

Nigar Köçərli- 50
Kitabları təbliğ edən, insanları kitab mütaliəsinə həvəsləndirən, günü kitabların arasında keçən kimsə pis adam ola bilməz. Onun da işi kitablarladır, necə deyərlər, çörəyi kitablardan çıxır.
Bəli, bu dəfə sizə “Əli və Nino” silsilə kitab mağazalarının rəhbəri Nigar Köçərlidən söhbət açmaq istəyirəm...
Deyir ki:- “Çoxları elə bilir, mən humanitar sahəni oxumuşam. Amma mən Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişəm. Riyaziyyatı çox sevirəm və mən bu sahəni bir qəpik rüşvət vermədən oxuyub bitirmişəm. Anama, nənəmə bağlı qız olmuşam. Xüsusən də, nənəmə. O, mənə deyirdi ki, qadın gərək özü işləyə, özü qazana. Bu fikir həmişə mənim beynimdə olub. Ziyalı ailədə anadan olmuşam. Ailəmiz kasıb olsa da, hamımız kitabı sevirdik. Universitetdə oxuyanda düşünürdüm ki, yaxşı pul qazanmaq üçün xarici dil bilib xarici şirkətlərdə işləmək lazımdır. Cəmi dörd aya ingilis dilini öyrəndim. Bir xarici şirkətdə katibə işlədim. O vaxt aldığım maaş mənə çox gəlirdi. Ümumiyyətlə, qazancım həmişə mənə yüksək görünüb. Çünki pul hərisi olmamışam. Həmişə kitaba pul xərcləyən olmuşam. İşlədiyim müddətdə kitablar alırdım. Bir gün rəfiqəm dedi ki, bu qədər kitabın var, niyə kitab dükanı açmırsan? Bax elə o gün qarşıma məqsəd qoydum və ona doğru irəlilədim. Həmin dövrdə Amerikada oxumaq və işləmək şansı da yaranmışdı, amma mən kitab dükanı açmaq və işləmək istədim...”
O, intellektualdır. Onun ən gözəl xüsusiyyətləri isə mehriban və realist olmasıdır. Çətinliyə sinə gərməyi bacaran, hər şəraitə uyğunlaşa bilən bir təbiətə sahibdir. O, sosial, iddialı və sevgi dolu insandır. Ədalətlidir və əzizlərinə çox sadiq insandır. Qərəz, paxıllıq hisləri ondan uzaqdır. Daxilində tarazlıq yaratmağı bacarır. Mübahisə etməyi, tənqid etməyi sevsə də, amma heç vaxt həqiqətdən uzaqlaşmır...
Nigar Köçərli 15 oktyabr 1975-ci ildə Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini 138 saylı məktəbdə gümüş medalla başa vurub. 1997-ci ildə BDU-nun mexanika-riyaziyyat fakültəsini bitirib. 1997-1999-cu illərdə xarici şirkətin Azərbaycan nümayəndəsi olub, 1999-2001-ci illərdə BMT-nin layihəsində çalışıb. 2001-ci ildən kitab biznesi ilə məşğuldur. 2003-cü ildə 600 dollar sərmayə ilə ilk "Əli və Nino" kitab mağazasını açıb. Hazırda "Əli və Nino" kitab şəbəkəsi 11 kitab mağazasından, eləcə də "Alinino. az" onlayn mağazasından ibarətdir. 2005-ci ildə Azərbaycanın ilk müstəqil ədəbiyyat layihəsi- “Milli Kitab Mükafatı” Nigar Köçərli tərəfindən təsis olunub. Azərbaycanda artıq on ildən çoxdur ki, aktiv onlayn satış həyata keçirən "Alinino. az" saytı zəhmətkeş qadınlara sosial dəstək istiqamətli layihə həyata keçirir. Sayt Azərbaycanın hər yerində fəaliyyət göstərən və kiçik bizneslə məşğul olan qadın sahibkarlara öz məhsullarını "Alinino. az" saytında tamamilə təmannasız, ayrıca onlayn mağaza kimi satışa təqdim etmək imkanı yaradır. 2023-cü ildə Fransanın İncəsənət və Ədəbiyyat Ordeninin (Ordre des Arts et des Lettres) Cəngavər rütbəsi ilə təltif olunub...
İşinin vurğunudur. Müstəqilliyini, azadlığını qoruyub saxlamağı bacarır. Çox ünsiyyətdə olmaq, insanları iç dünyasına buraxmaq ona yaddır. Həmsöhbətinin sirlərini öyrənmək istəyəcək dərəcədə sadə adam deyil. O, həmsöhbətinin intellektual tərəfinə daha çox əhəmiyyət verir. Bədii fəaliyyətdən zövq aldığı üçün yüksək mədəni səviyyəyə malikdir. Olduqca optimistdir. Hər zaman hər şeyə yaxşı tərəfdən baxmağı xoşlayır. Hətta pis vəziyyətdə belə yaxşı tərəfləri görmə qabiliyyəti var....
