Xanlar Fətiyev: Azərbaycanın mətinlik və mübarizə tarixinə şanlı bir səhifə yazılır Hadisə

Xanlar Fətiyev: Azərbaycanın mətinlik və mübarizə tarixinə şanlı bir səhifə yazılır

Döyüş meydanlarında hər gün yüzlərlə itki verərək, texnika və silah sursatlarını qoyub qaçan Ermənistanın hərbçilərinin sərhədə təxminən 70-100 kilometr məsafədə yerləşən Gəncə və Mingəçevir şəhərlərində mülki əhalini raket zərbələri ilə atəşə tutması insanlıq əleyhinə, beynəlxalq norma və qaydalara zidd olan cinayətdir. Azərbaycan hər zaman düşmənlərin layiqli cavabını verib, bundan sonra da belə olacaq. Biz hər birimiz Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevə və qəhrəman hərbçilərimizə inanırıq və güvənirik.

Bu açıqlamanı AZƏRTAC-ın bölgə müxbirinə Gəncə avtomobil zavodu İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Xanlar Fətiyev verib.

Onun sözlərinə görə, dünən Azərbaycanın ikinci böyük sənaye şəhəri olan Gəncənin və Mingəçevirin dinc əhalisinə qarşı törədilən cinayətlər cavabsız qalmadı və qalmayacaq: “Gəncəni bu kimi təxribatla qorxutmaq mümkün deyil. Dağıntılar və insan tələfatı olsa da, şəhərdə hər kəs öz stabil həyatını yaşayır. Xalqımız öz Ali Baş Komandanına, rəşadətli və mərd ordusuna inanır. Hər gün cəbhədən qələbə müjdəli xoş xəbərlər insanları daha inamlı, daha səbirli, daha da mübariz edir. Biz hər zaman ordumuzun, əsgərlərimizin yanındayıq. Ali Baş Komandanın hər bir əmrinə hazırıq. Bütün gücümüz və qüvvəmizlə çalışırıq ki, bu qazanılan qələbədə bizim də bir köməyimiz olsun”.

Müşahidə Şurasının sədri əlavə edib ki, bu gün Azərbaycan Ordusu düşmənin istənilən həmləsinin, hücumunun qarşısını almaq gücündədir. Buna həm hərbçilərimizn bilik və bacarığı, qabiliyyəti, həm də maddi-texniki bazası imkan verir:

“Azərbaycan bu müharibədə bir daha sübut edir ki, mərd, qorxmaz, döyüşkən ordusu var. Ölkə rəhbərliyinin qətiyyəti, mübarizliyi hərbçilərimiz və xalqımızı daha da ruhlandırır. Yaxın günlərdə daha da böyük qələbə müjdələrimiz var və bu, davamlı olacaq. Ali Baş Komandan İlham Əliyev Azərbaycanın haqq səsini həm döyüş meydanlarında, həm də siyası arenada və informasiya savaşında bütün dünyaya çatdırmağa nail oldu. Bu, Ali Baş Komandanın və ordumuzun Azərbaycanın mətinlik və mübarizə tarixində qızıl hərflərlə yazdığı şanlı bir səhifədir” - deyə Xanlar Fətiyev əlavə edib.

X.Fətiyevin sözlərinə görə, Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarına müraciətində dediyi kimi, tarixi torpaqlarımız sonuncu kəndinə qədər qaytarılmayınca, sonuncu erməni hərbçisi Azərbaycan torpaqlarını tərk etməyincə heç bir atəşkəsdən və danışıqlardan söhbət belə gedə bilməz. Prezidentin bu sözləri çox qürurvericidir: “Mənim şərtim birdir - çıxsın bizim torpaqlarımızdan, çıxsın, qarşıdurma dayansın. Amma sözdə yox, əməldə. Desin ki, mən Azərbaycanın ərazi bütövlüyünü tanıyıram, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən işğal edilmiş torpaqlardan qoşunlarımızı çıxaracağam, necə ki, baza prinsiplərində bu, təsbit edilib. Desin ki, mən Azərbaycan xalqından üzr istəyirəm və desin ki, Qarabağ Ermənistan deyil. Sonuncu şərt budur ki, qrafik versin, işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəli verilsin bizə. Onda biz əlbəttə ki, atəşkəs rejimini bərpa edəcəyik. Halbuki indi şiddətli döyüşlər getdiyi zaman bunu etmək çətindir. Çünki biz dayansaq, onlar dayanmayacaq. Amma hər halda, bunun üzərində işləmək olar. Yoxsa ki, siz dayanın, onlara vaxt verin. Nəyə vaxt verək? Vaxt verək ki, güc toplasınlar? Vaxt verək ki, yenə də adam toplasınlar bizə hücum etsinlər? Bizi belə sadəlövh sayırlar bunlar? Vaxt verin ki, bunlar gəlsinlər danışıqlara. Mən nə lazımdır dedim, vəssalam”.

“Ali Baş Komandanın xalqa müraciətindəki bu mətinlik, bu qətiyyət, bu mübarizlik onu göstərir ki, Prezident İlham Əliyev orduya, Azərbaycan xalqına, ordu da, xalq da öz liderinə arxalanır, güvənir, etibar edir”, - deyə o vurğulayıb.