“Tramp administrasiyasının Lukaşenko hökumətinə münasibəti heç də pis deyil” Gündəm

“Tramp administrasiyasının Lukaşenko hökumətinə münasibəti heç də pis deyil”

“ABŞ və Belarus arasında müəyyən anlaşmalar mövcuddur. Tramp hakimiyyətə gəldikdən sonra Belarusla müəyyən məsələlər barəsində az da olsa razılaşmalar əldə olunub. Yəni ən azı danışıqlar aparılıb və belə görünür ki, Tramp administrasiyasının Lukaşenko hökumətinə münasibəti heç də pis deyil, normaldır”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Zeynal Əmrəliyev deyib.

O qeyd edib ki, xüsusilə Belarus ABŞ-nin xahişi əsasında siyasi məhbusların çoxunu azad etdi: “Bu da müəyyən dərəcədə razılaşma meyillərini gücləndirir. İndi isə Belarusun ABŞ-dən gözlədiyi ölkəyə investisiya qoyulması və kreditlərin ayrılması məsələsidir. Lukaşenko bu məsələlərdə ona görə güzəştə getdi ki, ölkəyə investisiyalar cəlb edə bilsin. Yəni Qərb şirkətlərinin Belarusa gəlməsini təmin edə bilsin və hansı ki, Belarusa qarşı müəyyən dərəcədə sanksiyalar tətbiq edilmişdi, həmin sanksiyalardan azad olunması istiqamətində həm Avropa İttifaqı, həm də ABŞ tərəfindən addımlar atılsın”.

Z.Əmrəliyevin bildirdiyinə görə, ümumilikdə Belarusun həm turizm, həm kənd təsərrüfatı sahəsi ilə bağlı çox geniş prioritetləri, imkanları var: “Bu imkanlardan maksimum şəkildə Avropaya kənd təsərrüfatı məhsullarının idxalı olsun, Belarusun özünün turizm potensialı olsun bundan istifadə bilər. Bunun üçün də investisiyalara ehtiyac var. Düşünürəm ki, növbəti razılaşmalarda Lukaşenkonun dediyi həmin məsələ məhz budur”.

Röya İsrafilova