“Dünya idmanında haqsızlıqlar baş alıb gedir” İdman

“Dünya idmanında haqsızlıqlar baş alıb gedir”

Xəzər İsayev: "Azərbaycan dünyada ədalət prinsiplərinə sadiq ölkə kimi tanınır"
Bu günlərdə Budapeştdə keçirilən Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) İcraiyyə Komitəsinin iclasında BƏOK Ədalətli Oyunlar İnkişaf Mərkəzinin Bakıda yaradılması qərara alınıb. İcraiyyə Komitəsi üzvlərinin yekdil səslərinə əsasən, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayev 9 dövləti əhatə edən (Azərbaycan, Gürcüstan, Tacikistan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan, Monqolustan, İran) BƏOK Ədalətli Oyunlar İnkişaf Mərkəzinin prezidenti seçilib. BƏOK Ədalətli Oyunlar İnkişaf Mərkəzinin fəaliyyəti ilə bağlı Mərkəzin prezidenti və MOK-un vitse-prezidenti Xəzər İsayev AZƏRTAC-ın müxbirinə müsahibə verib.

- Xəzər müəllim, ilk növbədə, sizi BƏOK Ədalətli Oyunlar İnkişaf Mərkəzinin prezidenti seçilməyiniz münasibətilə təbrik edirəm. İstərdik, Mərkəzin yaradılması təşəbbüsü barədə məlumat verəsiniz.
- Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası cənab İlham Əliyevin 1997-ci ildə MOK-un prezidenti seçilməsindən sonra yaradılıb. Cənab İlham Əliyevin təşəbbüsü ilə fəaliyyətə başlayan təşkilat 1998-ci ildə Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) üzvü olub. Həmin vaxt ardıcıl iki il təşkilatın tədbirində ölkəmizi Olimpiya çempionu Rəfiqə Şabanova, sonrakı il MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə təmsil etmişdi. 2000-ci ildən Azərbaycan Ədalətli Oyunlar Komissiyasının rəhbəri olaraq ölkəmizi qitə və dünya Ədalətli Oyunlar təşkilatlarının tədbirlərində təmsil edirəm.
Biz Avropa və Beynəlxalq Ədalətli Oyunlar təşkilatları ilə sıx əməkdaşlıq edirik. 2009-cu ildə Avropa Ədalətli Oyunlar Hərəkatının konqresi və Assambleyası, 2015-ci ildə isə Avropa və Beynəlxalq Ədalətli Oyunlar hərəkatlarının birgə konqresi, Baş Assambleyası və qala-gecəsi ölkəmizdə yüksək səviyyədə təşkil olundu. Gündəlik həyatda Olimpiya tərbiyəsinin, Ədalətli Oyunlar dəyərlərinin və prinsiplərinin vacibliyinə yönələn bütün təşəbbüslərə verdiyi hərtərəfli dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyev 2009-cu ildə Avropa Ədalətli Oyunlar Hərəkatının "Şərəf" nişanı ilə təltif edilib. 2015-ci ildə isə dövlətimizin başçısına Beynəlxalq Ədalətli Oyunlar Təşkilatının xüsusi medalı, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya isə Avropa Ədalətli Oyunlar Hərəkatının ordeni təqdim olunub. Bu sahəyə ölkəmizdə dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir ki, beynəlxalq qurum Azərbaycana etimad göstərərək Mərkəzin məhz Bakıda yaradılmasına qərar verib. Yaradılan yüksək səviyyəli qarşılıqlı əməkdaşlıq işlərimizin bundan sonra da uğurla davam edəcəyinə əsas verir.
- Maraqlıdır, Ədalətli Oyunlar İnkişaf Mərkəzinin əsas fəaliyyəti nədən ibarət olacaq?
- Azərbaycan dünyada ədalət prinsiplərinə sadiq ölkə kimi tanınır. Biz çalışacağıq ki, AzƏOK ilə Mərkəzin fəaliyyətini birgə həyata keçirək. Bildiyiniz kimi, AzƏOK tərəfindən indiyədək bir sıra uğurlu tədbirlər həyata keçirilib. Mərkəzin əsas fəaliyyəti idmançı, hakim, məşqçi və mütəxəssislərə ədalət prinsipini aşılamaq, insanları bu ruhda yaşamağa dəvət etməkdir.
İdman xalqlar arasında dostluğa, qardaşlığa, qarşılıqlı anlaşmaya yardım göstərən vasitələrdən biri olmaqla yanaşı, ədalətli mübarizəni, sağlam həyat tərzini təbliğ edir, insanın fiziki və mənəvi tərbiyəsində mühüm rol oynayır. Təəssüf ki, dünyanın bəzi ölkələrində bu sahəyə demək olar ki, diqqət yönəldilməyib. Bunun nəticəsidir ki, hazırda dünya idmanında haqsızlıqlar baş alıb gedir.
