Ukraynada döyüşlər başladı Dünya

Ukraynada döyüşlər başladı

Poroşenko Almaniya, Fransa və Rusiya xarici işlər nazirləri ilə təcili danışıqlar istəyir

Cavid

Dünən Ukraynanın şərqində hökumət qüvvələri ilə separatçılar arasında döyüşlər intensivləşdiyi bir vaxtda ölkə prezidenti xarici işlər nazirinə baş qaldıran zorakılıqlar haqda alman, fransız və rus həmkarları ilə təcili danışıqlar aparmaq göstərişi verib. Ukrayna prezidentinin internet səhifəsində deyilir ki, 200-ə yaxın separatçı tanklardan istifadə edərək Novolaspa kəndinə hücuma keçib. Kənd hökumətin nəzarətində olan Mariupol şəhəri ilə separatçıların istehkamı olan Donetsk arasında yerləşir. Ukrayna hərbi qərargah rəisi Viktor Mujenko prezident Pyotr Poroşenkoya deyib ki, hücumun qarşısı alınıb. Ancaq son məlumatlara görə, daha sonra hökumət qüvvələri kənddən çıxmalı olub. Üsyançı rəsmiləri onların qüvvələrinin Novolaspaya hücumunu rədd edərək bildirib ki, üsyançıların bazaları əvvəldən orada olub. Separatçılar daha sonra Ukrayna qüvvələrini kəndi ağır artileriyadan atəşə tutmaqda ittiham edib. Ukrayna ordu sözçüsü Vladislav Seleznyov hökumət qüvvələrinin Staronativka qəsəbəsinə nəzarəti öz əlində saxladığını bildirib. Qəsəbə Nobolaspadan bir neçə kilometr cənub-qərbdə yerləşir. Sözçü bildirib ki, hücum zamanı bir Ukrayna əsgəri həlak olub, 9 nəfər isə yaralanıb. Poroşenkonun Twitter vasitəsilə bildirdiyinə görə, o, xarici işlər naziri Pavlo Klimkinə Almaniya, Fransa və Rusiya xarici işlər nazirləri ilə təcili danışıqlar aparmaq tapşırığı verib. Lakin ABŞ məsələyə sadalanan ölkələrdən daha tez reaksiya veribvə bu dəfə də Rusiyanı ittiham edib. Vaşinqtonda Dövlət departamenti nümayəndəsi Con Kirbi bildirib ki. Birləşmiş Ştatlar Ukraynanın şərqində hücumların çoxalmasında "dərin narahatlıq" hissi keçirir. Oz müraciətində o 3 ukraynalının ölümü və 35 yaralı barədə məlumat verib. "Rusiya və onun dəstəklədiyi separatçılar eyni zamanda sülh və müharibə barədə danışa bilməzlər. Əyər onlar sülh istəyirlərsə Minskdə danışıldığı kimi tam şəkildə atəşi dayandırsınlar"- deyə Kirbi bildirib.
Ukraynanın milli təhlükəsizlik və müdafiə şurasının sədri Aleksandr Turçinov isə bildirib ki, "Kreml Ukraynanın şərqində "Boeing" faciəsi ilə müqayisədə daha genişmiqyaslı terror aktları hazırlayır. "Rusiyanın xüsusi xidmət orqanları işğal edilmiş ərazilərdə insanların kütləvi toplaşdığı obyektlərin seçimini həyata keçirir. Bunlara uşaq bağçaları, təhsil müəssisələri, yaşayış binaları və digər infrastruktur obyektlər daxildir. Rusiyanın xüsusi xidmət orqanları bu obyektlərdə terror aktlarını təşkil etmək üçün ssenarilər hazırlayır", - Aleksandr Turçinov deyib. Ukraynanın milli təhlükəsizlik və müdafiə şurasının sədri həmçinin qeyd edib ki, Moskva insanlığa qarşı cinayətlərdə Ukrayna rəhbərliyini ittiham etmək təxribatlara hazırlaşır.
Qeyd edək ki, Turçinovun xatırlatdığı "Boeing" faciəsi Ukraynanın Donetsk vilayətində baş verib. Amsterdamdan Kuala-Lumpura uçan təyyarə raketlə vurulub. Təyyarənin göyərtəsində olan 298 nəfər, o cümlədən, 85 uşaq və 15 heyət üzvündən heç biri sağ qalmayıb. Hadisəyə görə heç bir tərəf məsuliyyəti üzərinə götürməyib. Bu isə qarşılıqlı ittihamların bir-birini əvəzləməsinə səbəb olub.
Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının mətbuat xidmətinin "Facebook" səhifəsində isə qeyd edilib ki, Ukraynanın şərqində separatçıların döyüş əməliyyatlarını Rusiya Silahlı Qüvvələri Quru Qoşunları komandanının müavini general-leytenant Aleksandr Lentsov əlaqələndirir. Xəbərdə deyilir ki, operativ informasiyaya görə, rusiyalı general separatçılara nəzarət edir.
Xatırladaq ki, Ukrayna qaynaqları hələ fevralın 18-də Aleksandr Lentsovun Devaltsevo rayonunda olduğunu yazıb və Lentsovun Donbasda çəkilən foto və videogörüntüləri yayılıb. Videogörüntüdə "Luqansk Xalq Respublikası"nın döyüşçüləri ilə danışan Lentsov onlara Ukrayna hərbçilərinin mühasirəyə düşmək bəhanəsi ilə Rusiyaya təslim olduğundan danışır. Lentsov hərbi geyimdə olsa da, üzərində Rusiya ordusunun heç bir nişanı yox idi. Ukrayna qaynaqları bildirir ki, Rusiya generalı bölgəyə separatçılar arasında təbliğat aparmaq və dağılan birlikləri vahid komandanlıqda birləşdirmək üçün gəlib.
Qeyd edək ki, Ukraynanın Təhlükəsizlik Xidməti avqustun 5-də Rusiya Silahlı Qüvvələri Baş qərargahının müdiri Valeri Gerasimov və Rusiyanın digər 10 hərbi qulluqçusu barədə axtarış elan edib. Onlar Ukraynanın ərazisində silahlı münaqişənin təşkilində ittiham olunurlar. Rusiya Müdafiə Nazirliyi isə Kiyevin bu qərarını "səfehliyin yüksək səviyyəsi" adlandırıb.
BMT-nin hesabatına əsasən 2014-cü ilin aprel ayında münaqişənin başlamasından bu yana Donbasda hərbi toqquşmaların hamısında 6500 insan həyatını itirib.