Yaxın Şərq yenidən "qırmızı xətt"də: regional təhlükəsizlik kövrək tarazlıq üzərində Gündəm

Yaxın Şərq yenidən "qırmızı xətt"də: regional təhlükəsizlik kövrək tarazlıq üzərində

Yaxın Şərq geosiyasi xəritəsi son dövrlər özünün ən kritik və gərgin mərhələlərindən birini yaşayır. İran və İsrail arasında uzun illər "kölgə müharibəsi" şəklində davam edən qarşıdurma, son zamanlar daha açıq hərbi toqquşmalar və raket zərbələri ilə özünü büruzə verərək, regiondakı təhlükəsizlik arxitekturasını kökündən sarsıdıb.
Atəşkəs davam etsə də İsrail-İran və ABŞ-iran arasında qarşılıqlı zərbələr təhlükəli mərhələnin bitmədiyini deməyə əsas verir.
ABŞ-nin bu proseslərdəki strateji mövqeyi, xüsusilə İsraillə koordinasiyalı addımları və İran üzərindəki iqtisadi-siyasi təzyiqləri mövcud böhranı daha mürəkkəb bir müstəviyə çıxarıb.
Politoloqların qiymətləndirmələrinə görə, bölgədəki hərbi eskalasiya sadəcə birbaşa qarşıdurma deyil, həm də genişmiqyaslı geosiyasi yenidənqurma cəhdidir. Bir tərəfdə rəsmi Vaşinqtonun "İsrail kartı" vasitəsilə Tehrana qarşı danışıqlar masasında üstünlük əldə etmək və regional siyasəti dəyişmək planları, digər tərəfdə isə İranın milli maraqlarını qorumaq üçün göstərdiyi müqavimət dayanır. Hazırda dünya ictimaiyyəti və regional oyunçular üçün əsas sual budur: Yaxın Şərq idarə olunan məhdud toqquşmalarla tarazlığı qorumağa davam edəcək, yoxsa kəşfiyyat səhvləri və strateji səbrin tükənməsi bölgəni çoxcəbhəli böyük bir müharibə ssenarisi ilə üz-üzə qoyacaq?
Mövzunu siyasi ekspertlərlə təhlil etmişik.

ABŞ və İsrailın İran üzərində təzyiq siyasəti

Mövzu ilə bağlı “Xalq Cəbhəsi”nə açıqlama verən, politoloq Azad Məsiyev deyib ki, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi-siyasi təzyiqlərin əsas məqsədlərindən biri Tehranda hakimiyyət dəyişikliyinə nail olmaq və regionda yeni geosiyasi reallıq formalaşdırmaqdır: “Vaşinqtonun İran siyasətinin əsas hədəflərindən biri bu ölkə üzərində təsir imkanlarını genişləndirməkdir.ABŞ uzun müddətdir ki, İranın regional siyasətini dəyişdirməyə çalışır. Bu istiqamətdə müxtəlif siyasi, iqtisadi və hərbi təzyiq vasitələrindən istifadə olunub. Lakin hadisələrin gedişi göstərir ki, həyata keçirilən addımlar gözlənilən nəticələri verməyib. Məhz buna görə də Vaşinqton hazırda Tehranla müəyyən razılaşmalar əldə etməyə və bunu daxili auditoriyaya siyasi uğur kimi təqdim etməyə çalışır. ABŞ-də İran siyasəti ilə bağlı ciddi müzakirələr davam edir.
Amerika cəmiyyətində, Konqresdə və Senatda İranla bağlı atılan addımlara fərqli yanaşmalar mövcuddur. Qarşıdan gələn siyasi proseslər və seçki kampaniyaları fonunda administrasiya xarici siyasətdə müəyyən nəticələr nümayiş etdirmək istəyir. Bu baxımdan İranla mümkün razılaşmaların əldə olunması Vaşinqton üçün siyasi əhəmiyyət daşıyır. İran isə öz maraqlarına zidd hesab etdiyi hər hansı sənədi qəbul etməyə meyilli deyil.Tehran beynəlxalq hüquq çərçivəsində danışıqların aparılmasını və qarşılıqlı maraqlara əsaslanan razılaşmaların əldə olunmasını vacib sayır. İran rəhbərliyi ölkənin milli maraqlarına uyğun olmayan hər hansı sənədin imzalanmasına isti yanaşmır”.
A.Məsiyev qeyd edib ki, Yaxın Şərqdə baş verən proseslərdə İsrail amili xüsusi rol oynayır: “İsrail regionda öz təhlükəsizlik maraqlarını əsas gətirərək daha sərt siyasət yürüdür. Son illərdə Fələstin, Qəzza, Livan və digər istiqamətlərdə baş verən hadisələr də bunu göstərir. İsrail İranı özünün əsas regional rəqiblərindən biri hesab edir və bu səbəbdən Tehran üzərində təzyiqlərin artırılmasında maraqlı görünür. ABŞ-ın İsrailə verdiyi dəstək regiondakı proseslərə birbaşa təsir göstərir.
ABŞ-ın siyasi, diplomatik və hərbi dəstəyi İsrailin region siyasətində mühüm rol oynayır. Bu dəstək olmasaydı, İsrailin indiki miqyasda fəaliyyət göstərməsi daha çətin olardı. Hazırkı vəziyyət onu göstərir ki, İran ətrafında baş verən proseslərdə həm Vaşinqtonun, həm də Təl-Əvivin maraqları müəyyən məqamlarda üst-üstə düşür”.
Politoloq vurğulayıb ki, regionda baş verən hadisələr müxtəlif siyasi razılaşmalar və geosiyasi hesablamalar fonunda qiymətləndirilməlidir: “Yaxın Şərqdəki proseslər yalnız hərbi müstəvidə deyil, eyni zamanda siyasi və strateji maraqlar prizmasından da dəyərləndirilməlidir. Mövcud vəziyyət göstərir ki, tərəflər öz mövqelərini gücləndirmək üçün müxtəlif vasitələrdən istifadə etməyə davam edəcəklər”.

