Vətəndaş cəmiyyəti demokratik, müstəqil inkişaf edən bir sistemdir... Layihə

Vətəndaş cəmiyyəti demokratik, müstəqil inkişaf edən bir sistemdir...

Son zamanların ən çox işlədilən söz birləşmələrindən biri də "vətəndaş cəmiyyəti" ifadəsidir. Azərbaycanda hələ də cizgiləri hamı tərfindən aydınlıqla qavranıla bilməyən bu məfhum əslində öz mahiyyəti etibarilə çox böyük tutuma malikdir. Elə bu ifadənin hər hansı ölkə daxilində işlədilməsinin səviyyəsi dövlət hakimiyyətinin formasını müəyyən etmək üçün təsəvvürlər sistemi yaradır. Bəri başdan onu demək lazımdır ki, avtoritar, totalitar rejimlər üçün vətəndaş cəmiyyətinin formalaşması xas deyil. Deməli, vətəndaş cəmiyyətinin quruculuğundan söhbət gedirsə, demokratik dəyərlərin mövcudluğundan danışılır.
Elmi ədəbiyyatlarda bu ifadə adı altında cəmiyyətin tipinin, onun sosial-iqtisadi, siyasi və hüquqi təbiətinin, inkşaf və yetkinlik səviyyəsinin ifadə edildiyi göstərilir. İnkişaf nəticəsində əldə edilmiş, müəyyən meyarlara cavab verən cəmiyyət başa düşülür ki, bu da cəmiyyətin inkişafında daha yüksək pillədir. Baxmayaraq ki, onu müxtəlif cür mənalandırır və başa düşürlər. Tarixi araşdırmalar da göstərir ki, vətəndaş cəmiyyəti adı altında münasibətlərin - başlıca olaraq əmlak, bazar, ailə, əxlaqi - formalaşması və idarəolunması durur ki, bütün bunlar da dövlətdən ayrı, vətəndaş münasibətləri çərçivəsində müstəqil şəkildə tənzimlənir. Və təbii ki, burada hakimiyyətin şəxsiyyətin, vətəndaşın işinə, insanların şəxsi həyatlarına müdaxiləyə yol verməməsi əsas məsələdir. Deməli, belə bir nəticə əldə etmək mümkündür ki, fəal vətəndaş cəmiyyətinin formalaşması və mexanizmlərinin hərəkətə gəlməsi, yəni cəmiyyəti maraqlandıran və düşündürən müxtəlif aspektli məsələlərin cəmiyyətdə müzakirəsi anti-demokratik rejimlərdə mövcud ola bilməz. Yəni rejim vətəndaşların müstəqil olaraq hər hansı məsələ ilə bağlı qərar vermək, onun icrasını təmin etmək yönümündə hərəkətləri ilə barışmaz. Elə vətəndaş cəmiyyətinə verilən çoxsaylı təriflərdən də bunu görmək olar. Bu təriflərdən birində deyilir ki, vətəndaş cəmiyyəti qeyri-dövlət iqtisadi, siyasi, sosial, mədəni-mənəvi, dini-əxlaqi, ailəvi, milli və b. münasibətlərin məcmusu olub azad vətəndaşların və könüllü formalaşmış təşkilat və assosasiyaların dövlət-hakimiyyət orqanları tərəfindən onların fəaliyyətlərinə birbaşa müdaxilələri və özbaşına reqlamentləşdirmələri qanunla məhdudlaşdırılan özünümüdafiə sferasıdır. Elə buradan çıxış edib Azərbaycanı şəxsi, qrup, geopolitik, geostrateji, enerji və s. maraqlarının həyata keçirilməsi naminə azadlıqların məhdudlaşdırıldığı ölkələr kateqoriyasına daxil edən beynəlxalq və yerli təşkilatlara, birliklərə obyektivlik göstərmək çağırışı etmək olar. Çünki vətəndaş cəmiyyətinə verilən tərifin özündə ehtiva etdiyi elementləri bizim cəmiyyətdə müşahidə etməmək mümkün deyil. Təbii ki, onlar respublikamızda vətəndaş cəmiyətinin parametrlərini görməmiş deyillər, lakin görünür, hansısa istəklər və maraqlar bunun əksini deməyə vadar edir. Əslində biz demokratik dəyərlərin səviyyəsi ilə bağlı hansısa ölkələrlə yalnız müqayisə aparıb, mübahisə edə bilərik, çünki onun olduğunu sübut etməyə cəhd göstərməyə ehtiyac yoxdur. Ən azı o səbəbdən ki, mövcud olanı görməzliyə vuranların mütləq hansısa marağı var və onu inandırmağa cəhdlər səmərə verə bilməz. Üstəlik və ən əsası isə onlar bunu sadəcə görmək istəmirlər. Bu cür qərəzliliyi yalnız geniş ictimai qınaqla zərərsizləşdirmək mümkündür. Təəssüf ki, ölkəmiz yeni müstəqillik əldə etdiyindən, dövlətçilik ənənələri tamamilə formalaşmadığından daxili ictimai birlik xaricin şirnikləndirici vədlərinə uduzur. Milli maraqları, daxılı ictimai sabitliyi müdafiə edən QHT-lər, fəal iştimai xadimlər hökumətin satın aldığı qruplar kimi, xaricilərin əlinə oynayanlar isə demokratiya carçılarıtək təqdim edilir. Yaltaqlarla millət, vətən təəssübkeşləri eyniləşdirilir, həqiqətlə yalan bir-birinə qarışıdırılır, obrazlı desək, düzlə əyrini seçmək olmur. Deməli, artıq zaman yetişib ki, başqa alternativlər tapılsın. Xaricdən gələn "böyük oyun qaydaları"nın qabağına fundamental şəkildə işlənmiş və strateji hədəfləri müdafiə edən konsepsiyalar qoyulmalıdır.
