“Avropa İttifaqı bizə dəstək verməlidir” Siyasət

“Avropa İttifaqı bizə dəstək verməlidir”

Mahmud Məmmədquliyev: "Biz assosiasiya sazişi deyil, strateji əməkdaşlıq haqqında sənəd imzalanmasına tərəfdarıq"

"Bir neçə il sonra Azərbaycanla Avropa İttifaqı arasında sərbəst viza rejimi tətbiq edilə bilər". APA-nın məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
M. Məmmədquliyev bildirib ki, tərəflər viza rejimini bir qədər asanlaşdırıb, artıq diplomatik pasportlar üçün viza lazım deyil, xidməti və adi pasportlar üçün isə müddət, sənədlər və rüsum məsələləri azalıb: "Altı aydır həm viza, həm də readmissiya məsələləri üzrə sazişi həyata keçiririk. Vaxt gəlib çatıb ki, biz oturaq və bu sazişlərin necə icra olunduğuna baxaq, eyni zamanda məsələ qaldıraq ki, gələcəkdə viza rejiminin tamamilə aradan qaldırılması üçün nə etməliyik. Təcrübədə var ki, ölkə ilk sənədləri yaxşı icra edirsə, fəaliyyət planı hazırlanır və onun vasitəsilə sonda tərəflər arasında heç bir viza rejimi tətbiq olunmur. Belə bir müzakirə aparmaq mümkündür. Ola bilsin ki, fəaliyyət planının hazırlanması istiqamətində iş aparılsın və bir neçə il sonra Azərbaycanla Aİ arasında sərbəst viza rejimi tətbiq edilsin".
Nazir müavini bəyan edib ki, Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri yaxşı səviyyədədir və bəzi istiqamətlərdə strateji xarakter daşıyır: "Lakin Avropa İttifaqı bəzi məsələlərdə bizi qane edən mövqe tutmalı, dəstək verməlidir. Biz bəzi ölkələrlə, o cümlədən Fransa, Macarıstan, İtaliya ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalamışıq. Hesab edirik ki, iki tərəf arasında assosiasiya sazişi deyil, strateji əməkdaşlıq haqqında hüquqi sənəd olmalıdır".