Putinin eks-müşavirindən ilginc proqnozlar Dünya

Putinin eks-müşavirindən ilginc proqnozlar

"Rusiyanın işğal edəcəyi növbəti ölkə Belarus olacaq". Bunu "Apostrof" saytına müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin eks-məsləhətçisi Andrey İllarionov söyləyib. O, Rusiyanın bu ölkəyə müdaxiləsinin ilk növbədə Belarus Prezidenti Aleksandr Lukaşenkonun sağlığından asılı olacağını bildirib:
"Hər şey Lukaşenkonun sağlığı və onun Belarus rəhbərliyinin digər üzvləri ilə sabit əlaqəsindən asılıdır. Məsələn, əgər Lukaşenko ilə 24 saatlıq əlaqə dayansa, müdafiə və daxili işlər nazirləri ona zəng edə bilməsələr, ölkədə ciddi risklər yaranacaq".
Eks-müşavir həmçinin Rusiyanın heç bir müttəfiqinin olmadığını söyləyib. Onun fikrincə, Moskva müttəfiq adlandırdığı ölkələrin heç birinə hörmətlə yanaşmır. Xüsusilə, Ermənistana diqqət yetirən eks-müşavir İrəvanın mövcudluğunun Moskvadan asılı olduğunu söyləyib:
"Əsl müttəfiq böyük fəaliyyət azadlığına sahib olur. O özünün müttəfiqlikdə marağını anlayır və nəsə yolunda getməsə, rahat şəkildə müttəfiqlikdən ayrıla bilir. İndi özümüzə sual verək: Ermənistan Rusiya ilə ittifaqdan çıxa bilərmi? Cavab birmənalıdır, əlbəttə ki, yox.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və Avrasiya İttifaqını xüsusilə təhlükəsizlik sahəsində ölü doğulmuş qurumlar adlandırmaq olmaz. Ermənistanla olan məsələdə bu ölü ittifaq yox, çox əsrli tarixin və bugünkü reallıqların əksidir. Ermənistan bundan imtina edə bilərmi? Yox, edə bilməz. Ələvilərlə olduğu kimi, Ermənistan üçün də Rusiya ilə müttəfiqlik ölüm-dirim məsələsidir. Rusiya rəhbərliyi elə də sadə olmayan geosiyasi vəziyyətdən müxtəlif ölkələrə qarşı istifadə edərək öz maraqlarını təmin edir.
Bəli, Ermənistan Rusiyanın Azərbaycana silah satmasından razı deyil. Lakin məhz Ermənistan rus hərbçilərinin yerləşdirilməsi üçün Moskvaya Gümrü bazasını verib. Baza Ermənistan-Türkiyə sərhədindən elə də uzaqda yerləşmir. Sərhəddə təkcə erməni yox, rus hərbçiləri də var. Ermənistan hazırda çox çətin geosiyasi vəziyyətdədir. Bir tərəfdən Türkiyə, digər tərəfdən Azərbaycan, başqa bir tərəfdə isə Gürcüstanla sərhəddir. Gürcüstan hər şeyə rəğmən, Türkiyə və Azərbaycanla müqayisədə (xüsusilə, Bakı ilə Ankaranın ittifaqının olduğu yerdə - A.İllarionov) böyük güc deyil. Buna görə də Ermənistanın Rusiyadan imtina etmək üçün heç bir şansı yoxdur".
İllarionov Moskvanın Belarus üçün hələlik 3 alternativ variant düşündüyünü bildirib:
"Qazaxıstana gəlincə isə bu ölkənin iki seçimi var. O, ya Rusiyaya, ya da Çinə yönəlməlidir. Qazaxıstanın hazırkı elitası Rusiyanı seçir. Yəqin ki, bir azdan hakimiyyətə başqa qüvvələr gələcək və onlar başqa yol təklif edəcəklər. Lakin hələlik Astananın rusiyayönlü siyasəti qorunub saxlanacaq. Belarusda isə fəaliyyət tam ayrıdır. Minskdə Lukaşenkodan başqa hakimiyyətə gələn bütün şəxslər Avropaya inteqrasiya yolunu seçəcəklər. Rusiyanın Lukaşenkoya alternativ olaraq bir neçə variantı var. Ya Lukaşenko başqa şəxslə əvəz ediləcək, ya formal müstəqillik saxlanmaqla ölkənin idarəçiliyi bir neçə şəxsə veriləcək, ya da ki, bu ölkə Rusiyaya birləşəcək. Bu dəqiqə Belarus səssiz şəkildə bütün dünyanın diqqət mərkəzində olan əsas ölkədir".