Saakaşvili gücləndi Dünya

Saakaşvili gücləndi

Tiflisdə vəziyyət gərginləşir

Son 4 il Gürcüstan siyasəti üçün durğunluq dövrü oldu. Həm iqtidar, həm də müxalifət öz işini Saakaşvili üzərində qurmağa çalışdı. İqtidar ölkədə baş vermiş bütün bədbəxtliklərə görə onu qınayır, müxalifət isə Gürcüstanın ən yaxşı günlərinin onun vaxtına təsadüf etdiyini deyirdi. Beləliklə, sonda məlum oldu ki, iqtidar partiyası verdiyi vədlərin bir çoxunu yerinə yetirmədi; nə faizsiz kreditlər verildi, nə dotasiya, nə 100 zavod tikildi, ipoteka kreditləri də bağışlanmadı və s. Gürcü Arzusunun de-fakto lideri İvanişvilinin məqsədi Vahid Milli Hərəkatı siyasət səhnəsindən silmək idi. VMH iqtidar üçün ciddi müxalif qüvvəyə çevrilsə də, yenidən iqtidar ola bilmədi.
2012-2016-ci illər göstərdi ki, Gürcüstanda mübarizə siyasi partiyalar arasında yox, liderlər arasında gedir. O liderlər ki, heç biri rəsmən siyasi təşkilatın başında deyil. Seçkiyə gedən insanların yarısı məhz Saakaşviliyə olan simpatiyasına görə VMH-a səs verib, onun bəyənməyənlər isə istəmədikləri halda hakim partiyanın xeyrinə qərar veriblər.
Azad Demokratların lideri İrakli Alasaniya Gürcü Arzusu koalisiyasında təmsil olunarkən onun reytinqi 30 faiz idi. Koalisiyadan ayrılıb seçkiyə müstəqil partiya kimi qatıldı, 5 faizlik həddi keçə bilmədi. Yaxud, son 4 ildə parlament spikeri olan Respublikaçı David Usupaşvilinin partiyası seçkidə sonuncu yeri tutdu.
Saakaşvili ilə partiya liderləri arasında bəzi fikir ayrılıqlarının olduğu deyilir.
Birincisi, Vahid Milli Hərəkat sonuncusu çıxmaq şərtilə 3 seçkidə uduzmağına baxmayaraq, partiya daxilində hansısa yeniliklər etməyib; rəhbərlik demək olar ki, eyni şəxslərdir, partiya strukturlarında hazırda təmsil olunanlar Saakaşvili dönəmində minimum nazir müavini postunu tutanlardır, yeni simalar yoxdur.
İkincisi, partiya rəhbərliyi öz üzvlərini təşkilatlarına bilmədi, uzun müddətdir ki, qurultay keçirilmir, regionlar səviyyəsində iş aparılmayıb, yalnız seçki öncəsi rayon təşkilatlarının fəaliyyətində canlanma olub.
Üçüncüsü, VMH hakimiyyətdə olduğu zaman buraxdığı səhvlərə görə hələ də üzr istəməyib. Əslində istəyib, amma konkret hansı qüsurları olduqlarını deməyiblər.
Dördüncüsü, partiyanın həbsdə və mühacirətdə olan liderlərinə yetərincə diqqət ayırılmadı, onları gah eşitmədilər, gah da eşidib əməl etmədilər.
Seçki başa çatmamış Saakaşvili, "qalib olsaq da Gürcüstana qayıtmayacağam, Ukraynanı rahat ata bilmərəm" demişdi.
Qeyd edək ki, oktyabrın 8-də Gürcüstanda parlament seçkiləri keçirilib. 3699 (99,92%) məntəqə üzrə hesablanan səslərin nəticələrinə görə, Gürcü Arzusu 48,6%, Vahid Milli Hərəkat Partiyası 27,14% səs toplayıb. Gürcüstan Vətənpərvərlər Alyansı isə 5% səs alaraq, barajı adlamağı bacarıb.
Gürcüstan parlamentinə 150 deputatın 77-i partiya siyahısı (proporsional), 73-ü birmandatlı dairələrdən (majoritar) seçilməlidir. 73 birmandatlı dairədə deputat mandatı uğrunda 816 nəfər mübarizə aparır. Birmandatlı dairələrdə deputat seçilmək üçün I turda namizədlərdən birinin 50 faiz+1 səs toplaması tələb olunur.
Ən son məlumata görə, I turda 17 majoritar seçki dairələrində seçkilər yekunlaşıb və səslər hesablanıb. Ölkənin regiondakı 51 majoritar dairəsindən 34 dairədə ikinci tur keçiriləcək. Həmin dairələrin 32-də "Gürcü Arzusu" və "Vahid Milli Hərəkat" partiyalarından irəli sürülən majoritar namizədlər iştirak edəcək. Digər iki dairədə isə "Gürcü Arzusu" və "Azad Demokratlar", həmçinin "Sənayeçilər" tərəfindən irəli sürülən majoritar namizədlər deputatlıq uğrunda mübarizə aparacaqlar.
