Ermənistan Qərb və Rusiya arasında: Paşinyanın balanslı siyasəti və regional təhlükəsizlik" Gündəm

Ermənistan Qərb və Rusiya arasında: Paşinyanın balanslı siyasəti və regional təhlükəsizlik"

Ermənistanda keçirilən son seçkilər təkcə daxili siyasi proses deyil, həm də regiondakı böyük güclərin – Qərb və Rusiyanın kəsişən maraqlarının növbəti sınağına çevrilib. Seçki prosesi ilə bağlı müxtəlif beynəlxalq dairələrdən və siyasi mərkəzlərdən gələn ziddiyyətli rəylər, rəsmi Moskvanın tənqidləri və Qərbin bir çox hallarda "ikili standart" kimi qiymətləndirilən loyal mövqeyi bölgədəki geosiyasi mənzərəni daha da mürəkkəbləşdirir.
Nikol Paşinyanın yenidən hakimiyyətdə qalması Ermənistanın xarici siyasət kursunda hansı dəyişikliklərə yol açacaq? Rusiya və Qərb arasında davam edən bu "Ermənistan savaşı" regional sülhə, xüsusilə Azərbaycanın strateji hədəflərinə – Zəngəzur dəhlizinin açılmasına və davamlı sabitliyin təmin olunmasına necə təsir göstərəcək?

Regional sabitlik və strateji hədəflər

Mövzuyla bağlı “Xalq Cəbhəsi”nə açıqlama verən millət vəkili Fazil Mustafa bildirib ki, Rusiyanın seçkilərlə bağlı mövqeyi əvvəlcədən məlum idi: “Bu baxımdan rəsmi Moskvanın verdiyi açıqlamalar daha çox siyasi xarakter daşıyır və bunu həmin kontekstdə qiymətləndirmək lazımdır. İstənilən seçki prosesində müəyyən texniki və ya hüquqi pozuntuların olması mümkündür.
Əlbəttə, seçkilər zamanı müəyyən qanun pozuntuları və ya təşkilati problemlər baş verə bilər. Bu, dünyanın bir çox ölkələrində müşahidə olunan hallardır və istisna təşkil etmir. Lakin bütövlükdə prosesə siyasi maraqlar prizmasından yanaşmaq daha doğru olar”.
F.Mustafa bildirib ki, Azərbaycan üçün əsas məsələ regionda sülh və əməkdaşlıq gündəliyinin irəliləməsidir: “Bizim üçün ən vacib məqam regionda davamlı sabitliyin təmin olunması və kommunikasiyaların açılması istiqamətində atılan addımlardır. Xüsusilə Zəngəzur dəhlizinin açılması regionun iqtisadi və nəqliyyat imkanlarını genişləndirəcək mühüm layihələrdən biridir. Buna görə də proseslərin yekun nəticəsi məhz bu strateji məqsədlərin reallaşmasına xidmət etməlidir”.
Deputat vurğulayıb ki, regional proseslər qiymətləndirilərkən əsas diqqət uzunmüddətli nəticələrə yönəldilməlidir: “Azərbaycan üçün prioritet məsələ bölgədə dayanıqlı sülhün formalaşması, iqtisadi əlaqələrin genişlənməsi və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsidir. Bu baxımdan hadisələrin inkişafını da məhz həmin maraqlar çərçivəsində izləmək lazımdır”.

Paşinyanın yeni dövrü

Politoloq Şakir Ağayev bildirib ki, Ermənistan seçkiləri ilə bağlı səsləndirilən tənqidlər təkcə Rusiyanın mövqeyi deyil və müxtəlif beynəlxalq dairələrdə də bu istiqamətdə fikirlər səslənib:
“Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın seçkilərlə bağlı açıqlamaları müəyyən faktlara əsaslanır. Bu məsələdə təkcə Mariya Zaxarova danışmayıb. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili də Ermənistan seçkilərinin təzyiqlər fonunda keçirildiyini və demokratik prinsiplərin tam təmin olunmadığını bildirib. Eyni zamanda müxtəlif beynəlxalq müşahidə missiyalarının hesabatlarında da seçki prosesində müəyyən qanun pozuntularının olduğu qeyd edilib”.
Ş.Ağayev hesab edir ki, Ermənistanla bağlı Qərbin yanaşması digər ölkələrə münasibətdə nümayiş etdirdiyi mövqedən fərqlənir: “Seçki prosesi zamanı və ondan əvvəlki dövrdə müxalif qüvvələrə qarşı təzyiqlər, həbslər və müxtəlif məhdudiyyətlərlə bağlı məlumatlar yayıldı. Əgər oxşar hadisələr başqa ölkələrdə baş versəydi, xüsusilə də Qərblə münasibətləri mürəkkəb olan dövlətlərdə yaşansaydı, Avropa qurumlarının və bəzi Qərb paytaxtlarının daha sərt reaksiyası ilə qarşılaşardıq. Ermənistanda isə bu məsələlərə kifayət qədər yumşaq münasibət göstərildi. Bəzi Avropa liderlərinin seçkilərin yekun nəticələri tam rəsmiləşmədən Nikol Paşinyanı təbrik etməsi də diqqət çəkən məqamlardan biridir.
Bu, bir daha göstərir ki, Ermənistana münasibətdə siyasi yanaşmalar müəyyən hallarda demokratik prinsiplərdən daha üstün tutulur. Halbuki seçki prosesinin bütün mərhələləri obyektiv şəkildə qiymətləndirilməli idi”.
Politoloq Paşinyanın yenidən hakimiyyətdə qalmasının Ermənistanın xarici siyasət kursunda ciddi dəyişiklik yaratmayacağını düşünür: “Paşinyan növbəti dövrdə də balanslaşdırılmış siyasət yürütməyə çalışacaq. Nə Rusiyaya qarşı kəskin addımlar atacaq, nə də Avropa İttifaqına inteqrasiyanı sürətləndirəcək. O, həm seçkiqabağı çıxışlarında, həm də seçkidən sonrakı açıqlamalarında Ermənistanın yaxın perspektivdə Avropa İttifaqına üzvlüyə hazır olmadığını bildirib. Eyni zamanda Rusiya ilə münasibətlərin qorunmasının vacibliyini vurğulayıb”.
Ekspertin fikrincə, Ermənistan rəhbərliyi bundan sonra da Qərblə Rusiya arasında mövcud balans siyasətini davam etdirməyə çalışacaq: “Paşinyan uzun illərdir ki, həm Qərblə, həm də Rusiya ilə münasibətləri paralel şəkildə idarə etməyə çalışır. Hazırkı mərhələdə də onun əsas məqsədi hər iki istiqamətdən maksimum siyasi və iqtisadi dividendlər əldə etmək, eyni zamanda daxili siyasi mövqelərini möhkəmləndirmək olacaq”.

Günel Elxan