Paytaxt məktəblərində 48814 şagird birinci sinifdə təhsil alır Hadisə

Paytaxt məktəblərində 48814 şagird birinci sinifdə təhsil alır

Paytaxtın ümumtəhsil müəssisələrində 48 min 814 şagird birinci sinifdə təhsil alır. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, onlardan 46 min 051-i bu qurumun tabeliyində, 2 min 763-ü isə Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumtəhsil müəssisələrində oxuyur. Ümumilikdə 48 min 814 birinci sinif şagirdindən 45 min 949-u ümumtəhsil məktəblərində, 2 min 865-i isə lisey və gimnaziyalarda təhsil alır.
Xatırladaq ki, hər il olduğu kimi, 2019-2020-ci tədris ilində də birinci sinfə şagird qəbulunun vaxtı oktyabrın 15-dək uzadılmışdı. Belə ki, dərslərin başlanmasına baxmayaraq, birinci sinfə şagird qəbulu üzrə uşaqların elektron qeydiyyatı valideynin (qanuni nümayəndənin) üzrlü səbəb (fövqəladə hal, uşağın və ya valideynlərin müalicəsi, valideynlərin xidməti ezamiyyətə getməsi) göstərilməklə, “Əlaqə” bölməsi vasitəsilə (elektron ərizə əsasında) aparılıb. Valideynlər uşaq elektron qeydiyyatdan keçirildikdən sonra müvafiq sənədləri məktəbə təqdim ediblər.
Azərbaycan Respublikası Prezidentinin “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” 2011-ci il 23 may tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi məqsədilə I sinfə qəbul prosesi elektron qaydada aparılır. Birinci sinfə qəbulun elektron sistem (https://mektebeqebul.edu.az/) vasitəsilə həyata keçirilməsi valideynlərin rahatlığının təmin olunması, uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi və cəmiyyətdə informasiya texnologiyalarından istifadə göstəricilərinin artırılması məqsədlərinə xidmət edir.