“Kitab satmaq üçün Azərbaycan çox unikal ölkədir. Çünki burada dörd dildə kitab sata bilirsən. Azərbaycan, türk, rus və ingilis dilində. Yəni bu dörd dilin də alıcısı var. Yerli müəlliflər var ki, kitablarının satışı uğurlu olur. Demək, yaxşı yazanın kitabları da yaxşı satılır.”- söyləyir...
Çox həssas xanımdır. Haqsızlığa tez reaksiya versə də, amma çox şəfqətlidir. Mərhəmət, mehriban münasibət göstərmək onun digər müsbət xüsusiyyətlərindəndir. O, insanlarda estetik qavrayışlara böyük əhəmiyyət verir. Hər zaman gözəl görünmək istəyi bu xanımı həm sağlamlığına, həm də görünüşünə böyük önəm verməyə sövq etdirir və özünə çox yaxşı baxır. Ona xas olan xüsusiyyətlərdən biri də yardımçı olmasıdır. Yardımsevər xasiyyəti onu hər kəsə kömək etməyə hazır saxlayır. Çox dinc xarakteri var, döyüşləri və iğtişaşları sevmir...
Deyir ki:- “Bu gün əhalinin aldığı maaşa və sosial vəziyyətin ağırlığına görə kitablar adamlara baha görünür. Mən onları başa düşürəm. Bu gün azərbaycanlı yazıçı da, oxucu da, naşir də yaxşı yaşamır. Mən istəyərdim ki, yazıçılarımıza böyük qonorarlar verilsin, naşirlər daha yaxşı işləsin, oxucular kitab almaqda çətinlik çəkməsin. Amma reallıq başqa şeyləri deyir. Yol xərcləri, vergi xərcləri, digər rüsumlar bizə də imkan vermir ki, ucuz sataq. Çox adam bizə alverçi kimi baxır. Fəqət, bu bir ticarətdir. İstəsək də, istəməsək də müəyyən problemlər olur. Ümid edirəm ki, bu vəziyyət nə vaxtsa dəyişəcək...”
Yüksək zövqlü xanımdır. O, təbbəssümü və əzimkarlığı ilə irəli gedir. Özünü azad hiss etməyi və sərbəst olmağı xoşlayır. Sərt, nadan, mədəniyyətsiz adamlardan xoşu gəlmir. Ona mənfi və ya kobud görünən insanlardan instinktiv olaraq uzaqlaşır. Fitrətdən gələn, təbii soyuqqanlılığı var ki, bu da çox çalışmaqdan irəli gəlir. Həyat tərzi aktual və ahəngdardır. Buna baxmayaraq, həmişə rahatdır...
“Yerli müəlliflərdən az kitab götürürük. Ona görə ki, sata bilmirik. Məsələn, adamlar var, gəlib 500 kitabını qoyur gedir əsgərliyə. Gələnədək bir kitabı satılır. Mən onun kitablarını anbarda saxlamalıyam. Təsəvvür edin, bu yerin kirayəsini verməliyəm. Bura mənim obyektim deyil. Mən kirayə verməliyəm. Hansısa rayon şairi gəlib öz kəndini tərifləyən şeirlərini satmaq istəyir. Mən oxuyanda bilirəm ki, bu kitab çox satılmayacaq. Ona görə az götürürəm. Müəlliflərimiz məndən inciməsin. Amma onlar daha səmimi, daha azad yazsalar, daha çox da satılacaq. Ümidvaram, bizim müəlliflər də əcnəbi yazarlar kimi səmimi yaza biləcəklər və onda kitabları da yaxşı satılacaq.”- söyləyir.
Dəqiqliyi çox sevir. Necə deyərlər, zehni saat kimi dəqiq işləyir. Yəqin ki, bu da onun riyaziyyatçı olduğundan irəli gəlir. İdeya sarıdan heç vaxt korluq çəkmir. Bununla belə, həmişə sabit işləyir.
Yaşa dolduqca, o, həyat məqsədini necə təyin edəcəyi ilə bağlı narahat olmur. Çünki arzuladığı uğur həmişə ona tərəf gəlməyə hazırdır. Qızıl ortanı tapmaqda çətinlik çəkmir. Bir sözlə, tarazlıq qurucusudur, buna görə də mükəmməl dost və tərəfdaş kimi etibar qazana bilir...
Xülasə, haqqında söhbət açdığım Nigar xanım sözün həqiqi mənasında əsl BİZNES LEDİDİR. Onun biznes fəaliyyəti xanımlara bir örnəkdir. Bir neçə aydan sonra bu işgüzar xanımın 50 yaşı tamam olur, yubiley ilidir. Bu münasibətlə ona möhkəm can sağlığı, işlərində uğurlar arzulayıram...
Hörmətlə, Elman Eldaroğlu