“Almaniyada Azərbaycan haqqında bilgi çox deyil” Hadisə

“Almaniyada Azərbaycan haqqında  bilgi çox deyil”

Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyasının sədri: "Marifləndirmə işi aparacağıq"

Almaniya azərbaycanlı tələbələr arasında xaricdə təhsil almaq üçün müraciət olunan ilk ölkələr sırasındadır.
Bu sözləri BayMedia-ya açıqlamasında Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyasının sədri Alı Adıgözəl deyib. Onun sözlərinə görə Almaniyanın müxtəlif vilayətlərində kifayət qədər azərbaycanlı tələbələr təhsil alır: "Türingiya vilayətində Almaniyanın bir neçə nüfuzlu universitetləri yerləşir və bu universitetlərdə təhsil alan azərbaycanlı tələbələrin sayı da az deyil". Ali Adıgözəl qeyd edib ki, azərbaycanlı tələbələr arasında əlaqə mühiti yaratmaq və alman cəmiyyətində ölkəmizin və milli mədəniyyətimizin təbliğatında səmərəli fəaliyyət göstərmək üçün Türingiya vilayətində ilk Azərbaycan təşkilatı "Thuringen Azerbaijani Students Association" (Türingiya Azərbaycanlı Tələbələr Assosiasiyası) adlı təşkilatın yaradılması təşəbbüsü ilə çıxış ediblər: "Təşkilatın yaranması barədə təşəbbüs burada təhsil alan tələbələr tərəfindən apardığımız müzakirələr zamanı millətimiz adına səmərəli fəaliyyət göstərmək üçün irəli sürülmüşdür. Bu təşəbbüs təkcə tələbələr arasında deyil, eyni zamanda təhsillərini bitirib bu vilayət ərazisində çalışan azərbaycanlı gənclər tərəfindən də böyük rəğbətlə qarşılandı. Türingiya vilayətində təhsil alan və işləyən azərbaycalılar təşkilatın işində yaxından iştirak etməyə çalışırlar və bu barədə istəklərini bizə bildirməkdədirlər. Bütün bunlar gənclərimizin fəallığından və millətimiz adına iş görmək istəyindən xəbər verir.
Biz burada mövcud olan və məqsədi millətimizə və dövlətimizə xidmət olan təşkilatlarla əlaqə qurmaqda maraqlıyıq. Eyni zamanda, Almaniyanın yerli təşkilatları ilə də əlaqələrin qurulmasında və əməkdaşlıq edilməsi istiqamətində fəaliyyətimizi genişləndirməyi düşünürük".
Ali Adıgözəl dekabr ayında keçirilməsi nəzərdə tutulan "Azərbaycanın Mədəniyyət Günü" adlı tədbirin hazılıqlarına başladıqlarını bildirib: "Fəaliyyətimiz dövründə Azərbaycanın mədəniyyətinin, tarixinin və iqtisadi imkanlarının tanıtımı, Ermənistan-Azərbaycan münaqişəsi və Xocalı soyqırımı barədə həqiqətlərin alman cəmiyyətinə çatdırılması istiqamətində silsilə tədbirlərin, seminarların və dəyirmi masaların təşkil olunmasını planlaşdırırıq".
Assosiasiya sədri Almaniya cəmiyyərində Azərbaycanla bağlı məlumatın az olduğu qənaətindədir: "Təəssüflər olsun ki, Almaniya cəmiyyətində Azərbaycan haqqında bilgi Azərbaycanın enerji resursları ilə zəngin ölkə olması və ən yaxşı halda xəritədə coğrafi mövqeyimiz barədə məlumatlarla məhdudlaşır. Nəzərə alsaq ki, Türingiya vilayətində bir neçə nüfuzlu universitetlərin olması buraya müxtəlif ölkələrdən olan gəncləri cəlb edib. Türk cümhuriyyətlərini və keçmiş SSRİ respublikalarını çıxmaq şərtilə digər ölkələrdən olan tələbələr də Azərbaycan haqqında çox az məlumatlıdırlar. Odur ki, fəaliyyət auditoriyamız daha genişdir. Təbliğat məsələsində nəzərə almalıyıq ki, verilən informasiyanın arzulanan nəticəsi informasiyanıçatdıran şəxsin özünün öncə düzgün qəbul olunmasından başlayır. Biz burada təşkilatdan kənarda fərdlər olaraq digər ölkələrin nümayəndələri üçün hər birimiz Azərbaycanıq. Hər birimizin təhsildə yaxşı mənada fərqlənməyimiz və cəmiyyətdəki davranışlarımız onların bizə olan münasibətini formalaşdıracaq. Azərbaycana və Azərbaycan insanına yaranan müsbət münasibət aparacağımız təbliğatda bizə arzulanan nəticələri verəcək. Bütün bu prinsipləri təşkilat olaraq üzvlərimizin diqqətinə çatdırmışıq və fəaliyyətimiz dövründə də azərbaycanlı tələbələr arasında bu istiqamətdə marifləndirmə işi aparacağıq".

Elnur Eltürk