Qazıntı yanacağının yandırılmasına tamamilə son verilməlidir - Antonio Quterreş İqtisadiyyat

Qazıntı yanacağının yandırılmasına tamamilə son verilməlidir - Antonio Quterreş

Qazıntı yanacağının yandırılmasına tamamilə son verilməlidir, qlobal istiləşməni dayandırmaq üçün istifadəsini azaltmaq kifayət etməyəcək.

Trend xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində dünya iqlim fəaliyyəti sammitində çıxışında deyib.

"Qazıntı yanacağından hazırlanmış yanğınsöndürmə şlanqı ilə planeti xilas edə bilmərik. İstiləşmənin 1,5 dərəcə azalması yalnız yekun nəticədə bütün qazıntı yanacağını yandırmağa son versək, mümkün olacaq", - deyə o vurğulayıb.

Baş katib qazıntı yanacağının hasilatı ilə məşğul olan şirkətləri bərpa olunan enerji mənbələrinə keçid etməyə çağırıb və hökumətlərə o cümlədən, sənaye gəlirləri üzrə gözlənilməyən vergilərdən istifadə yolu ilə bu dəyişikliklərin sürətləndirilməsinə köməklik göstərməyi tövsiyə edib.

"Hökumətləri tənzimləmələr yolu ilə, qanunlar qəbul etməklə, karbon tullantılarına ədalətli qiymətlər müəyyən etməklə, qazıntı yanacağına subsidiyaların ayrılmasına son verməklə və gözlənilməyən gəlir üzrə vergilər qəbul etməklə sənayeyə köməklik göstərməyə çağırıram", - deyə o, əlavə edib.

Xatırladaq ki, dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində dünya iqlim fəaliyyəti sammitinin açılış mərasimi keçirilib.