Vilyam Hacıyev ifadə vermək üçün vaxt istəyib Hadisə

Vilyam Hacıyev ifadə vermək üçün vaxt istəyib

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, bu gün hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə sərbəst ifadə vermək təklif olunub. Vilyam Hacıyev bu gün üçün ifadə verməyə hazır olmadığını deyərək məhkəmədən vaxt istəyib.
O, həmçinin iş üzrə zərərçəkmiş qurumların nümayəndələrinin məhkəmədə iştirak etmələrini istəyib.
Vilyam Hacıyev vəkili Elmar Kərimov da müvəkkilinin dedikləri ilə razı olduğunu bildirib. Müdafiəçi, həmçinin polis tərəfindən məcburi gətirilmə qərarının nəyə görə icra olunmaması ilə bağlı qərarla tanış olmaq istədiyini deyib.

Məhkəmə sabiq icra başçına mayın 27-ə kimi vaxt verib.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.