Jurnalistlər üçün daha bir müsabiqə Hadisə

Jurnalistlər üçün daha bir müsabiqə

Qaradağ Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə "Qaradağ rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi elan edir.
Müsabiqənin məqsədi Qaradağ rayonunun sosial-iqtisadi və ictimai həyatındakı proseslərin ictimaiyyətə daha yaxından çatdırılmasında peşəkar jurnalist yaradıcılığını stimullaşdırmaqdan ibarətdir.
Müsabiqə elan olunan günədək ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.
Dərc olunmuş yazıların sərlövhələri təklif olunmuş mövzu ilə eyni olmalıdır.
Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər.
Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları çalışdıqları mətbuat orqanlarında dərc olunmalıdır.
Yazı son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi "qara siyahı" ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.
Qəzetdə dərc olunmuş yazıda "Qaradağ Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə keçirdiyi müsabiqəyə təqdim etmək üçün" qeydi göstərilməlidir.
Müsabiqədə I -ci yer üçün bir nəfər (1 000 AZN), II -ci yer üçün iki nəfər (800 AZN), III -cü yer üçün üç nəfər (600 AZN) qalibin mükafatlandırılması nəzərdə tutulur.
Bundan əlavə, 10 yazı müəllifinə (200 AZN) həvəsləndirici mükafatlar veriləcək.
Müsabiqə ilıə bağlı www.kivdf.gov.az saytından ətraflı məlumat almaq olar.