“Təlxək”dən qoxanlar Siyasət

“Təlxək”dən qoxanlar

Rusiyada yaşayan azərbaycanlılar Jirinovskinin təhqirlərinə ıükutla "cavab verirlərp"

"Çox təəssüf ki, Rusiyada yaşayan azərbaycanlılar, "Milyarderlər klubu"nun üzvləri və digərləri indiyədək Jirinovskiyə ertiraz məktubları göndərməyiblər. Hesab edirəm ki, əgər azərbaycanlılar Rusiya daxilində bir neçə il bundan qabaq Jirinovskinin sərsəm fikirlərinə münasibət bildirsəydilər, o özünü yığışdırardı. O, başa düşərdi ki, Rusiyada yaşayan 2 milyondan çox azərbaycanlı var və onlar seçkilərdə Jirinovskinin əleyhinə səs verərlər".
Bunu Trend-ə açıqlamasında Milli Məclisin üzvü, tarixçi, professor Musa Qasımlı Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovskinin Azərbaycan xalqının ünvanına söylədiyi təhqiramiz ifadələrə münasibət bildirərkən deyib.
Musa Qasımlının fikrincə, Jirinovski müəyyən bir qrupun sifarişini yerinə yetirir.
Millət vəkilinin sözlərinə görə, Jirinovski türkoloq olsa da, türk xalqlarının, o cümlədən Azərbaycan xalqının tarixini çox pis bilir: "Siyasi sifarişi yerinə yetirməzdən əvvəl Jirinovski düşünməliydi: Kremli hansı xalqın nümayəndələri tikib? Rusiya Şərqşünaslıq elminin banisi, əsasını qoyan hansı xalqın nümayəndəsidir? "Rus artilleriyasının Allahı" hansı xalqın nümayəndəsidir? Rusiya müsəlmanlarının lideri hansı xalqın nümayəndəsi olub? I Dünya Müharibəsi illərində Rusiya süvari hissəsinin ən görkəmli komandiri olan general hansı xalqın nümayəndəsi olub? Müsəlman Şərqinin ilk cümhuriyyətini hansı xalq yaradıb? II Dünya müharibəsi illərində Moskvanı, Leninqradı, Stalinqradı faşist işğalçılarından qoruyan görkəmli hərbçilər içərisində onun tanımadığı, qəbul etmədiyi xalqın nümayəndələri də olub. Nəhayət, Jirinovski belə bir suala cavab verməliydi: Sovet kosmonavtlarını son olaraq kosmosa yola salan dövlət komissiyasının sədri hansı xalqın nümayəndəsi idi? Əgər Jirinovski bu məsələləri xatırlasaydı, heç bir zaman siyasi sifarişi yerinə yetirməzdi".
Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov isə Jirinovskini xəstə adlandırıb. Siyavuş Novruzov bildirib ki, Jirinovski hələ ötən əsrin 70-ci illərində Sovet İttifaqının Türkiyədəki səfirliyində işləyəndə orada kommunist-sosialist idealogiyasının təbliği ilə məşğul olduğuna görə, Türkiyə hökuməti tərəfindən həbs olunub və zindanda saxlanılıb. Ondan sonra "persona non-qrata" elan olunub: "Buna görə də Jirinovskinin Türkiyə və Azərbaycana qarşı daxili nifrəti var, mütəmadi olaraq, məqamı düşdü-düşmədi, Azərbaycan haqqında nalayiq fikirlər söyləyir, xəstə təfəkkürünün, təxəyyülünün məhsulunu ortaya qoyur".
YAP rəsmisi qeyd edib ki, istər Rusiyada, istər Qərbdə, istərsə də beynəlxalq təşkilatlarda Jirinovskini insan kimi yox, təlxək kimi qəbul edirlər: "Jirinovski şahın təlxəyi rolunu oynayır. Qədim dövrlərdə saraylarda şahın təlxəyi olurdu ki, şahın bəyəndiyi sözlər deyirdi, ifadələr işlədirdi, atılıb-düşürdü, şou göstərirdi. Bu gün isə Jirinovski Rusiya parlamentində təlxəkliklə məşğuldur".