Gürcüstanda oktyabrın 8-də keçirilən parlament seçkilərinin nəticələrini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli deyib ki, parlament seçkiləri başa çatmadan Gürcüstanda xeyli ekstentlər baş verə bilər.
Politoloq Gürcüstanda 2012-2016-cı il parlament seçkilərinin müqayisəli təhlilini aparıb:
"2012-ci ilin parlament seçkilərində Saakaşvilinin partiyasında bir arxayınlıq var idi. Gürcü Arzusu bloku isə təxminən 12-yə yaxın partiyanı öz sıralarında birləşdirdi. Milyarder Bidzina İvanişvilinin 5 milyardlıq dollarını əldə əsas tutan partiyalar oliqarxın maddi dəstəyi hesabına güclü sosial siyasət və əhalinin maddi rifahının yüksələcəyinə yönəlik tədbirlər vədi ilə 74 faiz səslə Saakaşvilinin Vahid Milli Hərəkat Partiyası üzərində qələbə çaldılar. Ancaq son dövrlər Gürcü Arzusunun sıralarında ciddi sarsıntılar var, İvanişvili sərvətinin cüzi hissəsini sosial istiqamətə yönəltdi, verdiyi vədlərin böyük hissəsini yerinə yetirmədi, nəticədə partiyalardan 4-ü bloku tərk etdi. Bu dövrdə həm də Saakaşvilinin keçirdiyi tədbirlərin əhəmiyyəti əhalinin gözündə açıq surətdə nəzərə çarpmağa başladı. Bu seçkidə Gürcü Arzusu blokuna cəmi 7 partiya daxil idi. Üstəlik, Saakaşvilinin partiyası təxminən 200 minlik mitinqlə güclü elektorat qazandığını nümayiş etdirdi.
Hazırkı səs göstəriciləri kifayət qədər mübahisəlidir. Düzdür, bəzi majoritar dairələrdə hələ seçkilərin nəticələri tam elan olunmayıb, ancaq rəsmi nəticəyə görə, Vahid Milli Hərəkat Partiyası 27 faizdən bir qədər çox səs toplayıb. Bu da onu göstərir ki, Saakaşvilinin Gürcü Arzusu blokunu devirmək imkanı yoxdur.
Buna baxmayaraq, VMHP-dan ən azı, 50 deputatın parlamentdə təmsil olunacağı ehtimal edilir. 2012-ci ildə bu partiyadan cəmi 32 deputat var idi. Gürcü Arzusu blokunun isə hazırda 92 deputatı var. Bəziləri deputatların sayının 100-ə çatacağını deyir. Majoritar dairədən 8 deputatla bağlı nəticələr hələ müəyyənləşməsə də, qüvvələr nisbəti Gürcü Arzusunun xeyrinə olsa da, deputat mandatından heç olmasa, 4 yeri Saakaşvilinin partiyası uda bilər. Çünki hazırda ölkədə qarşıdurma hiss edilir, seçkinin nəticələri ilə bağlı ciddi polemika və diskussiyalar gedir, bəzi saxtakarlıqlar üzə çıxıb".
2016-ci ilin parlament seçkilərinin nəticələrinin Gürcüstanın siyasi vəziyyətinə təsirinə gəlincə, politoloqun sözlərinə görə, bundan sonra parlamentin işi əvvəlkitək rəvan getməyəcək:
"Seçkilərdən sonra Gürcüstanın siyasi vəziyyəti bir müddət təlatümlü olacaq. Ölkədə vətəndaş qarşıdurması dərinləşə bilər. Parlamentdə qərarların qəbulu zamanı ciddi fikir ayrılıqları qaçılmaz olacaq. Çünki müxalifətin mövqeyi getdikcə güclənir".
Q.Hüseynli bildirib ki, parlament seçkilərindən sonra Gürcüstanın daxili və xarici siyasətində ciddi kardinal dəyişikliklər gözlənilmir:
"Hesab edirəm ki, Qərblə yanaşı, Rusiyaya meyillik artacaq. Ancaq Gürcüstan Qərbə inteqrasiya xəttindən açıq imtina edə bilməz. Bu, demək olar ki, qeyri-mümkündür. Azərbaycanla münasibətlərdə səmimilik dərəcəsi Saakaşvili dövründəki səviyyədə olmayacaq. Çünki hazırkı qüvvələr çox ciddi manevrlər edirlər, Azərbaycanın qaz və neft siyasəti ilə bağlı məsələlərdə ikili mövqe tuturlar".
Saakaşvilinin partiyasının Gürcüstandakı proseslərə təsirinin xeyli artdığını deyən politoloq parlament seçkiləri başa çatmadan ölkədə ekstentlərin baş vermə ehtimalını istisna etməyib: "Çünki parlamentdə mövqeyi möhkəmlənən Vahid Milli Hərəkat Partiyası əhali arasında çox populyarlaşıb və kütlənin böyük hissəsini öz tərəfinə çəkə bilib".