Azərbaycan-Türkiyə əlaqələri çox önəmlidir Siyasət

Azərbaycan-Türkiyə əlaqələri çox önəmlidir

Əli Babacan: "Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının bizdə də qürur hissi yaradır və buna çox sevinirik"

Mayın 12-də Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Baş nazirinin müavini Əli Babacan ilə görüşüb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərindən, parlamentlərarası əməkdaşlıqdan danışılıb. Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, belə səfərlər və görüşlər ölkələrimizin əlaqələrinin inkişafına böyük töhfə verəcək. Əlaqələrimizin inkişafında dövlət başçılarının böyük rolu var. Azərbaycan və Türkiyə iki dost, qardaş, eyni kökə, soya, mədəniyyətə malik ölkələrdir və bizim münasibətlər dünya dövlətləri üçün nümunəvi xarakter daşıyır. Biz bunu həmişə yüksək qiymətləndiririk. Sədr deyib ki, ölkələrimiz arasında iqtisadi əlaqələr də ildən-ilə inkişaf edir. Azərbaycan Türkiyədə investisiya qoyan ölkələr arasında öndə gedənlərdən biridir. Türkiyədə artıq 1300-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir. Azərbaycanda isə 2400-dən çox türk şirkəti işləyir. İqtisadi əməkdaşlığın artım dinamikası var və ticarət əlaqələrimizin daha da genişləndirilməsi vacibdir. "Böyük məmnuniyyətlə deyə bilərəm ki, dövlət başçılarının qarşılıqlı səfərləri zamanı ölkələrimiz arasında 200-dən çox sənəd imzalanıb və hazırda 27 sənəd imzalanmaq üzrədir. Ölkələrimiz arasında elə bir sahə yoxdur ki, əlaqələr qurulmasın, inkişaf olmasın", – deyə Oqtay Əsədov əlavə edib. Parlamentlərarası əlaqələrdən danışan Milli Məclisin sədri bildirib ki, bu əlaqələr yüksək səviyyədə qurulub. Beynəlxalq parlament forumlarında da nümayəndə heyətlərimiz həmişə birgə çıxış edirlər, bir-birilərini dəstəkləyirlər. Qondarma "erməni soyqırımı" məsələsinə toxunan Oqtay Əsədov vurğulayıb ki, Türkiyədə Çanaqqala zəfərinin 100 illiyi münasibətilə təşkil edilən təntənəli mərasim ermənilərin əsassız iddialarına və cəhdlərinə çox gözəl bir cavab oldu. "Əminəm ki, gələcəkdə də Azərbaycan-Türkiyə əlaqələri həmişə belə sıx olacaq. Bütün beynəlxalq təşkilatlarda bir-birimizi dəstəkləyəcəyik və uğurlarımıza sevinəcəyik", - deyə sədr vurğulayıb. Səfərin məqsədindən, keçirdiyi məhsuldar görüşlərdən danışan Türkiyə Baş nazirinin müavini Əli Babacan Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. "Azərbaycan-Türkiyə əlaqələri bu regionda sülh, rifah üçün çox önəmlidir", - deyən Əli Babacan ölkələrimiz arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb: "İnanıram ki, ticari əlaqələrimiz daha da inkişaf edəcək". Əli Babacan Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarının əhəmiyyətini də vurğulayıb. O deyib: "Bu, bizdə də qürur hissi yaradır və buna çox sevinirik".