Separatçılar Kremldən atəşkəsi pozmaq təlimatı alıblar Dünya

Separatçılar Kremldən atəşkəsi pozmaq təlimatı alıblar

Avdeyevka şəhərində separatşılar hökumət qüvvələrinin mövqelərini ağır artilleriya zərbələrinə məruz qoyublar

Qərb - Rusiya qarşıdurması yeni mərhələyə keçir, ABŞ və Britaniya zabitləri Ukrayna əsgərlərinə təlim keçməyə başlayıb

Cavid

Ukraynada hərbi əməliyyatların bərpa oluna biləcəyi ehtimalı artmaqdadır. Belə ki, bir qədər əvvəl Ukrayna prezidenti Pyotr Poroşenkonun Donbas regionuna xüsusi idarəetmə statusunun verilməsinə dair qəbul etdiyi qanun layihəsi ruspərəst üsyançıların xoşuna gəlməyib. Üsyançılar bildiriblər ki, qanun layihəsinə təktərəfli şəkildə dəyişiklik edilib. Bu isə, Minsk razılaşmasının pozulması deməkdir.
Yeni qanun layihəsində Donetsk və Luqanskda rəhbərliyin müəyyən edilməsi üçün yerli əhali arasında seçkilərin keçirilməsi nəzərdə tutulur. Lakin hazırkı Donbas liderlərinin seçkilərdə iştirakına isə səlahiyyət verilmir.
Xatırladaq ki, qanun layihəsinə əsasən, Donbasın bəzi rayonlarında xüsusi qaydalar yerli özünüidarə orqanlarına növbədənkənar seçkilərdən sonra tətbiq olunmalıdır. Sənəddə seçkilərin "bütün qanunsuz silahlı birləşmələrin" ölkə ərazisindən çıxarılmasından sonra Ukrayna qanunlarına uyğun olaraq keçirilməli olduğu vurğulanır.
Bundan başqa, seçkilərə ATƏT və digər beynəlxalq təşkilatların, həmçinin xarici dövlətlərin nümayəndələrinin nəzarət edəcəyi ayrıca vurğulanır.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Kiyevin bu addımına qarşı çıxıb.
Ötən gün Avdeyevka şəhərində separatşılar hökumət qüvvələrinin mövqelərini atəşə tutmağa başlayıblar. Ukraynalı əsgərlər ağır artilleriya zərbələrinə məruz qaldıqları barədə Kiyevə məruzə ediblər. Hazırda təmas xəttində vəziyyət gərgindir.
Rusiya prezidenti Vladimir Putin isə Kiyev böhranı ilə bağlı Moskva üzərinə qoyulmuş Qərb sanksiyalarının ölkəyə ziyan vurduğunu etiraf edib.
İnterfax agentliyi xəbər verir ki, Putin, fərdlərə və əsas iqtisadiyyat sektorlarına qoyulmuş sanksiyaların öldürücü olmadığını, lakin ümumi işə mane olduğunu deyib.
Krımın Rusiyaya birləşdirilməsinin bir illik yubileyinə görə Kremlin qarşısına toplaşmış 100 minədək insana müraciət edən Putin iddia edib ki, ukraynalılar və ruslar eyni xalqdırlar.
Rusiyaya qarşı sanksiyalar Avropa İttifaqı liderləri tərəfindən bu həftə müzakirə ediləcək. Avropa Şurasının prezidenti Donald Tusk bildirib ki, sanksiyaların, Ukrayna hökuməti şərq sərhədlərində nəzarəti əlinə alanadək saxlanması təklif edilir.
Bu arada Kreml Baltik Dəniz Donanmasının 20-dən artıq gəmisi qayıq əleyhinə, havadan müdafiə və artilleriya qüvvələrinin təlimlərini keçirmək məqsədilə qəfil hərbi manevrlərə başlayıb.
Təlimlər Rusiyanın Sakit okean sahillərində və ölkənin cənubunda keçirilir. Təcili həyəcan siqnalı ilə göyə qaldırılan aviasiya Quru Qüvvələrilə birlikdə dəniz desantından müdafiə tədbirlərini öyrənəcək.
Rəsmi məlumata görə, Krımın şərqindəki Kerç boğazından 60 km aralıqda yerləşən Krasnodar vilayətində dəniz piyadalarının hissələri tam hazırlıq halına gətirilib. Bölgədə müdafiə qurğuları yerləşdirilib.
Müdafiə nazirliyi "şərti diversiya qrupları ilə aviasiyaya qarşı" hərbi vəzifələrinin yerinə yetirildiyini bildirir.
Təlimlərdə 38 min hərbçi, 3360 ədəd hərbi texnika, 41 gəmi, 15 sualtı qayıq, 110 təyyarə və helikopter iştirak edir. Avropa İttifaqı hərbi təlimləri güc nümayişi cəhdi kimi dəyərləndirib.
Polşanın baş naziri Eva Kopacz hesab edir ki, manevrlər Rusiyaya qarşı yeni sanksiyaların uzadılması və ya sərtləşdirilməsi ilə bağlı qərara təsir etmək cəhdidir.
Martın 10-da Qara dənizdə NATO-nun hərbi təlimləri başlayıb. Eyni zamanda Latviyada Atlantic Resolve NATO təlimləri üçün bu ölkəyə çox sayda hərbi texnikanın gətirildiyi xəbər verilir.
Rusiya rəhbərliyi öz sərhədləri yaxınlığında keçirilən hərbi təlimlərə etiraz edib, onları bölgə sabitliyinin pozulmasına doğru atılan addım kimi dəyərləndirib.
Dünən o da bəlli olub ki, Böyük Britaniya Silahlı Qüvvələrinin zabitləri Ukrayna hərbçilərinə təlim keçməyə başlayıb.
UNİAN-ın verdiyi məlumata görə, hazırda 35 britaniyalı hərbi təlimatçı Nikolayev vilayəti ərazisində Ukrayna əsgərlərinə təlim keçir.
Ukraynaya hərbi təlimatçıların və müşavirlərin göndərilməsi barədə qərarı ötən həftə Britaniyanın baş naziri Devid Kemeron elan edib. O bildirib ki, Britaniya hərbçiləri piyadaların döyüşdə iştirakı, kəşfiyyat, logistika və hərbi tibb sahələrində təcrübələrini Ukrayna əsgərləri ilə bölüşəcək. Təlimlər 2 ay davam edəcək. Yaxın həftələrdə Ukraynaya britaniyalı zabitlərin növbəti qrupunun gəlişi gözlənilir. Ümumilikdə onların sayı 75 nəfər olacaq.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama da Ukraynaya hərbi təlimatçıların göndərilməsi barədə qərar qəbul edib. Belə ki, martın 18-də Ukrayna prezidenti Pyotr Poroşenko və ABŞ vitse-prezidenti Cozef Bayden arasında telefon danışığı olub.
Söhbət zamanı P.Poroşenko Donbasdakı vəziyyətdən, Ukrayna parlamentinin Minsk razılaşmalarının yerinə yetirilməsi ilə bağlı normativ aktlar qəbul etməsindən bəhs edib. Co Bayden bildirib ki, ABŞ prezidenti Ukrayna Milli Qvardiyasının 780 hərbi qulluqçusuna məşqlərin keçirilməsi haqqında qərar qəbul edib.
"Martın sonlarında isə ölkənin müdafiə qabiliyyətini möhkəmləndirilməsi məqsədilə Ukraynaya hərbi avtomobillərin ilk partiyası çatdırılacaq", deyə C.Bayden bildirib.