Rusiya açıq müharibəyə başlayıb Dünya

Rusiya açıq müharibəyə başlayıb

Putinin təcavüzkar qoşunu cənub-şərqi Ukraynaya soxulub

Cavid

Rusiya Krıma qurudan yol açmaq üçün müharibəyə başlayıb. Rusiya qoşunları cənub-şərqi Ukraynaya soxulub. Bunu "Nyu-York Tayms" qəzetinin müxbiri Endryu Kreymer bildirib. Rusiya tankları, artilleriya və piyadalardan ibarət qoşunların Ukraynaya sərhədinə tərəf irəliləməsi Ukrayna hərbçilərinin Novoazovskda geri çəkilməsinə səbəb olub.
Hətta bəzi Ukrayna əsgərləri komandanlığın əmrlərini yerinə yetirməkdən imtina etdikləri deyilir. Bölmə komandirinin döyüşdən imtina edənlərin geri qayıda biləcəyini söyləməsindən sonra 11 nəfər arxaya çəkilib. Yerdə qalan hərbçilər isə döyüşmək üçün bölgədə qalıblar. Bəzi Qərb rəsmilərinin fikrinə görə, Rusiyanın Ukraynanın cənub-şərqinə hücumu rusların strategiyasının tərkib hissəsidir. İddialara görə, ruslar Krıma qurudan yol açmağa cəhd edirlər.
ABŞ-ın Ukraynadakı səfiri Cefri Payett "tvitter" səhifəsində bildirib ki, Rusiya Ukraynanın şərqində ən yeni hava hücumundan müdafiə sistemlərini yerləşdirib. Onun sözlərinə görə, Ukraynadakı döyüşlərdə çoxsaylı Rusiya qoşunu iştirak edir. "Rusiya "Kamaz" və "Ural" yük avtomobilləri ilə Ukraynaya ən yeni hava hücumundan müdafiə sistemlərini göndərib. "Pansir-S1" hədəflərin müşayiəti radarı da Rusiya tərəfindən hərbi əməliyyatlara cəlb olunub", - səfir yazıb.
İlovaysk yaxınlığında isə Ukrayna anti-terror qüvvələri Rusiyanın zirehli texnika karvanını məhv edib. Vurulmuş tanklardan birindən onların Çeçenistandan gətirilməsinə dair sənədlər tapılıb. Bu barədə censor.net saytının baş redaktoru Yuri Butusov ukraynalı hərbçilərə istinadən məlumat verib. "B" sektorunda Rusiya hərbi texnika karvanı məhv edilib. Yanmış tankın içindən çıxan sənədlərin içindən 1986-cı il təvəllüdlü Çeçenistanın Şatoy rayonu sakini mexanik-sürücü Desyatov Aleksandr Mixayloviçin adı çıxıb. Tank üçüncü tank rotasına aid 632, v/ç 54096 nömrəli T-72 tankıdır", - Butusov bildirib.
UNİAN isə yazır ki, Rusiya Silahlı Qüvvələrinin hərbi birləşmələri Ukrayna ərazisinə irimiqyaslı hücuma keçib. Bunu Ukrayna daxili işlər nazirinin müşaviri Zoryan Şkiryak yerli mediaya açıqlmasında bildirib. O deyib ki, Rusiya hərbi birləşmələri Ukrayna ərazisinə Luqansk və Donetsk vilayətləri əraqzisindən bir neçə istiqamətdə hücuma keçiblər. Z. Şkiryak əlavə edib ki, Rusiya hərbi bölmələri Ukrayna Silahlı Qüvvələrinin nəzarətində olan əraziləri işğal etməyə çalışırlar. Döyüş bölgəsindən daxil olan yeni məlumatda isə bildirilib ki, artıq Rusiya hərbi birləşmələri Novoazovsk şəhərini ələ keçiriblər. Ukrayna Silahlı Qüvvələrinin "Dnepr" taborunun komandiri Vladimir Şilov deyib ki, Rusiya hərbi birləşmələri Mariupol və Bolnovaxu şəhərlərini ələ keçirmək üçün hücuma keçməyə hazırlaşırlar. Ukrayna antiterror gücləri Novoazovsk şəhərini tərk edərək Mariupoun müdafiəsinə hazırlaşırlar. Bu barədə isə TSN kanalının süjetində deyilir. Xəbər verilir ki, Novoazovska 30 Rusiya tankı və 500 hərbçi daxil olub. "Mobil qruplar Novoazovskini tərk edərək daha yaxın Mariupola geri çəkilir", - süjetdə bildirilir. Kəşfiyyat məlumatına görə, rus hərbçiləri ağ rəngli "Kamaz"larla gəliblər. Həmin avtomobillərin humanitar yük avtomobillərinə oxşar olduğu bildirilir.