“Müharibə, yoxsa təzyiq?”

Politoloq Cavanşir Abbaslı bildirib ki, ABŞ artıq İran cəbhəsində yaranmış nisbi sükunətin ciddi müzakirələrə səbəb olduğunu görür: “Çünki Vaşinqton yaxşı anlayır ki, qeyri-müəyyən şəkildə davam edən atəşkəs vəziyyətinin nə vaxtsa bir sonu olmalıdır. Aprelin 8-də əldə olunan və 14 gün nəzərdə tutulan atəşkəsin müddəti aprelin 22-də başa çatsa da, sonrakı mərhələdə onun hansı şərtlərlə və nə qədər uzadıldığı barədə ictimaiyyətə aydın məlumat verilməyib.
Bu da istər-istəməz müxtəlif suallar yaradır. Hamını maraqlandıran əsas məqam mövcud vəziyyətin nə vaxta qədər davam edəcəyidir. Hesab edirəm ki, ABŞ Prezidenti Donald Tramp da bu sükunətin yaratdığı qeyri-müəyyənliyi dəyişmək üçün İsrail faktorundan istifadə etməyə çalışır. Tarixən ABŞ İsraildən regionda öz maraqlarını reallaşdırmaq üçün mühüm alət kimi yararlanıb. Vaşinqton son illərdə də İranla bağlı siyasətində İsrail kartından istifadə edib. İstər ötən il baş verən 12 günlük qarşıdurma zamanı, istərsə də daha sonra həyata keçirilən hərbi əməliyyatlarda ABŞ və İsrailin koordinasiyalı hərəkət etdiyini gördük. Bu baxımdan son hadisələri də regionda yaranmış nisbi sakitliyi pozmağa yönəlmiş addımlar kimi qiymətləndirmək olar”.
Politoloq hesab edir ki, hazırkı şəraitdə ABŞ-la İran arasında genişmiqyaslı müharibə ehtimalı yüksək deyil: “Tramp administrasiyası da anlayır ki, hər yeni hərbi eskalasiya ABŞ-nin beynəlxalq nüfuzuna müəyyən zərbə vurur. Dünyada belə bir fikir formalaşır ki, Vaşinqton İran məsələsində istədiyi nəticələri tam əldə edə bilmir. Əlbəttə, mümkün hücumlar İrana müəyyən ziyan vura bilər, lakin bunun uzunmüddətli hərbi kampaniyaya çevriləcəyini düşünmürəm. ABŞ-ın məqsədi hərbi münaqişəni genişləndirməkdən daha çox, danışıqlar masasına daha güclü mövqe ilə əyləşməkdir. Vaşinqton proseslərə təsir imkanlarını artırmaq və danışıqlara daha əlverişli şərtlərlə daxil olmaq üçün təzyiq vasitələrindən istifadə edir. Lakin hesab edirəm ki, bu cür addımların ömrü uzun olmayacaq”.

