“Azərbaycan BMT-yə üstünlük verməlidir” Siyasət

“Azərbaycan BMT-yə üstünlük verməlidir”

Mübariz Əhmədoğlu: "Həmsədrlər Madrid prinsiplərinin yenilənmiş variantına qarşı inkarçılıq mövqeyində durublar"

"Nə üçün Azərbaycan ATƏT MQ-yə deyil, BMT-yə üstünlük verir sualının cavabı çox sadədir. ATƏT-in Minsk qrupu həmsədrləri Madrid Prinsiplərinin Yenilənmiş variantına qarşı inkarçılıq mövqeyində durublar". Bu fikirləri politoloq Mübariz Əhmədoğlu səsləndirib: Onun sözlərinə görə, Madrid Prinsiplərinin Yenilənmiş variantı və ya Yenilənmiş Madrid Prinsipləri 2009-cu il iyulun 10-da İtaliyanın Akvil şəhərində G-8 sammiti zamanı ATƏT MQ həmsədr ölkə prezidentləri Barak Obama, Dmitri Medvedyev və Nikola Sarkozi tərəfindən imzalandı: "Yenilənmiş Madrid Prinsiplərinin 6 maddəlik prinsiplərini 3 mühüm mərhələyə bölmək olar:
I. Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycanın nəzarətinə qaytarılır.
II. Dağlıq Qarabağa aralıq statusu verilir. Aralıq status ATƏT-də qeydiyyatdan keçir. Aralıq status fəaliyyətdə olduğu dövrdə Dağlıq Qarabağ azərbaycanlılarının Dağlıq Qarabağa qayıtmasına şərait yaradılır.
III. Dağlıq Qarabağ erməniləri və Dağlıq Qarabağ azərbaycanlıları uzun müddət birgə yaşadıqdan sonra Dağlıq Qarabağın yekun statusunu müəyyən edirlər.
ATƏT MQ həmsədrləri Yenilənmiş Madrid Prinsiplərinin əsas mahiyyətini-mərhələliliyi rədd ediblər. Onların fikrincə, Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılması və Dağlıq Qarabağın yekun statusunun müəyyən olunması bir-birinə möhkəm bağlıdır. Bu ATƏT MQ həmsədrlərinin öz prezidentlərini, beynəlxalq ictimaiyyəti aldatmasıdır.
BMT TŞ-nin 4 qətnaməsində erməni işğalçı qoşunlarının Azərbaycanın işğal olunmuş bütün ərazilərindən, o cümlədən Dağlıq Qarabağdan çıxması tələb kimi qoyulub. BMT TŞ-nin 4 qətnaməsini dəstəkləməklə rəsmi Bakı həm də Yenilənmiş Madrid Prinsiplərini dəstəkləyir.
Əgər ATƏT MQ həmsədrləri Yenilənmiş Madrid Prinsipləri əsil mahiyyəti üzrə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə başlayarlarsa, Azərbaycan Yenilənmiş Madrid Prinsiplərinə daha güclü dəstək verə bilər. Çünki Yenilənmiş Madrid Prinsiplərinin 1-ci maddəsi Dağlıq Qarabağ ətrafındakı ərazilərin Azərbaycana qaytarılmasından ibarətdir.
BMT TŞ –nin 4 qətnaməsində isə bütün ərazilərin və həm də bir mərhələyə Azərbaycana qaytarılması nəzərdə tutulur. Yenilənmiş Madrid Prinsiplərində isə torpaqlar 2 mərhələyə qaytarılır.
Kompromis necə olur?!".