Onu da bildirək ki, Donetsk vilayətinin İlovaysk şəhərində mühasiyəyə düşən antiterror güclərinə yardım tələbi ilə Ukrayna Prezident Administrasiyası qarşısında mitinq keçirilib. Mitinq iştirakçılardan bir qrupu prezident Pyotr Poroşenko ilə görüşüb. Məlumata görə, Poroşenko İlovaysk şəhərinin möhkəmləndirilməsi və mühasirəyə düşən antiterror güclərinə yardım ediləcəyinə söz verib. Prezidentlə görüşən nümayəndə heyəti görüşün detalları barədə əlavə məlumat verməyib. Onlar prezidentin söylədiklərinin strateji əhəmiyyətli və gizli informasiya olduğunu bildiriblər. Qeyd edək ki, Ukrayna antiterror gücləri 5 gün bundan əvvəl İlovaysk şəhərində mühasirəyə düşüb.
"Dojd" kanalına Rusiyanın Stavropol vilayətinin Əsgər Anaları Komitəsinin rəhbəri Lyudmila Boqatenkova açıqlama verərək bildirib ki, komitə Ukraynada öldürülən və yaralanan rus əsgərlərinin siyahısını tərtib edib. "Məndə 400 nəfərlik siyahı var. Oraya ölən və yaralananlar daxildir", - Boqatenkova deyib. Siyahı silahlı qüvvələrdəki müxtəlif mənbələrinin verdiyi məlumatlar əsasında tərtib olunub. Orada Vladiqafqazdan, Şumlendən, Şalindən, Borzoydan olanlar var. Ölən və yaralanan hərbçilərin xidmət etdikləri hərbi hissələrin də adları açıqlanıb; Suvorov ordenli 19-cu moto-atıcı Voronej-Şumlen (Vladiqafqaz- Şimali Osetiya), Şalidə yerləşən 17-ci moto-atıcı qvardiya briqadası və Şatoyda yerləşən 8-ci əlahiddə moto-atıcı qvardiya briqadası (hər ikisi Çeçenistanda yerləşir).
Boqatenkovanın sözlərinə görə, bundan başqa Rusiyanın digər hərbi hissələrində qulluq edən hərbçilərin də siyahısı var. Ölən və yaralananların siyahısı tam deyil və daim yenilənir.
Dövlət Departamentinin sözçüsü Cen Psaki avqustun 27-də keçirdiyi brifinqdə bildirib ki, ABŞ Rusiya əsgərlərinin Ukraynada bilavasitə döyüşdüyünü bəyan edib. Departament rəsmisi deyib ki, bütün məlumatlar indi Donetsk və Luqanskda Rusiya hərbçilərinin əks-hücuma keçdiyini göstərir. "Biz narahatıq ki, Rusiya hökuməti, hərbçiləri Ukraynanın içərisinə doğru 40 km. irəliləsə də, həqiqəti söyləmək istəmir", - deyə Psaki qeyd edib.
Bu arada Almaniya kansleri Angela Merkel də rus hərbçilərinin Ukrayna ərazisinə keçməsinə görə Rusiya prezidenti Vladimir Putindən izahat istəyib. "Reuters" agentliyinin verdiyi xəbərə görə, Merkelin mövqeyini onun rəsmi təmsilçisi Şteffan Zayberq açıqlayıb. Merkel şərqi Ukraynada ələ keçən Rusiya desantlarına görə Kremlin cavab verməsini vacib sayır.
Gürcüstanın eks prezident Mixail Saakaşvili beynəlxalq ictimaiyyəti hər şeyi öz adı ilə adlandırmağa çağırır. Rusiyanın Ukraynaya qarşı işğal cəhdinin olmasına və hazırda elan olunmamış müharibə getdiyinə əmindir. Bu barədə o, feysbuk səhifəsində yazıb. "Hazırda mən ukraynalı bacı və qardaşlarımla o səriştəni bölüşürəm ki, gürcüstanlılar çox yaxşı bilirlər: yüzlərlə Rusiya tankı, zirehli vasitələri və "Qrad" sistemləri beynəlxalq sərhəddi keçərək şəhər və kəndlərə hücum edir və dünya bunu hələ də necə adlandıracağını bilmir" - deyə Saakaşvili yazır.
Onun sözlərinə görə Rusiyanın etdiyini separatçı münaqişə, terror hücumu və ya "Rusiyanın əks hücumu" (Ukrayna axı Rusiya ərazisinə hücum etməyib) kimi adlandırmaq olmaz. O bunu işğal və müharibə adlandıraraq beynəlxalq ictimaiyyəti hadisələri olduğukimi adlandırmağı təklif edir: "Fikrimcə, regionumuzda kiminsə başına buzlu su tökməsindən daha vacib hadisələr baş verir. Ukraynanın, Gürcüstanın və Rusiyanın bütün qonşularının taleyi Donetsk, Luqansk və Mariopolda təhdid altındadır. Ukraynaya eşq olsun".