Donald Tramp “saxta İran xəbərlərinə“ necə aldanıb? Dünya

Donald Tramp “saxta İran xəbərlərinə“ necə aldanıb?

"The Independent" yazır ki, ABŞ prezidenti Donald Tramp ötən həftəsonu İranın ortamənzilli ballistik raketi sınaqdan çıxardığı barədə xəbərlərə reaksiya verib. O deyib ki, bu xəbərin videosu İranın ABŞ-ın Yaxın Şərqdəki müttəfiqi İsrailin ərazisini vura bilən silaha malik olduğunu göstərir. Amma ABŞ rəsmilərinin Fox News agentliyinə verdiyi məlumatdan bəlli olub ki, bu videolar 7 ay bundan əvvəl çəkilibmiş və İran bu yaxınlarda heç bir raket atmayıb.
Tramp isə adətincə yazdığı növbəti tvitində qeyd edirdi ki, "İran indicə İsrailə çata bilən ballistik raketi sınaqdan çıxarıb". Bunun ardınca prezident iddia edir ki, İran həm də Şimali Koreya ilə raket proqramı sahəsində əməkdaşlıq edir. Bu tvitdən və saxta videodan az əvvəl prezident demişdi ki, Obamanın İranla imzaladığı nüvə sazişi Birləşmiş Ştatlar üçün rüsvayçılıqdır.
O bunun ardınca bütün BMT Baş Assambleyasının qarşısında İran rejimini təhqir etməkdən çəkinməmişdi. "Biz yol verə bilmərik ki, qatil bir rejim qorxulu raketlər tikməklə özünün sabitsizləşdirici hərəkətlərini davam etdirsin. Biz son nəticədə nüvə proqramının yaradılmasını pərdələyən sazişə də əməl edə bilmərik" - demişdi Tramp. İran hökluməti Trampın bəyanatlarına cavab olaraq bildirmişdi ki, onun raket proqramı ölkənin müdafiəsinə xidmət edir və İran İsrail və ya başqa bir ölkəni vurmağı planlaşdırmır."
"Biz heç kimi hədələmirik, lakin heç kimin hədəsinə də dözmək niyyətində deyilik" - demişdi İran prezidenti Həsən Ruhani BMT Baş Assambleyasındalıkı çıxışında. Buna baxmayaraq Tramp İranın 6 dünya gücü ilə 2015-ci ildə imzaladığı sazişdən çıxıb-çıxmayacağı barədə konkret heç nə deməyib. BMT və ABŞ vaxtaşırı İranın bu sazişə necə əməl etdiyi barədə hesabatlar hazırlayır. "The Independent" yazır ki, İranla müharibə ABŞ-ın Yaxın Şərqdəki regional müttəfiqləri üçün fəlakətli ola bilər. Ekspertlər İranın regionda ən böyük ballistik raket cəbbəxanasına malik olduğunu düşünürlər. Bu cəbbaxanaya 1000-dək orta və yaxınməzilli raketlərin daxil olduğu məlumdur. İran 2015-ci ildən bəri 20-dək raket sınağı keçirib.