Mərkəz bu haqsızlıqlara, nizam-intizamdan kənar hərəkətlərə və ədalətsizliyə qarşı maarifləndirmə işləri həyata keçirəcək. Dünya idmanı hazırda dopinq qalmaqalları ilə üzləşib. Qadağan olunmuş preparatlardan istifadə ədalət prinsiplərinə zidd addımdır. Həmçinin hakimlərin idmançılara qarşı qərəzli mövqedən çıxış etməsi istiqamətində də maarifləndirmə işinin aparılması vacibdir. Hakimlərin qərəzli yanaşması idmançıların gələcək karyerasının zədələnməsinə, hətta onların idmandan uzaqlaşmasına gətirib çıxarır. Paralimpiyaçı idmançılar ədalət prinsiplərinin önündə dururlar. Belə ki, sağlam həyat tərzi ilə yaşamaq, idman arenasında əzmkarlıq nəticəsində möhtəşəm qələbələrin qazanılması, ruh yüksəkliyi və həyat eşqi bu idmançıların amalıdır. Biz çalışacağıq ki, bu amilləri Mərkəzə üzv olan ölkələrdə təbliğ edək.
Universitetlərdə, məktəblərdə, həmçinin uşaq bağçalarında görüşlərin təşkil olunması istiqamətində işlər görülür. Bu layihə vasitəsilə uşaqlara və gənclərə ədalətli oyunların ideyası, fəlsəfəsi və amalı çatdırılmalıdır. Mərkəzin fəaliyyəti zamanı aidiyyəti qurumların işindən də istifadə edəcəyik. İl ərzində 4-5 tədbirin təşkil olunması nəzərdə tutulub. Maarifləndirmə tədbirlərinin təkcə paytaxtda deyil, bölgələrdə də keçirilməsi nəzərdə tutulub. Mərkəz ildə bir dəfə üzv ölkələrin Bakıda görüşünü təşkil edəcək. Əgər Mərkəzə üzv ölkələr bu tədbirlərə ev sahibliyi etmək üçün müraciət etsələr, təbii ki, biz tədbirin təşkilini onlara həvalə edə bilərik. Mərkəzin loqosu, şəxsi hesabı olacaq və rəsmi internet səhifəsi fəaliyyət göstərəcək.
Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin prezidenti Jeno Kamuti və İcraiyyə Komitəsinin üzvü Erdoğan Arıpınar ilə apardığımız müzakirələrdən sonra qərara gəldik ki, Mərkəzdə prezident ilə yanaşı, vitse-prezident və baş katib də fəaliyyət göstərsin. Bundan əlavə, praktiki məsələlərin həlli üçün əlavə işçilər də olacaq. Çalışacağıq ki, Mərkəzin əməkdaşları sırasında xarici ölkə vətəndaşları da olsun. Əgər Mərkəzin strukturu yerli mütəxəssislərdən ibarət olsa, qurumun yalnız Azərbaycan ilə bağlı olduğu düşünülə bilər. Qeyd edim ki, gələcəkdə Mərkəzə üzv olan ölkələrin sayı arta bilər.
- Bildiyimizə görə, bu il BƏOK-un 2017-ci ilin yekununa əsasən müəyyən edilən mükafatlarının təqdimetmə mərasimi Bakıda olacaq. Bu haqda nə deyə bilərsiniz?
- Sentyabrın 20-27-də Azərbaycanda keçiriləcək cüdo üzrə dünya çempionatı çərçivəsində BƏOK-un qala-gecəsi keçiriləcək. Artıq BƏOK ilə Beynəlxalq Cüdo Federasiyası arasında bu istiqamətdə müqavilə imzalanıb. Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini nəzərə alan qurumlar mötəbər tədbirin təşkilini ölkəmizə həvalə ediblər. Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov da bu barədə məlumatlıdır və onunla qala-gecə haqqında fikir mübadiləsi aparmışıq. Bu tədbir ölkəmizdə ikinci dəfə təşkil olunacaq. Bu da Azərbaycanın ədalət prinsiplərinə sadiqliyinin nümunəsidir.
Qeyd edim ki, qala-gecədə dörd nominasiya üzrə mükafatların sahibləri məlum olacaq. Bunlar "Pyer-de-Kuberten", "Jak Roqq", "Con Barotra" və "Villi Daum" mükafatlarıdır. Qeyd edim ki, bu nominasiyalar üzrə mükafatları almaq üçün müxtəlif ölkələrdən 41 namizəd müraciət edib. BƏOK tərəfindən artıq qaliblərin adları müəyyənləşib. Bu mükafatlar öz sahiblərinə sentyabrda Bakıda təqdim ediləcək.