Poroşenkodan “sakitlik günü” fərmanı Dünya

Poroşenkodan “sakitlik günü” fərmanı

Atışma isə hələ davam edir

Dünən Ukrayna-Rusiya sərhədində hər iki tərəfin silahlı qüvvələrinin bilavasitə iştirakı ilə şiddətli silahlı qarşıdurma yaşanıb. Bir neçə saat çəkən local döyüşlər zamanı Ukrayna antiterror qüvvələri rus diversiya qruplarının hücumunu dəf etməyə müvəffəq olublar.
Qeyd edək ki, bu, Krımın anneksiyası və Donbasın bir hissəsinin separatçılar tərəfindən ələ keçirilməsindən sonra iki ölkə arasında baş verən ilk açıq silahlı qarşıdurmadır. Bu ilin martından münasibətlərin gərginləşməsinə, Rusiyanın Ukraynada separatçıları dəstəkləməsinə, baş verən vətəndaş müharibəsinə baxmayaraq, tərəflər arasında indiyədək açıq hərbi incident qeydə alınmamışdı.
Bu səbəbdən həm rus, həm də Ukrayna mediası yaranan hərbi toqquşmanı lokal səviyyədə müharibənin başlaması kimi dəyərləndirirlər.
Ukrayna antiterror qüvvələrinin komandanlığı insidentlə bağlı açıqlama yayaraq, ölkənin silahlı qüvvələrin istənilən təxribat xarakterli hücumu dəfə etməyə hazır olduğunu bəyan edib.
Ukrayna prezidenti Pyotr Poroşenkonun imzaladığı fərmanla dekabrın 9-u Ukraynanın cənubi-şərqində sakitlik günü elan edilib.
"Donetsk Xalq Respublikası" separatçı qurumdan da atəşin dayandırılması haqqında Kiyevlə əldə olunan razılıq təsdiqlənib. Separatçı qurumun "parlament başçısı" Andrey Purqin həmçinin bildirib ki, ağır texnikanın cəbhə xəttindən çıxarılmasına 6 dekabrdan başlanılacaq.
Qeyd edək ki, sonuncu dəfə sakitlik günü oktyabrın əvvəlində elan edilib. Münaqişə dövründə atəşkəs rejimi dəfələrlə elan edilib. Ancaq atəşkəs rejimi mütəmadi pozulur və buna görə tərəflər bir-birini ittiham edirlər.
Bu arada Rusiya VTB Maliyyə Qrupunun İdarə heyətinin başçısı Andrey Kostin ABŞ-a hədələyici tonda mesaj göndərib.
Rusiya mediasına istinadən verdiyi məlumata görə, Kostin ölkəsinin Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyətinin (SWIFT) sisteminə girişinin bağlanılmasının müharibə anlamına gələcəyini bildirib.
"Rusiya banklarının SWIFT sisteminin bağlanıldığı gün Amerika səfiri Moskvanı tərk etmək məcburiyyətindədir", - o deyib.
A.Kostin həmçinin Rusiyanın SWIFT sisteminə girişinin bağlanacağı halda B planlarının olduğunu söyləyib. Rusiyanın ikinci ən böyük bankı olan VTB Maliyyə Qrupunda dövlət 60 faiz paya malikdir.
Qeyd edək ki, Rusiyanın SWIFT sisteminin bağlanılması məsələsi Avropa Birliyi və ABŞ tərəfindən sanksiyaların tətbiqindən sonra gündəmə gəlib. Dünyanın 200-dən çox ölkənin 10,5 mindən çox bankı xarici banklara pul göndərmək üçün SWIFT sistemindən istifadə edir.