“İnsanlarda yüksək əhval-ruhiyyə var” Siyasət

“İnsanlarda yüksək əhval-ruhiyyə var”

Bahar Muradova: "Heç kəs cəbhə bölgəsini tərk etməyib"

"Azərbaycan ordusunun əldə etdiyi nailiyyətlərə görə, insanlarda yüksək əhval-ruhiyyə var, İndi Azərbaycan 90-cı illər səviyyəsində deyil". Bu sözləri Milli Məclis sədrinin müavini Bahar Muradova parlamentin iclasında deyib. Vitse-spiker qeyd edib ki, heç kəs cəbhə bölgəsini tərk etməyib. "Hamı öz iş-gücündədir. Mülki əhali bu gün özünü səngərdə hiss edir. Heç bir kəs öz yerindən tərpənmədən həyatlarına davam edir. Əsas istəkləri də odur ki, başlanan bu iş sona çatsın. Erməni ordusu işğal olunan ərazilərimizi tərk etsinlər". B.Muradova vurğulayıb ki, bu haqq işi mütləq sona çatacaq və şəhidlərimizin qanları yerdə qalmayacaq. "Bunun üçün də şəhidlərimiz öz qanlarını Vətən uğrunda tökdülər. Daxilən qürur duyduğum bir məqam var ki, bu dəfəki vəziyyət fərqlidir. Mülki əhali tamamilə başqa əhval-ruhiyyədədir. Bir gözü ağlayan digər gözü gülən şəhid analarının qüruru var ki, övladları Vətən uğrunda qəhrəmancasına həlak olublar". O bildirib ki, döyüş əməliyyatlarının video-görüntüləri sosial şəbəkələr və xəbər saytlarında yayılmamalıdır: "Bu məsələlərə diqqət etmək lazımdır".