“Kim Krıma sahib olmaq istəyirsə...” Dünya

“Kim Krıma sahib olmaq istəyirsə...”

Krım Tatar Məclisinin başqanı: "Rusiya ilə Krım tatarları arasında dialoqun olmaması bizi narahat edir"

"Krım yarımadası bizim torpaqlardır. Biz əsrlərdən bəri o torpaqların sahibiyik". Bunu APA-ya açıqlamasında Krım Tatar Məclisinin başqanı Refat Çubarov deyib.
R. Çubarov bildirib ki, Rusiya ilə Krım tatarları arasında dialoqun olmaması onları narahat edir: "Təəssüf ki, Rusiya tərəfindən Krımda ayrı-ayrı şəxslərlə dialoq qurulsa da, Krım Tatar Məclisinə heç bir rəsmi təklif gəlməyib".
R. Çubarov qeyd edib ki, hazırda Ukrayna bu ölkədə yaşayan xalqlara dəstək vermək, onları bir yerdə toplamaq iqtidarında deyil: "Beynəlxalq birliyin iradəsi lazımdır. Ümumiyyətlə, keçmiş Sovet İttifaqı ərazisində ədalətin nizamı pozulub. Azərbaycanda Dağlıq Qarabağ, Moldovada Dnestryanı, Gürcüstanda Abxaziya və indi də Ukraynada Krım məsələsi. Beynəlxalq birliyin iradəsi, məsələyə ədalət prinsipi ilə yanaşması vacibdir. Bizim üçün isə ən vacibi olan odur ki, kim Krıma sahib olmaq istəyirsə, bizimlə ədalətli davransın".
R. Çubarov Ukrayna Ali Radasının deputatı, tatarların lideri Mustafa Cəmilin Krıma buraxılmamasından da danışıb: "Hazırda bu, biz tatarların ən vacib mövzusudur. Bu, insan haqlarının pozulmasıdır və biz bu qadağanın aradan qalxması üçün çalışırıq. Mustafa Cəmilin özü də bir sıra beynəlxalq təşkilatlarda təmsil olunur. Amma buna baxmayaraq, bütün beynəlxalq təşkilatlar onun öz evinə buraxılmamasını sükutla qarşılayırlar".