Onu da qeyd etmək lazımdır ki, insan, xüsusilə toplum mahiyyəti etibarilə daim yeniliyə can atdığından psixoloji baxımdan əlində olanı qurban verməyə hazırdır ki, daha xoş və təsirli sözlərlə təqdim edilən yeni olana çatsın. Əli çatdıqda isə bu "yeni olan" artıq maraqsız olur, bəzən işə yaramır, yaxud həm fərdə, həm də ümumiyə ziyan vurur. Bu zaman əvvələ qayıtmaq mümkün olmur, irəliyə getmək isə təlatümlərdən keçir, çünki bu ssenarilər başqa yerlərdə yazılıb. Ona görə də biz inkişafın milli ssenarisinin yazılmasının və onun reallaşmasının tərəfdarı olmaqla vətəndaş cəmiyyətinin formalaşmasında milli QHT-lərin proyektlərinə daha çox diqqət yetirmək gerçəkliyi ilə barışmalıyıq. İndiki hökuməti və iqtidarı da buna təşviq etməli və həvəsləndirməliyik. Elə bununla da vətəndaş cəmiyyətinin struktur elementlərini - şəxsiyyət, ailə-məktəb, məscid, sahibkarlıq və təşəbbüskarlıq, sosial qruplar, siniflər, vətəndaşların şəxsi həyatları və onların təminatı, demokratik institutlar, ictimai birliklər, siyasi partiyalar və hərəkatlar, müstəqil məhkəmələr, təhsil sistemi, müstəqil KİV-lər və s. - mühafizə etməklə milli inkişaf proqramını reallaşdıra bilərik.



"Demokratiya və Milli Dəyərlərin Təbliği" İctimai Birliyinin sədri Əli Cəfərov deyib ki, dövlət tərəfindən görülən tədbirlərlə yanaşı, bu sahədə vətəndaş cəmiyyətinin də müsbət fəaliyyəti qeyd olunmalıdır: "Bu sahədə müxtəlif tədbirlər görülüb və şükürlər olsun ki, müsbət nəticəsi var. Belə ki, dövlət müstəqilliyinin ilk illərində Azərbaycanda söz, fikir və məlumat azadlığı sahəsində ciddi problemlər mövcud idi. Kütləvi informasiya vasitələrinə dövlətin müdaxiləsi, senzuranın mövcudluğu, mətbuat orqanlarının maddi-texniki bazasının zəifliyi, jurnalistlərin peşəkarlıq səviyyəsinin aşağı olması vətəndaş cəmiyyətinin əsas elementlərindən biri olan fikir, söz və məlumat azadlığının inkişafına mane olurdu. Respublika-mızda ictimai-siyasi sabitlik əldə edildikdən sonra ölkənin davamlı inkişaf strategiyası müəyyənləşdi və demokratik islahatların həyata keçirilməsinə başlanıldı. Müasir jurnalistikanın inkişaf etdirilməsi, milli mətbuatın mütərəqqi ənənələrinin qorunub saxlanılması, KİV-lərin fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi istiqamətində müvafiq işlər görüldü.
Azərbaycan Respublikasının Konstitusiyasında hər kəsin fikir və söz azadlığı, qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq hüququ təsbit olundu, informasiya azadlığına təminat verildi, KİV-lərdə dövlət senzurası qadağan edildi".
