
Önəmli etiraf
13:06
Azərbaycan ordusunun keçirdiyi əməliyyatla Qarabağdakı erməni silahlılarının yollarını bağlaması onları məcburi addımlar atmağa sövq edəcək. Bu yollar onlar üçün həyatı əhəmiyyət kəsb edən yollardır. Yolların bağlanması praktiki olaraq qanunsuz birləşmələrin mühasirəyə düşməsi deməkdir. Bu isə ermənilər üçün qəbuledilməzdir.
Bunu "Xalq Cəbhəsi"nə politoloq Azər Qasımov deyib.
Onun sözlərinə görə, on mindən çox silahlı kontingent üçün bu, təslim olmaq kimi bir vəziyyətdir. Ona görə də böyük ehtimalla erməni tərəfi bu yolu açmağa cəhd edəcək:
"Göründüyü kimi ciddi müharibə ehtimalı böyükdür. Belə durumda müharibə olacaqsa, artıq sona kimi olacaq, çünki tərəflərdən birinin nəticə almayacağı durum mənasız olacaq. Erməni tərəfi ya özü üçün yolu açmalıdır, ya da məhv olmağı seçməlidir, ən yaxşı halda Qarabağdan çıxmalıdır. Azərbaycan tərəfinin isə yolu açıb, geri çəkilməsi mümkün deyil. Bu, məğlubiyyətə bərabər olar.
Çıxış yolu kimi Azərbaycan bu yolları açıb, Laçın-Görus təmas nöqtəsində nəzarət postu qurmaqla vəziyyəti sakitləşdirmək yoluna gedə bilər, amma bunun da dolayısı ilə erməni tərəfini razı edəcəyi zəif ehtimaldır, çünki yenə də erməni birləşmələri lojistikadan məhrum olunacaqlar. Deməli, son və ciddi qarşıdurma qapıdadır".
Cavid