Suriyada atəşkəs haqqında razılıq qüvvəyə mindi Dünya

Suriyada atəşkəs haqqında razılıq qüvvəyə mindi

Suriyada prezident Bəşər Əsəd tərəfdarları ilə müxalif qruplaşmalar arasında əldə edilmiş atəşkəs razılığı qüvvəyə minib. Tərəflər ümumi razılıq çərçivəsində bir-birlərinə qarşı hücumların edilməyəcəyi, nəzarət altında olan bölgələri bir-birlərinin əleyhinə genişləndirməyəcəkləri barədə qarşılıqlı öhdəlik götürüblər.
Suriyanın hökumət qüvvələri ilə müxalifləri arasında danışıqlarda vasitəçi kimi iştirak edəcək Türkiyə və Rusiya rəsmiləri atəşkəsin əldə edilməsini alqışlayıblar. Rusiya prezidenti Vladimir Putin ötən gün ölkəsinin və Türkiyənin təminatçılığı ilə atəşin dayandırılması barədə razılığın əldə edildiyini bildirib. Qeyd edək ki, atəşin dayandırılması barədə razılaşma İŞİD terror qruplaşmasına qarşı əməliyyatlara şamil edilmir. Ötən gün Hələbin bir sıra yaşayış məntəqələri terrorçu qruplaşmalar tərəfindən atəşə tutulub.
"The Guardian" yazır ki, Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu bu barədə bəyanat versə də, əlavə edib ki, Ankara prezident Bəşər əl-Əsədin öz vəzifəsindən getməsi tələbini dəyişməyib. Bu da bəllidir ki, Suriyanın ana müxalifətinin bu atəşkəs sazişinə qoşulduğu barədə razılaşma yoxdur. "The Guardian" yazır ki, hətta gələcəkdə də Suriyanın hansı ərazilərində atəşkəsin olacağına dair mübahisələr kəsilməyəcək. Qiyamçı qruplaşmalar atəşkəs razılaşmasının Dəməşq ətrafındakı regionlara da aid edilməsini istəyirlər, lakin Rusiya buna qarşı çıxır. Müxalifətin vəzifəli rəsmiləri bildiriblər ki, onlara atəşkəs barədə razılaşma haqqında heç bir rəsmi sənəd verilməyib və onlar belə bir sazişə qoşulmağa razılıq verməyiblər.
Rusiya, İran və Türkiyə ötən həftə Moskvada keçirilən görüşdə elan etmişdilər ki, Suriyada sülh sazişinin əldə olunmasına hazırdırlar. Tərəflər bu razılaşmanın ilkin prinsiplərini tezislər şəklində bəyan etmişdilər. Mevlüt Çavuşoğlu deyib ki, Suriya münaqişəsinin həllinə dair masa üstündə iki sənəd vardır. Bunlardan biri siyasi həll, digəri isə atəşkəsə aiddir. Türkiyə naziri bildirib ki, bu sənədlərin tətbiqinə istənilən vaxt başlana bilər.
O bunu da əlavə edib ki, Suriya müxalifəti Əsədi heç vaxt qəbul etməyəcək. "Bütün dünya bilir ki, Əsədlə birlikdə heç bir siyasi keçid mümkün deyildir və bizim hamımıza aydındır ki, bu adamlar Əsədin ətrafında birləşməyəcəklər" - deyib Çavuşoğlu. Ötən həftə Rusiyanın xarici işlər naziri bildirmişdi ki, İran və Türkiyə Suriyada ən önəmli məsələnin terrorizmə qarşı mübarizə olduğunu və Əsəd hökumətinin devrilməsui olmadığını qəbul ediblər.
Türkiyənin Anadolu agentliyi Moskva və Ankara arasında Suriyada ümumi atəşkəs barədə razılaşma əldə olunduğunu bildirib. Moskva bu xəbər barədə şərh verməkdən imtina edib. Moskva bunu da əlavə edib ki, ola bilsin, türklər bu xəbəri verməklə bir qədər tələsiblər. Kreml bildirir ki, bu atəşkəs Rusiya və Suriya hökumətlərinin terrorçu saydığı qruplaşmalara şamil edilməyəcək və onlara qarşı hərbi əməliyyatlar dayanmayacaq. Öz növbəsində Türkiyə Suriya kürdlərinin Demokratik Partiyası (PYD) və onun hərbi qolu YPG-nin danışıqlarda iştirakına qarşı çıxır.
Rusiyanın başçılıq etdiyi danışıqların necə davam etdiriləcəyi barədə məlumatlar yayğındır, lakin Kreml bu danışıqların Qazaxıstanın Astana şəhərində keçiriləcəyini elan edib. Tənqidçilər bildirirlər ki, əsas müxalifət qruplarının iştirak etmədiyi bu danışqlar, ümumiyyətlə mənasızdır. Bu danışıqlarda Moskvanın terrorçu hesab etdiyi ən-Nüsra və Raqqada mənzillənən və özünü İslam Dövləti adlandıran qruplaşma iştirak etməyəcəklər. Türkiyə Suriya kürdlərinin Suriya Demokratik Qüvvələri təşkilatının bu danışıqlarda iştirakına qarşı çıxır, lakin ABŞ İŞİD-ə qarşı döyüşən SDQ-ni öz müttəfiqi sayır.
Bundan bir gün əvvəl Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan ABŞ-ı İŞİD-i dəstəkləməkdə ittiham etmiş, dövlət departamenti isə onun bu bəyanatını "gülməli" adlandırmışdı. Ərdoğan həmçinin Amerika koalisiyasını Türkiyənin əl-Bab əməliyyatını havadan dəstəkləməməkdə ittiham edib. Türkiyə deyib ki, ABŞ-ın öz öhdəliyinə xilaf çıxmasına baxmayaraq, onlar əl-Bab şəhərini öz qüvvələri ilə İD-dən azad edəcəklər. "The Guardian" yazır ki, Əsəd rejiminin sərt opponenti olan Türkiyə son aylarda ənənəvi müttəfiqi olan Qərbdən uzaqlaşıb və Moskvaya yaxınlaşıb.
Məqalədə deyilir ki, Ankara Hələb üzərinə Rusiya-İran hücumunun davam etdiyi vaxt heyrətamiz şəkildə sakit dayanmışdı. "The Guardian" ehtimal edir ki, Türkiyənin Suriya siyasəti hələlik yayğındır və ABŞ-ın yeni prezidenti Donald Trump-ın Suriya münaqişəsinə münasibətinin necə olacağı da indilik bilinmir. Öz növbəsində BMT bildirib ki, Suriyaya dair dalana daxil olmuş danışıqlar fevral ayından Cenevrədə davam etdiriləcək. Beləliklə, indi Suriyaya dair iki sülh prosesinin gedəcəyini gözləmək olar. Rusiya israr edir ki, onun apardığı danışqılar BMT danışıqlarını tamamlayır və qətiyyən onlara qarşı yönəlməyib.