“Hədə, ultimatum və sanksiyaların perspektivi yoxdur” Dünya

“Hədə, ultimatum və sanksiyaların perspektivi yoxdur”

Sergey Lavrov: "Moskva Qərbə cavab verməyə borcludur"

"Moskva Qərbin sanksiyalarına cavab verməyə borcludur". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində yeni dərs ilinin başlanması münasibəti ilə tələbələr önündə çıxışında bildirib.
"Bizim işgüzar dairələr üçün ədalətsiz şərait yaradılanda, Rusiya bazarında kənd təsərrüfatı istehsalçılarının mövqeyinə ziyan vurulanda sanksiyalara cavab verməyə borcluyuq. "Rosselxozbank"a sanksiya qoyublar və bu səbəbdən kənd təsərrüfatı istehsalçılarının kredit almaq üçün yaxşı şəraitləri olmayacaq", - deyə Rusiya XİN başçısı bildirib.
S.Lavrovun sözlərinə görə, bütün hallarda buna cavab vermək lazımdır: "Lakin biz "göz-gözə, diş-dişə" cavab vermək istəmirik. Bu bizim yanaşmamız deyil. Biz hər zaman ağılın səsinə qulaq asmağa çağırırıq".
Rusiya XİN başçısı əlavə edib ki, Moskva Qərblə dialoqa ümid edir: "Tərəfdaşlarımızla razılaşmadıqlarımızı müzakirə etmək lazımdır. Ümid edirik ki, onlar da bizə belə münasibət göstərəcəklər, bizi bütün məsələlərdə günahlandırmayacaqlar, oturub söhbət edib öz etirazlarını vicdanlı olaraq bildirəcəklər. Əgər bu baş verməyəcəksə, onda biz belə bir nəticəyə gələcəyik ki, tənqid ancaq ultimatumlara, sanksiyalara haqq qazandırmaq üçün lazımdır".
S. Lavrov onu da bildirib ki, ABŞ və Avropa İttifaqı Ukrayna hökumətindən dinc sakinlərə qarşı ağır artilleriya və aviasiyadan istifadəni dayandırmağı tələb etməlidir: "Vaşinqton və Brüssel Kiyevdən digər münaqişələrdə tələb etdiklərini tələb etməlidir. Moskva əmindir ki, ABŞ və Avropa İttifaqı ilə münasibətlərdə praqmatik əməkdaşlığa qayıtmaq lazımdır. Bu, qarşılıqlı hörmət və bərabər hüquqlar əsasında olmalıdır. Bunun üçün əlbəttə ki, perspektivsiz hədə, ultimatum və sanksiya siyasətindən tamamilə imtina etmək lazımdır".