Nazirlik tələbə və məzunlar üçün aktiv məşğulluq tədbiri keçirib İqtisadiyyat

Nazirlik tələbə və məzunlar üçün aktiv məşğulluq tədbiri keçirib

Əmək və Əhalinin Sosial Müdafiəsi Dövlət Məşğulluq Xidməti tərəfindən "Karyerada ilk addım" devizi altında Turizm Universitetində aktiv məşğulluq tədbiri keçirilib. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics"ə verilən məlumata görə, DMX rəisi Anar Bədəlbəyli bildirib ki, həyata keçirilən aktiv məşğuluq tədbirlərində gənclərin iştirakına xüsusi önəm verilir. Xidmət rəisi diqqətə çatdırıb ki, təkcə cari ilin 9 ayında məşğulluq orqanları tərəfindən münasib işlə təmin olunanların 41%-ni (9 235 nəfər), peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilənlərin 75,4%-ni (2 094 nəfər), əmək birjaları vasitəsilə müvəqqəti işlərə göndərilənlərin 45%-ni (1 389 nəfər) məhz gənclər təşkil edib. Həmçinin bu dövrdə 72 857 nəfər gəncə gələcəkdə düzgün peşə seçiminə köməklik üçün peşəyönümü məsləhətlərinin verildiyi bildirilib. "Karyerada ilk addım" devizi altında keçirilən bu tədbirlərin də əsasən gənclərdən ibarət olan tələbə və məzunların əmək bazarına çıxışına şərait yaradılması məqsədinə yönəldiyi diqqətə çatdırılıb. Tədbirdə iştirak edən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov belə tədbirlərin əmək fəaliyyətinə başlamaq ərəfəsində olan gənclərimiz üçün xüsusi önəmini vurğulayıb. O bu aktiv məşğulluq tədbirinin universitetin tələbə və məzunlarının əmək bazarında iştirak imkanlarına yiyələnmələrində mühüm rol oynayacağına və onların uğurlu karyeralarının başlanğıcı ola biləcəyinə əminliyini ifadə edib. Aktiv məşğulluq tədbirində 55-i özəl, 4-ü dövlət sektoruna aid ümumilikdə 59 müəssisə tərəfindən 262 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim edilib. Boş iş yeri təqdim edilən müəssisələrin nümayəndələrinin də iştirak etdiyi tədbirdə tələbə və məzunlar işəgötürənlərlə ünsiyyət imkanı əldə edərək, mövcud əmək bazarı və əmək bazarında onların yiyələndikləri ixtisaslara olan tələbat barədə məlumatlanıblar. Onlar gələcəkdə işləmək istədikləri müəssisələrin nümayəndələrinə özləri barədə şəxsi məlumatları (CV) təqdim ediblər. Tədbir işəgötürənlər üçün də faydalı olub və onlar gələcəkdə bu və ya digər ixtisaslar üzrə işə qəbul edəcəkləri kadrların seçimini aparmaq imkanı qazanıblar. Təklif olunan boş iş yerlərinə göndərişlər verilməklə bərabər, ixtisasartırma kurslarına və ya boş vaxtları ərzində əmək birjası vasitəsilə müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlər qeydiyyata alınıb. Cari ildə Dövlət Məşğulluq Xidməti 6 ali təhsil müəssisəsində "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirləri keçirib. Bu tədbirlərdə 254 nəfər gəncə boş iş yerlərinə göndəriş verilib, 1 447 nəfər tələbə və məzundan CV-lər qəbul olunub. Respublikamızın ali təhsil ocaqlarında "Karyerada ilk addım" devizi altında tədbirlər qarşıdakı dövrdə də davam etdiriləcək. Qeyd edək ki, aktiv məşğulluq tədbiri nazirliyin fəaliyyətində gənclərin, o cümlədən ali təhsil müəssisələrinin yuxarı kurs tələbələrinin və məzunlarının əmək bazarına inteqrasiyasının dəstəklənməsi və səmərəli məşğulluğunun təmin olunması məqsədilə keçirilir.