ABŞ Konqresində Xocalı qətliamı anılıb Siyasət

ABŞ Konqresində Xocalı qətliamı anılıb

Konqresmen Olson: "Hər kəsi Xocalıda qətlə yetirilənlərin xatirəsini yaddan çıxarmamağa çağırıram"

Xocalı qətliamının qurbanlarının xatirəsini anmaq və bu faciə üçün ədalət tələb etmək məqsədilə, ABŞ-da fəaliyyət göstərən Azərbaycanın Dostları Assambleyası (Assembly of Friends of Azerbaijan - AFAZ) tərəfindən Vaşinqtonda xüsusi mərasim təşkil edilib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, ABŞ Konqresinin binasında baş tutmuş bu tədbirdə 16 ABŞ konqresmeni (Bill Shuster, Pete Olson, Henry Cuellar, Ryan Zinke, Xavier Becerra, Yvette Clarke, Paul Gosar, Al Green, Ted Deutch, Brian Babin, Randy Hultgren, Sheila Jackson Lee, Robert Aderholt, Charlie Dent, Mark Veasey, Doug Lamborn), Azərbaycan Milli Məclisinin üzvləri Asim Mollazadə və Sevinc Fətəliyeva, Fransa Senatının üzvü Natalie Goulet, Konqres aparatının çoxsaylı əməkdaşları, yerli ictimaiyyət və eləcə də Azərbaycan və türk icmalarının nümayəndələri qatılıblar.
Toplantıda açılış nitqi ilə çıxış etmiş Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ilk növbədə Xocalı qətliamının anım mərasimə qatılıb, Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirdikləri üçün ABŞ Konqresinin üzvləri başda bütün qonaqlara təşəkkürünü ifadə edib.
Səfir Xocalı qətliamını Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ən faciəvi hadisəsi kimi xarakterizə edərək, bu qətliamın qurbanlarının xatirəsini anmaqda məqsədin qisasçılığı təbliğ etmək deyil, uzunmüddətli sülhün tezliklə əldə edilməsinin vacibliyini xatırlatmaq olduğunu bəyan edib. E. Süleymanov məhz bu niyyətlə Azərbaycanın ən yaxın zamanda müfəssəl sülh sazişi üzrə danışıqlara başlamağa hazırlığını qeyd edib. O, Xocalı faciəsinin anılmasının gələcək qətliamların qarşını ala biləcəyini deyib və əlavə edib ki, vaxtilə bu qətliama və Azərbaycanın üzləşdiyi işğala müvafiq diqqət yetirilmiş olsa idi, regionumuzdakı digər faciəvi hadisələrin, o cümlədən Ukraynadakı insan tələfatının qarşısını almaq mümkün olardı.
ABŞ-ın müxtəlif ştatlarında Xocalı qətliamına dair tədbirlərə qatılmaq üçün ABŞ-da səfərdə olan Azərbaycan Milli Məclisinin üzvlərini salamlayan səfir onların Vaşinqtona Pensilvaniyadakı mərasimdən gəldiklərini qeyd edib və eyni gündə həmin ştatın Nümayəndələr Palatası tərəfindən Xocalı qətliamı barədə qətnamənin qəbul edildiyini söyləyib.
ABŞ Konqresində Azərbaycan üzrə dostluq qrupunun həmsədri olan Bil Şuster həmin qrupa rəhbərlik etməkdən şərəf duyduğunu söyləyib, Azərbaycanın ABŞ-ın strateji tərəfdaşı kimi xarakterizə edib və qarşılıqlı münasibətlərin əhəmiyyətini bildirib.
Konqresmen 11 sentyabr terror aktının ardınca Azərbaycanın ABŞ-a dəstəyini ifadə etmiş ilk ölkələr arasında olduğunu minnətdarlıqla xatırlayıb. O, Konqresdə təşkil edilmiş bu tədbirə qatılmaqla Xocalıda qətlə yetirilmiş insanların xatirəsini anmaq istədiyini göstərib və Azərbaycanın səfirinin fikirlərinə şərik çıxdığını deyərək, regionda tezliklə sülhün bərqərar olmasını diləyib.
Texas ştatından Pete Olson çıxış edərək, 23 il əvvəl Xocalıdan qaçıb, sığınacaq axtaran Azərbaycanlıların mühasirəyə alınaraq, qətlə yetirildiklərini qeyd edib və nəticədə 613 günahsız insanın həyatına ermənilər tərəfindən qəsd edildiyini xatırladıb. O, daha sonra Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın məlum bəyanatından sitat gətirərək, bildirib ki, bu qətliama qədər azərbaycanlılar ermənilərin mülki şəxslərə əl qaldıra biləcəklərinə inanmayıb, lakin Xocalıdan sonra bu fikrin yanlış olduğunu sübut ediblər. Konqresmen Olson hər kəsi Xocalıda qətlə yetirilənlərin xatirəsini yaddan çıxarmamağa səsləyib.
Xavier Becerra Azərbaycana dostluğunu ifadə edib və Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsi üzrə tezliklə yekun və davamlı sülhün əldə edilməsinə dair mövqeyə dəstəyini bildirib. Konqresmenlər Henry Cuellar, Ryan Zinke, Paul Gosar, Al Green və Ted Deutch isə ABŞ-Azərbaycan tərəfdaşlığına toxunub və iki ölkə arasında münasibətlərin dərinləşməsinə dəstəklərini bəyan ediblər.
Henry Cuellar həmçinin Xocalıda yüzlərlə günahsız azərbaycanlının tələf olduğunu vurğulayıb. Yvette Clarke Xocalı qətliamı qurbanlarının xatirəsinın anıldığı bir vaxtda Azərbaycan xalqı ilə həmrəyliyini ifadə edib və belə faciələrin heç zaman unudulmamalı olduğunu söyləyib.
Azərbaycan Milli Məclisinin üzvləri Asim Mollazadə və Sevinc Fətəliyeva Xocalı qətliamının Azərbaycan cəmiyyətində buraxdığı dərin izlərdən söz açıblar.
Tədbirdə çıxış etmiş Konqresin digər üzvləri və eləcə də fransalı senator Natalie Goulet Xocalı qurbanlarının xatirəsini anıb və Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə nizamlanmasının vacibliyi bəyan ediblər.
Mərasimə qatılmış iştirakçılar həmçinin Xocalı qətliamına dair foto-sərgi ilə tanış olublar və onlara "Xocalıya ədalət" kampaniyası çərçivəsində hazırlanmış materiallar təqdim olunub. Bundan əlavə tədbir boyu toplantı zalındakı böyük ekranlar vasitəsilə qurbanların adları bir-bir xatırladılıb.