Aqronomlar üçün elmi seminar İqtisadiyyat

Aqronomlar üçün elmi seminar

"Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC kənd təsərrüfatı məhsulları istehsalçıları arasında maarifçilik tədbirlərini davam etdirir. Səhmdar Cəmiyyətin təşkilatçılığı ilə növbəti elmi seminar istixanalarda fəaliyyət göstərən aqronomlar üçün keçirilib. Cəmiyyətdən bildiriblər ki, görüşdə Səhmdar Cəmiyyətin xarici tərəfdaşı - Rusiyanın "Eurochem" və digər şirkətlərin mütəxəssisləri iştirak ediblər.
Səhmdar Cəmiyyətin idarə heyətinin sədr müavini Elşən Əsədov bildirib ki, son illər həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının ciddi inkişafına səbəb olub. Mədəni əkinçilik prinsiplərinin bərqərar olmasında, məhsuldarlıq göstəricilərinin yüksəldilməsində gübrələrdən istifadə mühüm rol oynayır. Fermerlər müasir texnologiyalardan istifadə etməli, torpağı münbitləşdirən, məhsuldarlığı yüksəldən mineral gübrələrdən normativlər çərçivəsində istifadə etməlidirlər. Bütün dünya ölkələrində suda tez həll olan, üzvi daşıyan mineral gübrələr əkinçilikdə tətbiq olunur. "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC gübrə istehsalı sahəsində qabaqcıl xarici şirkətlərlə əməkdaşlıq edərək həmin gübrələrin ölkəmizin əkin sahələrində istifadə edilməsinə çalışır.
Aqronomlar üçün təqdimatla çıxış edən İspaniyanın "Agroquimica Codiagro" şirkətinin Türkiyə müdiri Mehmet Çiloğlu bitkilərin inkişafında gübrələrin rolu haqda məlumat verib. "Eurochem" şirkətinin satış müdiri Firdausa Yunusova suda tez həll olan mineral gübrələrin texniki göstəriciləri, bitkilərin vegetasiyasına müsbət təsiri haqda danışıb. Bildirib ki, bitkinin məhsuldarlıq göstəricilərinin yüksəldilməsində birbaşa rol oynayan mineral gübrələr bu gün davamlı məhsul əldə olunmasında ən mühüm vasitələrdən biridir. Azərbaycanda fermerlər bir neçə adda gübrələrdən istifadə edirlər, bunların sayı daha da artırıla, intensiv əkinlərin genişləndirilməsi təmin oluna bilər. Bu gübrələrin tərkibindəki mikroelementlər kompleksi bitkinin yarpaqları vasitəsilə tam mənimsənilir, kök sistemini gücləndirir, bitkinin xarici görünüşünü yaxşılaşdırır. İstixana şəraitində məhsul istehsal edən aqronomlar bu cür gübrələrə maraq göstərməlidirlər. Suda tez həll olan gübrələrin digər bir iqtisadi əhəmiyyəti aqrotexniki qulluq zamanı əlavə xərc tələb etməməsidir. Bu gübrələr açıq və qapalı sahələrdə pivot sistemi vasitəsilə suya qarışdıraraq bitkiyə verilir ki, nəticədə quru gübrələrin səpilməsi zamanı tələb olunan texnikaya ehtiyac qalmır.
Çıxış edən digər mütəxəssislər yerli aqronomlar üçün müxtəlif təqdimatlar keçirərək onlara suda tez həll olan, ekologiyaya mənfi təsir göstərməyən mineral gübrələrin, digər bitkiçilik dərmanlarının texniki göstəricilərini nümayiş etdiriblər. Verilən elmi məlumatlar, yeniliklər aqronomlar tərəfindən yüksək qiymətləndirilib, mövzular ətrafında müzakirələr aparılıb və çoxsaylı suallar cavablandırılıb. "Ərzaq məhsullarının tədarükü və təchizatı" ASC maarifləndirici görüşlərin keçirilməsini davam etdirəcək.