Köhnə məhsul satan market sahibi cəzalandırıldı Hadisə

Köhnə məhsul satan market sahibi cəzalandırıldı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Ağdaş rayonu, Yuxarı Ləki qəsəbəsində yerləşən, İsayev Rüstəm Əyyub oğluna məxsus “Halal market” ərzaq mağazasında yoxlama keçirib.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Yoxlama zamanı mağazada sanitar-texniki və sanitar-gigiyenik qaydalara əməl olunmadığı, istifadə müddəti bitmiş uşaq qidaları və kərə yağı məhsulu aşkar olunub.

Belə ki, təmizlik işlərinin vaxtlı-vaxtında aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi məlum olub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı bundan sonra da qətiyyətlə alınacaq.