“Gebbelssayağı təbliğatın heç bir əhəmiyyəti olmayacaq” Siyasət

“Gebbelssayağı təbliğatın heç bir əhəmiyyəti olmayacaq”

Vahan Martirosyan: "Azərbaycanın və azərbaycanlıların Ermənistanın qeyri-legitim rəhbərliyinin erməni xalqına təlqin etdiyi yalançı düşmən obrazı ilə heç bir əlaqəsi yoxdur"

Xəbər verdiyimiz kimi, keçən ilin sentyabrında həyat yoldaşı və azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq Azərbaycana gələn Ermənistan "Milli Azadlıq Hərəkatı" təşkilatının rəhbəri Vahan Martirosyan bir neçə gün əvvəl ailəsi ilə birlikdə üçüncü ölkəyə yola salınıb.
Amma onun hansı ölkəyə getdiyi açıqlamayıb.
Xatırladaq ki, o, rəhbərlik etdiyi müxalifyönümlü qurumun fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalmış və ölkəsindən qaçmağa məcbur olmuşdu.
Vahan Martirosyan Bakıdan gedəndən sonra mətbuata müraciət göndərib. O, Azərbaycana və azərbaycanlılara ailəsi ilə burada olduğu müddətdə onlara göstərilən qayğı, diqqət və qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Onu da etiraf etməyi özünə borc bilib ki, onun qısa vaxt ərzində tanımaq imkanı əldə etdiyi Azərbaycanın və azərbaycanlıların Ermənistanın qeyri-legitim rəhbərliyinin erməni xalqına təlqin etdiyi yalançı düşmən obrazı ilə heç bir əlaqəsi yoxdur və ola bilməz.
Martirosyan əmindir ki, Gebbelssayağı aparılan bu təbliğatın heç bir əhəmiyyəti və təsiri olmayacaq. Ən azı ona görə ki, deyilənlərin və yazılanların əksinə olaraq Bakıdakı erməni kilsəsi öz yerindədir. Bakıda və ölkənin müxtəlif guşələrində 40 min erməni yaşayır, Azərbaycanda erməni dilində televeriliş yayımlanır, qəzet çıxır və s.
Vahan Martirosyan iki xalq arasına nifaq salanları lənətləyir və ümid edir ki, tarix və zaman onların cəzasını verəcək: "Əmin ola bilərsiniz, gələcəkdə harada və hansı ölkədə olacağımdan asılı olmayaraq mənim ölkəmi zəbt etmiş, mənim kimi ermənilərə, eləcə də siz azərbaycanlı əzizlərimə qarşı çoxlu və ağır cinayətlər törətmiş siyasi və hərbi quldurlarla bütün mümkün vasitələrlə və var gücümlə mübarizə apacağam".