“Səylərimizdən geri çəkilməməliyik” Siyasət

“Səylərimizdən geri çəkilməməliyik”

AŞ PA sədri: "Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə danışıqları davam etdirəcəyəm"

Avropa Şurası Parlament Assambleyasının sədri Pedro Aqramunt jurnalistlərlə ənənəvi görüşündə AŞPA yaz sessiyasının yekunları barədə açıqlama verib.
Sessiya ərzində Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə ayrı-ayrılıqda görüşdüyünü deyən P. Aqramunt, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr apardığını bildirib: "Biz bu həftə Dağlıq Qarabağ və eyni zamanda, Avropadakı digər dondurulmuş münaqişələrlə bağlı müzakirələr apardıq. Faktdır ki, əslində bu münaqişələr "dondurulmuş" deyil. Bunlar yavaş-yavaş alovlanan və davamlı olaraq bizim üzv ölkələrin və ümumiyyətlə, Avropanın təhlükəsizlik və stabilliyini sarsıdır. Dağlıq Qarabağ bölgəsindəki təmas xəttində son gərginliklər onu göstərir ki, bu münaqişə çox sürətlə əsl müharibəyə çevrilə bilər və biz bunu qəbul edə bilmərik. Bizim parlamentar kimi işimiz tərəflərin bu gərginliklərə imkan verməmələrinə, aralarında danışıqların aparılmasına, qarşılıqlı etimadın yaradılmasına çalışmaq və yeri gəldikdə, tərəfləri danışıqlar masasına əyləşdirmək üçün onlara yardım etməkdir. Mən bu həftə ayrı-ayrılıqda Azərbaycan və Ermənistan nümayəndə heyətləri rəhbərləri ilə görüşlər keçirdim. Mən tərəfləri gərginliyi azaltmağa və onsuz da bu illər ərzində vəziyyəti gərginləşdirən kəskin ritorikadan boyun qaçırmağa çağırdım. Tərəflər arasındakı mövqelər çox fərqli olsa da, biz yenə də öz səylərimizdən geri çəkilməməliyik. Burada yeganə alət yalnız dialoqdur. Mən hər iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri ilə danışıqları davam etdirəcəyəm. Ümid edirəm ki, aradakı gərginliyi azaltmağa nail olacağıq".