“İsveçrə Almaniya ilə əməkdaşlıq edib” Gündəm

“İsveçrə Almaniya ilə əməkdaşlıq edib”

“İsveçrənin İkinci Dünya müharibəsi dövründəki neytrallıq statusu 1815-ci ildən beynəlxalq hüquqla tanınsa da, müharibə illərindəki ticarət və sənaye əlaqələri bu prinsiplə tam uyğun olmayıb”.

Bunu deputat Naqif Həmzəyev Xalqcebhesi.az-a açıqlaması zamanı deyib.

O qeyd edib ki, İsveçrə bankları — xüsusilə İsveçrə Milli Bankı — Nazi rejiminin qızıl əməliyyatlarında mühüm rol oynayıb və bu əməliyyatlar Almaniyaya strateji valyuta çıxışı təmin edib.

Deputat həmçinin İsveçrə sənayesinin alüminium, dəqiq mexanika, aviasiya komponentləri və kimyəvi məhsulların Luftwaffe və digər hərbi istehsal sahələrinə dolayısı ilə dəstək verdiyini vurğulayıb.

Naqif Həmzəyev bildirib ki, 1940-1941-ci illərdə açılan kredit xətləri Almaniyaya malları dərhal ödəmədən idxal etməyə imkan yaradaraq İsveçrəni iqtisadi baxımdan Almaniyaya bağlı edib: “Bəzi İsveçrə şirkət rəhbərləri həmin dövrdə ideoloji simpatiyalarını gizlətməyərək fəal işbirliyinə yol veriblər. Bütün bu faktlar İsveçrənin hüquqi baxımdan neytral olsa da, əxlaqi məsuliyyət baxımından mürəkkəb mövqe tutduğunu göstərir. Bu əməkdaşlıq müharibənin nəticəsini dəyişməsə də, Almaniyanın hərbi maşınının davamlılığını asanlaşdırıb və İsveçrənin mövcudluğunu qorumaq üçün atdığı addımlar ilə əxlaqi məsuliyyət arasındakı gərginliyi açıq şəkildə ortaya qoyur.

Günel Elxan