Baş mühəndis: “Məqsədimiz 96217 hektar əkin sahəsini Suqovuşan anbarından su ilə təmin etməkdir” - FOTO Hadisə

Baş mühəndis: “Məqsədimiz 96217 hektar əkin sahəsini Suqovuşan anbarından su ilə təmin etməkdir” - FOTO

“Meliorasiya və su təsərrüfatı” ASC-nin təşkil etdiyi media-tur çərçivəsində media nümayəndələri işğaldan azad olunmuş Suqovuşan su anbarında olublar.

APA-nın əməkdaşı xəbər verir ki, jurnalistlər anbara baxış keçirib, aparılan işlər barədə onlara məlumat verilib.

“Tərtərçay” Hidroqovşaq İstismar İdarəsinin baş mühəndisi Mehman Kərimov bildirib ki, hazırda podratçı təşkilat tərəfindən təmir-bərpa işləri aparılır.

Suqovuşan su anbarının 30 ilə yazın müddətdə erməni işğalı altında olduğunu deyən M. Kərimov bildirib ki, buradakı bütün qurğular dağıdılıb, yararsız hala salınıb.

“Suqovuşan su anbarı bizim nəzarətimizə keçdikdən sonra təmir-bərpa işlərinə başlanılıb və işlər hazırda davam edir. Artıq sağ sahil magistral kanalına 20 kub/metrdən artıq su gedir. Gələcəkdə bu işlər davam etdiriləcək. Sol sahil magistral kanalı, onun üzərində olan paylayıcı və hidrotexniki qurğular bərpa olunacaq. Məqsədimiz 96217 hektar əkin sahəsini Tərtər çayının suyu ilə təmin etməkdir. İnanırıq ki, yaxın vaxtlarda buna nail olacağıq”, - deyə baş mühəndis vurğulayıb.

Qeyd edək ki, Suqovuşan su anbarı işğaldan azad olunan ən böyük su təsərrüfatı obyektlərindən biridir. Ümumi həcmi 5.86 milyon kub/m olan su anbarından işğalı altında olduğu 28 il ərzində Azərbaycan tərəfinə su verilməyib.