiyyətlə, ABŞ-Azərbaycan münasibətlərinin özünü intensivləşdirmək gərəkdir. Bunun üçün də qarşılıqlı səfərlər çox önəmlidir. Bu, Amerika-Azərbaycan münasibətlərini daha da üst səviyyəyə qaldıra bilər. Belə vəziyyət bəzi maneələri də aradan qaldıra bilər. Maneə deyərkən, 907-ci bədnam düzəlişin aradan qaldırılması üzərində xüsusi dayanmaq gərəkdir. Bununla yanaşı, hələ də Dağlıq Qarabağ separatçılarına edilən maliyyə yardımlarına son qoyulmalıdır və sair".

Əli