Onun fikrincə, müasir dövrümüzdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına aid xüsusiyyətləri özündə əks etdirən QHT-lərin Azərbaycanda yaranması və fəaliyyəti hələ XIX əsrin sonları - XX əsrin əvvəllərinə təsadüf edir: "Bu dövrdə QHT-lər dövlətdən asılı olmayan sosial və ictimai sahədə fəaliyyət göstərərək cəmiyyətin həyatında mühüm rollardan birini oynayırdı. Bunu inkişaf etdirmək hər bir cəmiyyətdə ədalətli mühitin olması, vətəndaş cəmiyyətinin mübarizə əzmindən asılıdır. Vətəndaş cəmiyyəti-demokratiyanın bərqərar olduğu ölkələrdə demokratikləşmə prosesinin ifadəsi, eyni zamanda mühüm və aparıcı amil olaraq onun inkişafında müstəsna rol oynayır.
Fəal vətəndaş cəmiyyəti demokratiyanın inkişafı üçün əsas şərtdir... Belə demək mümkünsə, demokratik cəmiyyət quruculuğunda, eyni zamanda insan haqlarının qorunmasında QHT-lərin rolu əvəzedilməzdir. Bizdə bu sahədə müəyyən müəyyən çatışmamazlıqlar olsa da, uğurlu addımlarımız da çoxdur".
Təbii ki, müstəqillikdən sonra qısa zaman kəsiyində vətəndaş cəmiyyəti institutları reallaşa bilməzdi. Bunun üçün ölkədə hüququn aliliyi təmin edilməli, sabit ictimai münasibətlər sistemi qurulmalı, beynəlxalq təcrübə öyrənilməli və bir sıra digər vacib mərhələlər keçilməli idi. Çünki vətəndaş cəmiyyəti birbaşa hüquqi dövlətin yaranması və inkişafı ilə bağlıdır. 1995-ci ildə hazırlanmış ilk milli Konstitusiyamiz demokratik, hüquqi, sivilizasiyalı, dünyəvi dövlətin yaradılması ilə bağlı prinsipləri özündə ehtiva etdi. Əsas Qanunun qəbul edilməsilə ölkəmiz hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda yeni bir mərhələyə qədəm qoydu. Məlumdur ki, vətəndaş cəmiyyəti açıq, demokratik, müstəqil inkişaf edən bir cəmiyyətdir. Bu cəmiyyətin mərkəzində birbaşa vətəndaş dayanır. Vətəndaş cəmiyyətinin struktur elementləri isə bunlardır: - şəxsiyyət, ailə, məktəb, ibadət evləri, sahibkarlıq və təşəbbüskarlıq, sosial qruplar, siniflər, vətəndaşların şəxsi həyatları və onların təminatı, demokratik institutlar, ictimai birliklər, siyasi partiyalar və hərəkatlar, müstəqil məhkəmələr, təhsil sistemi, müstəqil KİV-lər.
Azərbaycan müstəqillik qazandıqdan sonra vətəndaş cəmiyyəti ilə paralel hüquqi dövlətin formalaşması prosesi də sürətləndi. Həmin dövrdən etibarən dövlətin müstəqilliyinə, demokratiyanın inkişafına, siyasi plüralizmə, siyasətdə və iqtisadiyyatda sərbəstliyə, insan azadlığının qorunmasına xüsusi önəm verildi. Azərbaycanda hüquqi dövlətin əsas təməl prinsipləri müəyyən edildi və siyasi, iqtisadi, mənəvi əsasları gerçəkləşdi. Qanunların aliliyi, vətəndaşların hüquq və azadlıqlarının reallığı dövlətin və şəxsin qarşılıqlı cavabdehliyi, qanunların yerinə yetirilməsinə səmərəli nəzarətin mövcudluğu prinsipləri həyata keçdi. Bu mənada Azərbaycanda hüquqi dövlət quruculuğunu təxmini olaraq, üç mərhələyə bölmək olar. Birinci dövr dövlət müstəqilliyini əldə etdikdən sonra yeni Konstitusiyanın qəbuluna qədərki zamanı əhatə edir. Bu dövrdə bir sıra yeni siyasi-hüquqi dəyərlər, prinsiplər, institutlar və mexanizmlər dövlət-hüquq sisteminə daxil oldu. Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, azad mətbuatın hüquqi əsasları yaradıldı və fəaliyyətə başladı. İkinci mərhələ, yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanın Avropa Şurasına daxil olmasına qədərki dövrdür. Bu dövrdə konstitusiya nəzarəti orqanı, azad mətbuatın qanunvericilik bazası formalaşdırıldı. Azərbaycan insan hüquqlarının müdafiəsi sahəsində beynəlxalq konvensiyalara qoşuldu. Milli qanunvericilik təkmilləşdirildi, yerli özünüidarənin hüquqi əsasları yaradıldı və ilk
bələdiyyə seçkiləri keçirildi. Üçüncü dövr isə Azərbaycanın Avropa Şurasına daxil olmasından başlanır və indiyə kimi davam edir.

Əli