Dünyanı qorxudan virus Dünya

Dünyanı qorxudan virus

80 nəfəri öldürən koronavirusa hansı ölkələrdə rast gəlinib?

Çində koronavirusdan ölənlərin sayı 80-ə çatıb, xəstəlik diaqnozu təsdiqlənənlər isə 3 minə yaxındır. Ölkədə virusun yayılmasının qarşısını almaq məqsədilə Çində Yeni ili bayramı üç gün uzadılıb. Çinin hökumət başçısı Li Keqiang virusun yayıldığı Hubei bölgəsinin paytaxtı Vuhan şəhərinə gedib.
Hubei bölgəsində virusdan ölənlərin sayı 56-dan 76-ya qalxıb, dörd nəfər isə digər bölgələrdə ölüb. Vuhan şəhəri blokadaya alınıb və bir neçə digər şəhərdlərdə səyahət qadağaları tətbiq edilib.
Çində 2744 nəfərdə virusa yoluxma halı təsdiq edilib. Dövlət mediası 300 nəfərdən çox adamın vəziyyətinin ağır olduğunu deyir. Çindən başqa, Tailand, ABŞ və Avstraliya olmaqla ümumilikdə 42 nəfərdə koronavirusa yoluxma halı təsdiqlənib. Çindən başqa heç harada virusla bağlı ölüm hadisəsi qeydə alınmayıb.
Koronavirus şiddətli kəskin respirator infeksiyaya səbəb olur və xüsusi müalicəsi və ya peyvəndi yoxdur. Ölənlərin çoxu yaşlılar və ya əvvəlcədən respirator problemləri olan adamlar olub. Çinin dörd əsas şəhərlərində - Pekin, Şanxay, Xian və Tianjin şəhərlərində Yeni il şənliklərinin miqyası azaldılıb, avtobusla uzun yol səyahətləri qadağan olunub. Çində həmçinin Böyük Çin səddinin bir hissəsi də turistlərə qapadılıb.
Bir neçə şəhərlərdə ictimai yerlərdə üz maskası taxmaq məcburi qayda kimi qoyulub. Honq Konq və Şanxayda Disney parklar bağlanılıb. 11 yoluxma halının qeydə alındığı Honq Konqda şəhər boyu fövqəladə hal elan olunub, məktəblər isə fevralın 17-dək bağlanıb.
Dünya Səhiyyə Təşkilatı və yerli hökumətlərin məlumatlarına görə, Çindən kənarda koronavirusa yoluxma hallarının sayı 42-dir - Tailand 8, ABŞ, Avstraliya 5, Sinqapur, Tayvan, Malayziya 4, Fransa, Yaponiya 3, Cənubi Koreya, Vyetnam 2, Nepal, Kanada 1.
Virusa yoluxanların demək olar ki, hamısı bu yaxınlarda Vuhan şəhərinə səyahət edənlərdir. Çin rəsmilərinə əsasən, xəstəliyi doğuran yeni koronovirusdur. Koronaviruslar geniş virus qrupuna mənsub olsa da, onların yalnız altı növü (yenisi sayca yeddinci olacaq) insandan insana ötürülə bilər. 2002-ci ildə Çində koronovirusun doğurduğu Şiddətli Kəskin Respirator Sindromu (Sars) 774 nəfərin ölümünə bais olmuşdu.
"Sars yaddaşlarda dərin iz buraxıb və indiki qorxuların çoxu da məhz buradan irəli gəlir. Amma biz belə xəstəlik növləri ilə mübarizə aparmağa daha çox hazırıq", - Wellcome Trust-dan doktor Josie Golding deyir. Qızdırma ilə başlayan xəstəlik daha sonra quru öskürəklə müşayiət olunur. Bundan bir həftə sonra təngnəfəslik əmələ gəlir və bəzi hallarda xəstələrin hospitalizasiyasına ehtiyac yarana bilər.
Virusla bağlı məlumatların çoxu xəstəxanadakı müalicə vaxtı toplanılıb. Mülayim və ya simptomsuz keçən xəstəliklər barədə məlumatlar mövcud deyil. Koronavirus qrupuna aid viruslar yüngül soyuqdəymədən ölümcül xəstəliklərə qədər müşahidə olunan simptomlara səbəb ola bilər.
Virusa qarşı vaksin yoxdur, buna görə də onu dayandırmağın yeganə yolu erkən diaqnoz və xəstələrin təcrid olunmuş vəziyyətdə müalicəsidir. Xəstələrlə təmasda olan insanları nəzarət altında saxlayıb, onların daima monitorinqini aparmaq yeni yoluxma hallarının qarşısını ala bilər. Əlavə olaraq - kütləvi toplaşmağa və səyahətə məhdudiyyətlər qoyula bilər. Əksər Asiya ölkələri Uhandan gələn səyahətçilərin yoxlamalarını gücləndirib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xəstəxanalara ünvanladığı xəbərdarlığında yoluxma hallarının arta biləcəyi bildirilir. Sinqapur və Honqkonq, Uhandan gələn sərnişinləri yoxlayır. Buna bənzər addımlar ABŞ və Britaniya da elan olunub. Hərçənd ki, bu cür tədbirlərin effektivliyi ilə bağlı suallar mövcuddur.
İnfeksiya baş verərsə, onun ilk simptomları özünü beş gündən sonra göstərir və bu deməkdir ki, xəstə özünü pis hiss edənə kimi dünyanın bir başından o biri başına maneəsiz səyahət edə bilər. Son məlumata görə, Çinin Vuhan şəhərində ortaya çıxan yeni tip koronavirusa daha bir ölkədə rast gəlinib. İsraildə 2 nəfər virusa yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Yerli mənbələr şübhəlilərin kəskin temperatur və tənəffüs çatışmazlığından əziyyət çəkdiyini bildirib. Xəstələrdən biri israilli qadın, digəri isə çinli kişidir.
Qeyd edək ki, koronavirus 10-a yaxın ölkədə təsbit olunub.