Bank sektorunda böhran simptomları İqtisadiyyat

Bank sektorunda böhran simptomları

Samir Əliyev: "Mərkəzi Bankın ilin əvvəlində gördüyü sərt tədbirlər sistemdə illərlə yığılıb qalmış xroniki xəstəlikləri üzə çıxarmağa başlayıb"

"Mərkəzi Bankın ilin əvvəlində gördüyü sərt tədbirlər uzunmüddətli dövr üçün bank sistemini xilas etməyə yönəlsə də, çox keçməmiş sistemdə illərlə yığılıb qalmış xroniki xəstəlikləri də üzə çıxarmağa başladı".
İqtisadçı ekspert Samir Əliyev Mərkəzi Bankın aprel ayı üzrə statistik göstəricilərini şərh edərkən "Media forum" saytına belə deyib.
Ekspertin fikrincə, əslində bu, gözlənilən hadisə idi: "Çünki bankların uzun müddət yürütdüyü məsuliyyətsiz kredit siyasəti, kredit risklərini düzgün qiymətləndirməməsi, istehlak kreditləşməsi bazarından asılılığının artması onların maliyyə dayanıqlığını gec-tez zərbə altına qoymalı idi. Bank sektorunda böhranın simptomları getdikcə özünü daha qabarıq göstərir. Zərərlə işləyən bankların sayı artıq 11-ə çatıb. Halbuki ilin əvvəlində cəmisi 4 bankın maliyyə vəziyyəti pis idi. Bankların zərəri 34 milyon manat həddindədir.
Digər problem vaxtı keçmiş kreditlərlə bağlıdır. Problemli kreditlərin həcmi artıq 895,6 milyon manata, ümumi kredit qoyuluşunda bunların payı isə 10 ay əvvəlki həddə - 5,5 faizə çatıb. Bu o deməkdir ki, bankların ölkə iqtisadiyyatına yönəltdiyi hər 100 manatın 5,5 manatı geri qayıtmır. Bu, kritik hədd sayılmasa da, prosesin ona doğru getdiyi şübhəsizdir.
Problemli kreditlərin həcmi son 1 ildə 18,7 faiz, 2014-cü ilin 4 ayında isə 13 faiz artıb. Cari ildə 102,8 milyon manatın taleyi sual altına düşüb. Halbuki ötən il bu göstərici 44 milyon manata bərabər olub. Problemli kreditlərin həcmi hətta 2003-cü ildə ölkə iqtisadiyyatına yönəldilmiş kredit qoyuluşundan da çoxdur.
İstehlak kreditlərinin həm həcmi, həm də payı artmaqda davam edir. Aprel ayında kredit qoyuluşu 356 milyon manat artıb ki, bunun 152 milyon manatı istehlak kreditlərinin payına düşür. İstehlak kreditlərinin həcmi 6,6 milyon manatdan çoxdur. Ümumi kreditləşmədə payı isə 40,7 faizə çatıb".
Samir Əliyev deyib ki, əmanətlərin orta illik faiz dərəcəsində azalma var: "Azalma daha çox manatla yatırılan əmanətlərdədir. Bu göstərici ilin əvvəlindəki 9,42 faizdən 9,16 faizə düşüb. Son bir ildə azalma 0,4 faiz təşkil edib. Ötən ilin müvafiq dövründə orta faiz dərəcəsi 9,55 faiz idi.
Kreditlərin orta illik faiz dərəcəsi isə aprelin sonuna ilin əvvəli ilə müqayisədə artaraq 14,13 faizdən 14,20 faizə yüksəlib. Artım həm milli, həm də xarici valyutada müşahidə edilib".