Cavanşir Abbaslı vurğulayıb ki, yaxın perspektivdə İran, ABŞ və İsrail arasında böyük regional müharibə gözlənilmir: “Hazırkı mərhələdə genişmiqyaslı savaş ssenarisi real görünmür. Baş verənlər daha çox ABŞ-nin regionda yaranmış sükunəti pozmaq və siyasi-hərbi gündəmi yenidən formalaşdırmaq cəhdi kimi qiymətləndirilə bilər”.

Yaxın Şərqdə təhlükəli gərginlik

Politoloq Tural İsmayılov diqqətə çatdırıb ki, İran və İsrail arasında son günlər baş verən qarşılıqlı raket və hava zərbələri Yaxın Şərqdəki hərbi-siyasi balansı daha riskli mərhələyə daşıyıb: “Uzun illər davam edən kölgə müharibəsinin açıq hərbi qarşıdurma formasına keçməsi regionda genişmiqyaslı müharibə ehtimalını artırsa da, hadisələrin gələcək inkişafı ilə bağlı müxtəlif ssenarilər mövcuddur. Mövcud eskalasiyanın idarəolunan və məhdud səviyyədə saxlanılması ehtimalı hələ də qalmaqdadır. Hazırkı mərhələdə tərəflərin hərbi addımları təhlil edildikdə görünür ki, bir çox zərbələr qarşı tərəfə siyasi və hərbi mesaj vermək, çəkindirmə balansını qorumaq məqsədi daşıyır. Hər iki ölkə daxili auditoriyaya güc nümayiş etdirdikdən sonra beynəlxalq vasitəçilərin, xüsusilə ABŞ-nin, region ölkələrinin və digər qlobal aktorların diplomatik səyləri nəticəsində gərginliyin müəyyən həddə dondurulması mümkündür. Çünki genişmiqyaslı müharibə həm İran, həm də İsrail üçün ciddi iqtisadi, hərbi və humanitar nəticələr vəd edir”.
T.İsmayılov bildirib ki, digər ssenari isə prosesin nəzarətdən çıxaraq regional müharibəyə çevrilməsidir: “Birbaşa hərbi hücumlar tərəflərin qırmızı xətlərini yenidən formalaşdırıb. İstənilən kəşfiyyat səhvi, gözlənilməz böyük insan itkisi və ya daxili siyasi təzyiqlər fonunda veriləcək sərt qərarlar eskalasiyanı sürətləndirə bilər. Bu isə hadisələrin daha geniş coğrafiyaya yayılması riskini artırır. Regiondakı müxtəlif silahlı qrupların və tərəflərin müttəfiqlərinin prosesə daha fəal şəkildə qoşulması vəziyyəti daha da mürəkkəbləşdirə bilər.
Belə bir halda hazırda əsasən İran və İsrail arasında müşahidə olunan qarşıdurma çoxcəbhəli regional müharibəyə çevrilə bilər. Bu isə Yaxın Şərqin təhlükəsizlik arxitekturasına ciddi təsir göstərəcək və beynəlxalq səviyyədə yeni siyasi-hərbi proseslərə yol aça bilər”.
Politoloq vurğulayıb ki, hazırda regionda vəziyyət olduqca kövrək tarazlıq üzərində dayanır: “Hadisələrin məhdud hərbi əməliyyatlarla yekunlaşması və ya daha böyük müharibəyə çevrilməsi tərəflərin yaxın dövrdə nümayiş etdirəcəyi strateji təmkinlilikdən, eləcə də beynəlxalq diplomatiyanın böhranı idarə etmək imkanlarından asılı olacaq”.

Günel Elxan