Rusiyada yaşayan Azərbaycan diasporunun fəallarının, o cümlədən Abbas Abbasov, Söyün Sadıxovun Jirinovskinin bəyanatını cavabsız qoymalarından təəssüfləndiyini deyən deputat bildirib ki, onların heç biri Jirinovskinin bəyanatlarına reaksiya vermir, əslində isə gərək onların hamısı buna ciddi şəkildə reaksiya verə, mitinq, nümayiş keçirələr: "Təəssüflər olsun ki, orada olan nə bizim oliqarxlar, nə də digərləri bir fikir ortaya qoymurlar. Bu da ondan irəli gəlir ki, bunların onlardan hansısa çəkinəcəyi var".
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovun qənaətinə görə, Rusiyada yaşayan nüfuzlu, ictimai-siyasi, biznes sahəsində uğur qazanmış azərbaycanlılar Vladimir Jirinovskinin Azərbaycana və azərbaycanlılara qarşı təhqirlərinə münasibət bildirməlidirlər: "Azərbaycandan deyilməsi öz yerində, amma bu sözlərin Moskvadan deyilməsi daha yaxşı olar, daha tez təsirini göstərər. Onlar bu məsələdə susmamalıdırlar".
Azərbaycanlı parlamentarinin sözlərinə görə, Jirinovski təxribatçıdır. Vaxtilə onu səfirlikdə işləyəndə təxribatlarına görə Türkiyədən qovublar. Elə o vaxtdan şovinist xəstə təxəyyülü ilə türk dünyasına, türklərə qarşı həmişə ağzına nə gəldi deyib. Bununla bu adam özünə imic qazanır: "Görünür, Rusiyanın siyasətində bu cür siyasi təlxəklərə ehtiyac var. Vitse-spiker Ziyafət Əsgərov da onun haqqında gözəl deyib ki, Jirinovski xəstə təlxəkdir. Yəni bu adam siyasi təlxəkdir, amma xəstə siyasi təlxəkdir. Bu əvvəldən onun təbiətinə qoyulan bir şeydir. Onun verdiyi izahatın demək olar ki, heç bir əhəmiyyəti yoxdur. Vaxtilə bizimkilər Peterburqa təhrif edilmiş formada Fitelbörg deyirdilər. Sizə deyim ki, Peterburqa Fitelbörg demək onun Azərbaycanı Xəzəri dənizi qırağında yaşayanlar kimi izah etməsindən daha məntiqlidir. Birincisində yenə heç olmasa, poeziya, etnoqrafiya var, bunda o da yoxdur. Yəni bu adam özünü gülünc yerinə qoyub. Jirinovski bədbəxt adamdır. Biz ona daha nə deyək? Onsuz da nə desək, heç bir əhəmiyyəti yoxdur".
Bununla belə Nizami Cəfərov hesab edir ki, Rusiyada yaşayan nüfuzlu azərbaycanlı ictimai-siyasi xadimlər, tanınmış iş adamları məsələyə mütləq münasibət bildirməlidirlər: "Hər halda Jirinovskinin Azərbaycan və azərbaycanlılar haqqında təhqiramiz ifadələr işlətməsi nə bir, nə də ikinci dəfə deyil. O, çox belə hərəkətlər edib və yəqin ki, bundan sonra yenə də edəcək. Onsuz da ona cavab verib onu susdurmaq mümkün deyil, çünki xəstəni susdurmaq olmur. Amma hər halda müxtəlif formalarda Rusiya mətbuatında, ictimai yerlərdə ona qarşı reaksiya vermək lazımdır. Rusiyada xeyli nüfuzu olan azərbaycanlılar var. Onlar Dövlət Dumasına məktub yaza bilərlər ki, belə şeylərdən əl çəkilsin və yaxud Rusiya mətbuatında "Özünü yığışdır!" məzmunlu məqalə yaza və ya müsahibə verə bilərlər. Ondan sonra Jirinovski istəyər özünü yığışdırsın, istəyər yığışdırmasın. Amma bu məsələdə susmaq da olmaz. Gərək deyilsin, müqavimət göstərilsin".
Xatırladaq ki, Jirinovski çıxışında qeyd edib: "Azərbaycan rus dilinə tərcümədə nə deməkdir? Azər - Xəzər dənizi, baca - yəni yer deməkdir. Yəni Xəzər dənizinin ətrafında yaşayanlar. Rusca xəzərlilər. Bu millət deyil axı".